31 avqust 2023 23:46
500

Mən demişdim...

Künc zərbəsi

Azərbaycan dövlətinin atdığı strateji addımların “ideya müəllifliyi” yarışına çıxmış Əli Kərimlinin və İlqar Məmmədovun menyüsuna

Biz ixtisasından, savadından, dünyagörüşündən asılı olmayaraq siyasi fikir yürütməyi, proqnozlar verməyi, polemikaya girməyi sevən xalqıq. Aylardır, illərdir görüşməyən iki nəfər qarşılaşıb bir stəkan çay içmək üçün bir yerdə oturdumu, qısa hal-əhvaldan sonra söhbət mütləq hərlənib-fırlanıb siyasətə gələcək. Qulaq assan çox şey öyrənmək olar. Məsələn, bilərsən ki, dünyanı idarə edən böyük güclər əslində kimlərdir, Obama müsəlman olmasaydı hələ də ABŞ-a prezidentlik edərdi, marslılar niyə insanlarla münasibət qurmaqdan qaçırlar, Makronun arvadı həqiqətənmi əvvəllər kişi olub və sair. Belə söhbətlərdə, üstəlik, sülh olmasa müharibə olacaq, qara buludlar toplansa yağış yağacaq kimi dünyamızın gələcəyi ilə bağlı fundamental elmi əsaslara söykənən proqnozlarla da tanış olmaq mümkündür. Siyasətbazlığın olmazsa olmazı isə qeyd-şərtsiz rəqabət və üstünlük əldə etdə bilmək üçün “mən demişdim...”, deyə proqnozunun özünü doğrultduğu iddianı qarşındakının gözünə dürtməkdir. Gerçəkdən, bu “mən demişdim...” çox vacib nüansdır. Siyasi baxımdan xeyirdə də işlətmək olur, şərdə də. Qurdalasan, bəlkə də heç nə deməyib ha, ancaq elə ki “mən demişdim...” deyərək qırmızı-qırmızı üzünə durdu, vəssalam, əllərini qaldır, məğlubiyyətini al boynuna, cəzan yüngül olsun.

Sağlam rəqabət yaxşı şeydir. Təbii ki, əgər inkişafa, tərəqqiyə, xeyirli nəsnələrə vəsilə olacaqsa. Ancaq hərəsi özünü hələ cəmi beşcə min üzv toplaya bilmədikləri bir partiyanın sədri kimi təqdim edən yekə-yekə adamlar – AXCP sədri Əli Kərimli ilə REAL partiyasının sədri İlqar Məmmədov “mən demişdim...” üstündə yarışa çıxıb, rəqabət aparırlarsa, kül olsun elə siyasi partiyaların da başına, onların bir iş görə biləcəyinə inanıb xaricdən pul göndərənlərin də. Özü də çayxana “siyasətçilərinin” dədələrinə rəhmət oxutduran Kərimli və Məmmədov Azərbaycan dövləti tərəfindən atılmış elə strateji addımın “ideya müəllifliyini” öz adlarına çıxmaq istəyirlər ki, həmişə həmin mövzuda şəxsi ambisiyaları naminə bütün ali dəyərləri, həmçinin millətin və dövlətin mənafeyini ayaqlar altına atıb ermənilər də daxil, düşmənlərimizin “dəyirmanlarına su tökməklə” məşğul olublar. Təəccüblənirikmi? Xeyr, çünki Azərbaycanın maraqlarını çoxdan erməni lobbisinin nüfuz dairəsində olan bəzi beynəlxalq təşkilatların çirkli pullarından ayrılan qrantlara dəyişmiş bu ikilik həmişə olduğu kimi, müqəddəs Vətən, torpaq, Qarabağ dəyərlərindən üz çevirərək ermənipərəst dairələrin tapşırıqlarını yerinə yetirməkdən əl çəkmirlər və deyəsən, heç əl şəkmək fikirləri də yoxdur.

Əli Kərimli və İlqar Məmmədov heç olmasa Ermənistanın, ermənipərəst Fransanın guya Xankəndi-Laçın yolunun “bağlanması”, bu səbəbdən Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımızın “humanitar böhran”la üzləşmələri bəhanəsi ilə Azərbaycana qarşı qara piar kampaniyası apardığı, dövlətimizin çoxsaylı təzyiqləri qətiyyətlə neytrallaşdırdığı, Qarabağda separatizmin kökünü kəsmək üçün əhəmiyyətli addımlar attığı bir məqamda belə öz xəyanətkar xislətlərindən əl çəkib, ortaya heç olmasa bircə dəfə əsl vətəndaşlıq mövqeyi qoya bilmirlər. Gör hər iki partiya sədri nə gündədirlər ki, Azərbaycan dövlətinin Qarabağda yaşayan ermənilərə Qızıl Aypara Cəmiyyətinin xətti ilə humanitar yardım göndərməsindən və bununla da Ermənistanın, onun havadarlarının fakt qarşısında qalmasından “mən demişdim...” yalanı ilə siyasi dividend qazanmağa çalışırlar. Guya bunlar “Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yardım göndərmək lazımdır” deməsəymişlər, hadisələrin indiki kimi cərəyan etməsinə planlı şəkildə nail olmuş Azərbaycan dövləti humanitar yardımı İran, Gürcüstan, nə bilim, Banqladeş, ən sonda da Ermənistan ərazisindən keçirməklə, “çerez” Laçın sərhəd-buraxılış məntəqəsi, Görus-Laçın-Xankəndi marşrutu ilə gətirəcəkmiş. Ermənilər də Əsgəran ərazisində qarşısını kəsib “bizə türkün (Azərbaycanın) çörəyi lazım deyil” demiyəcəklərmiş...

Əli Kərimlinin və İlqar Məmmədovun bəlkə də bilmədikləri, ya da bilib əməl etmək etikasında olmadıqları “siyasi etika” deyilən bir məfhum var. Ciddi siyasətçiləri çayxana “siyasətçilərindən” fərqləndirən ən vacib məqamlarından biri, hətta birincisi iqtidarı, yaxud müxalifəti təmsil etməyindən asılı olmayaraq əks cəbhənin dövlət və xalq naminə gördüyü yaxşı işi dəyərləndirməkdir, onu abırsızcasına öz adına çıxmaq deyil. “Mən demişdim...” davası aparmaq, üstəlik kimin daha əvvəl dediyini isbatlamağa çalışmaq əli kərimlilərin, ilqar məmmədovların siyasət anlayışlarının ən yaxşı halda elə çayxana səviyyəsində olduğunu göstərir. Daha dəqiqi olduğunu deyil, qaldığını. Gəldikləri yer bəllidir zatən...

Mahir Rəsuloğlu, “İki sahil”