Bu təşəbbüsə cavab destruktiv mövqe olmamalıdır!
Qərb qonşumuzun illərdir davam edən xainliyinə baxmayaraq, dövlətimiz müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq niyyətindədir. Sözdə barışıq tərəfdarı olduğunu iddia edən Ermənistanın isə əməlləri dedikləri ilə ziddiyyət təşkil edir.
Hər dəfə bir bəhanə ilə sülh müqaviləsinin imzalanmasından boyun qaçıran, danışıqlar zamanı başqa, danışıqlardan sonra isə bir başqa yanaşma ortaya qoyan Nikol Paşinyan havadarlarının dəstəyi ilə təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olmur, eyni zamanda, bütövlükdə Cənubi Qafqazı münaqişə ocağına çevirməyə çalışır. Ermənistanın sərgilədiyi destruktiv davranışın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe hayları səfalətə sürükləyir.
Son vaxtlarda Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılar Azərbaycanın suveren hüquqları çərçivəsində Laçın yolunda sərhəd-keçid məntəqəsi qurması və nəzarət tədbirlərini gücləndirməsi fonunda Xankəndidə guya etnik erməni azlığının “humanitar böhran”la üzləşdiyi barədə hay-küy qaldırıblar.
Ermənilər dünyanı öz cəfəng yalanlarına inandırmağa çalışırdılar ki, guya buraxılış məntəqəsində Azərbaycan tərəfi haylara qarşı qərəz nümayiş etdirir. Lakin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddiasını birmənalı şəkildə rədd etdi.
Haylar anlamır ki, Laçın sərhəd-buraxılış məntəqəsi Qarabağda yaşayan ermənilərin Ermənistan ilə təhlükəsiz əlaqəsinin təmini üçün humanitar məqsədlə yaradılıb. Bəs, Azərbaycanın bu humanist addımının qarşılığında Ermənistan nə edir? Onu edir ki, havadarlarının dəstəyi ilə regionda sülh və əməkdaşlıq prosesinə mane olmaq, gərginliyi artırmaq məqsədilə müxtəlif istiqamətlərdə təxribatlar törədir, yalan informasiyalarla istər mətbuatda, istərdə də sosial şəbəkələrdə beynəlxalq ictimai rəyi çaşdırmağa, Azərbaycan əleyhinə çevirməyə cəhd göstərir. Elə rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı da əsassız və sübutu olmayan iddialar silsiləsindəndir. Lakin hadisələrin gedişatı onu sübut edir ki, Ermənistanın iddiaları əsassızdır və Azərbaycanın ədalətli, haqlı mövqeyini sabotaj edə bilməz. Azərbaycan bütün platformalarda İrəvanın qondarma iddialarının ifşası ilə bağlı situasiya formalaşdırıb - bunun ən real görüntüsü isə BMT Təhlükəsizlik Şurasında (TŞ) aparılan müzakirələr idi. BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bir daha Azərbaycanın dünyada nüfuzunu, Ermənistanın isə kapitulyasiya olunmuş ölkə kimi diplomatiyasının da tam iflasa uğradığını göstərmiş oldu. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hər hansı sənədin qəbul edilməsi üçün bütün qüvvəsini səfərbər etsə də, həmişə olduğu kimi Ermənistanın bu cəhdləri də nəticəsiz sonlandı. Bu, Ermənistanın, eləcə də onun havadarlarının BMT-də ikinci fiaskosu idi. Xatırladaq ki, ötən il Fransa və Ermənistan tərəfindən Laçın yolu məsələsinin BMT TŞ-də qaldırılmasına cəhd edilmiş, onların bu addımı da nəticə verməmiş və iflasa uğramışdı.
İndiki mərhələdə hədəf 2023-cü ili tarixə sülh ili kimi həkk etmək niyyətidir. Ötən müddətdə bir sıra yeni reallıqlar meydana çıxıb. Laçın dövlət sərhəd buraxılış məntəqəsinin qurulması, Azərbaycanın öz suveren ərazilərinə nəzarət funksiyasına sahib olmaq uğrunda apardığı uğurlu fəaliyyət, eyni zamanda, ermənipərəst mərkəzlərin beynəlxalq aləmi aldatmaq cəhdlərinin fiaskoya uğraması cəhdləri ölkəmizin siyasətinin düzgün istiqamətləndiyini təsdiqləyir. Ötən bir ildə Azərbaycan prosesə daha çox hakim olub - Ermənistan Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıyıb. Bu isə İrəvanın həm də Xankəndini Azərbaycanın suveren ərazisi kimi tanıması deməkdir. Bu baxımdan da sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, əməkdaşlıq platformalarının formalaşdırılması daha çox rəsmi İrəvanın maraqlarına xidmət edir. Sülhün əldə edilməsi onları siyasi-iqtisadi asılılıqdan xilas edə, müstəqil ölkə kimi ortaya çıxara bilər. Bunun üçün isə Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməli, regionda sabitliyin formalaşmasına töhfə verməlidir.
Azərbaycanın sülhlə bağlı mövqeyi nə qədər humanist olsa da, “qırmızı xətt”imizdə bəllidir: Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir iddia mümkünsüzdür. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bunu həm Ermənistan, həm onun havadarları, həm də qondarma rejim nümayəndələri birmənalı şəkildə dərk etməlidirlər. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər. Digər tərəfdən, Ermənistanın qondarma separatçı quruma “yardımları” da fiaskoya məhkumdur - Azərbaycanın daxili işi olan Qarabağa hər hansı bir dövlətin müdaxiləsi yolverilməz və qəbulolunmazdır.
Bir sözlə, Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Bunun başqa yolu yoxdur! Tək yol sülhdür!
Yaqut Ağaşahqızı, “İki sahil”
Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli
Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli