1991-ci ilin oktyabrında Azərbaycan dövlət müstəqilliyinin bərpasını elan edəndən sonra xaricdən və daxildən ölkəmizə təzyiqlər göstərilməyə başlandı. Hətta dövlətdə yüksək vəzifələr tutanların bəziləri xalqı inandırmağa çalışırdılar ki, Azərbaycan müstəqil yaşaya bilməz. Sovet İttifaqının ideoloqları Azərbaycanın “mərkəzin” orbitindən çıxmaması üçün respublikamızın daxilində yerləşdiyi casusları və hərbi mütəxəssisləri də hərəkətə gətirərək müstəqilliyimizi beşiyindəcə boğmağa çalışırdılar. Odur ki, hakimiyyət məsələsi həlledici amil olduğundan dövlət başına onların tapşırıqlarını yerinə yetirən qrupların gətirilməsini vacib hesab edirdilər. Təəssüf ki, kreslo hərisləri Vətən, azadlıq, müstəqillik anlayışlarını bir tərəfə ataraq öz çirkin məqsədlərinə çatmaq-layiq olmadıqları yüksək kresloda oturmaq üçün hər cür alçaqlığa getdilər. Müstəqilliyin elan olunmasından səkkiz ay keçməsinə baxmayaraq əraziləri artıq hissə-hissə işğal edilən Azərbaycanda nizami ordu və Müdafiə Nazirliyi yaradılmamışdı. Hakimiyyəti silahlı çevrilişlə zəbt edən AXC-Müsavat cütlüyü əvvəlki hakimiyyətlərdən nəinki fərqləndi, əksinə, onların bir illik iqtidarı dövründə ərazilərin düşmən əlinə keçməsi daha da sürətləndi. Özbaşına təşkil edilmiş özünümüdafiə batalyonları yalnız öz komandirlərinin əmrini yerinə yetirirdi. Həmin batalyonlar Müdafiə Nazirliyinə tabe deyildi və hər batalyon komandiri öz bildiyi kimi hərəkət edirdi. Yəni, az-çox döyüşən hərbi hissələr vahid mərkəzdən idarə olunmurdu. Ərazilərin müdafiəsi könüllülərin və milisin öhdəsinə buraxılmışdı.
“Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdir. Şuşa alınmaz qaladır. Bunu hər kəs bilir. Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmiş və öz arzusuna çatmışdır."
Bu sözləri Prezident İlham Əliyev mayın 10-da Şuşadan Azərbaycan xalqına müraciətində deyib.
Qarabağ probleminin həllini tapmadığını, hakimiyyətdə olanların ancaq şəxsi mənafelərini düşündüklərini vurğulayan dövlətimizin başçısı qeyd edib: "Talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi, ovaxtkı AXC-Müsavat hakimiyyəti isə Ermənistana yanacaq satırdı. Görün, bu insanlar öz xalqına nə dərəcədə nifrətlə yaşamışlar ki, bu ağır günlərdə öz ciblərini doldurmaq üçün bu çirkin əməllərə də əl atmışlar. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac verdilər".
Belə bir şəraitdə Şuşanın işğal olunduğunu vurğulayan dövlətimizin başçısı ondan sonra faciələrimizin daha da artdığını bildirib: "Şuşa işğal olunandan sonra Laçının taleyi də demək olar ki, böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı".
Kəlbəcərin başının üstünü təhlükə alanda ora toya gəlmiş Ali Sovetin sədri İsa Qəmbər və başqaları yeyib-içib sağlıqlar desələr də kəlbəcərlilərin müdafiəsini xain əllərə tapşırdılar. Şuşanı, Laçını və Kəlbəcəri işğal etməklə Ermənistan əlverişli mövqelərə sahib oldu. "Şuşa getsə başıma bir güllə çaxaram" deyən ovaxtkı müdafiə naziri Rəhim Qazıyev başına güllə çaxmadı və xəyanətlərini davam etdirdi.
Zaman keçdi, qəhrəman xalqımıza utanc gətirənlər tarixin səhnəsindən silindi, yoluna süni əngəllər yaradılan Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə gəldi. Uzaqgörən rəhbərimiz işğal altına düşmüş ərazilərin azad olunması üçün görüləcək ən vacib tədbirləri müəyyənləşdirdi. İlk növbədə atəşkəsə nail oldu, sonra ordunun və iqtisadiyyatın gücləndirilməsini ön plana çəkdi. Müdrik rəhbərin yarımçıq qalan işlərini davam etdirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev misilsiz fəaliyyəti ilə Qarabağın və ona bitişik rayonların azad olunmasına rəhbərlik etdi. Artıq üç ilə yaxındır ki, ərazilərimiz abadlaşdırılır və dağıdılmış şəhər və kəndlərimiz yenidən tikilib-qurulur. Dahi rəhbərimiz Heydər Əliyevin ideyaları Azərbaycanın daha da qüdrətlənməsinə, daha nəhəng hədəflərə çatmasına mayak olacaqdır!
Vəli İlyasov, "İki sahil"
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri