09 may 2023 23:26
467

YAP fəaliyyətə başladığı gündən dövlətə, xalqa xidmət nümunəsi nümayiş etdirir

Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq

Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli yol Azərbaycanın müasir tarixinin ən önəmli hadisələri sırasındadır.  YAP nəinki Azərbaycan tarixində, müasir dünyada ən uğurlu siyasi təşkilatlardan biridir. Bu fikrin təsdiqi YAP-ın yarandıqdan az sonra iqtidar partiyası kimi fəaliyyətə başlamasıdır.  Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. Ümummilli Lider partiyanın gələcəyinə daim böyük inamla yanaşıb. Onun «YAP dünənin, bu günün və gələcəyin partiyasıdır» fikri də bu inamdan və etimaddan irəli gəlirdi. Ulu Öndər Heydər Əliyev bu inamını, həmçinin «Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daim yaşayacaqdır. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvlər gələcəklər, bu partiyanın prinsiplərini günü-gündən yüksəklərə qaldıracaqlar və Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinə xidmət edəcəkdir» fikirləri ilə ifadə edərək onu da əlavə etmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında yaşamaq, yaratmaq hüquqi əldə edibdir. Yeni Azərbaycan Partiyası daim yaşayacaq və Azərbaycan vətəndaşlarının istək və arzularını əks etdirən böyük bir təşkilat olacaqdır.

Ümummilli Liderin böyük inamla səsləndirdiyi bu fikirlər hazırda reallıqda öz əksini tapıb. YAP yarandığı gündən xalqın partiyasına çevrilərək dövlətə, xalqa xidməti fəaliyyətinin əsasına çevirdi. Sözlə əməlinin birliyi, populizmdən uzaqlığı bu siyasi qüvvənin cəmiyyətdə nüfuzunun artmasında əhəmiyyətli rol oynadı. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qeyd etdiyi kimi, YAP nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır.

Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin ən möhtəşəm, güclü siyasi təşkilatı kimi özünü təsdiq edib. Qeyd etdiyimiz kimi, bu gün partiyanın sıralarında 800 minə yaxın üzv birləşib. Yeni Azərbaycan Partiyasının sıralarında bu qədər insanın birləşməsi təbii ki, Heydər Əliyev ideyalarına sədaqətin, həmçinin cənab İlham Əliyevin siyasətinə inamın və bu siyasətin həyata keçirilməsində iştirak etmək istəyinin göstəricisidir.

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının fəaliyyətində  yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilən 5 mart 2021-ci il  tarixdə keçirilən VII qurultayın keçirilməsini zəruri edən əsas amil tarixi Zəfərimizin yaratdığı reallıqlar, partiyanın Proqramında əksini tapan hədəflərin hər birinə yüksək səviyyədə nail olması idi. Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri ərazi bütövlüyümüzün təmin olunması, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması, soydaşlarımızın öz doğma-yurd yuvalarına qayıtmaları idi. Bu hədəf dahi şəxsiyyətin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının Proqramında da öz əksini tapmışdır.

Partiyanın yaranma zərurətini nəzərə alsaq bu qeyd edilən  hədəfə nail olmaq üçün vacib olan addımların aydın mənzərəsini təqdim edə bilərik. Dövlət başçısı, YAP Sədri İlham Əliyev partiyanın VII qurultayında söylədiyi «Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş-1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın» fikirlərlə YAP-ın ölkəmizin həyatında rolunu bir daha təqdim etdi.  Prezident İlham Əliyev bildirdi ki,  yeni bir vəziyyət yaranıb. Bu vəziyyəti biz yaratmışıq. Azərbaycan  reallıqları yaradan ölkədir. Bundan əvvəlki dövrlərdə də ölkəmizin  təşəbbüsləri ilə  reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji diplomatiyası dövlətlər, xalqlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində öz sözünü deyir. Regional çərçivədə qurulan əlaqələr beynəlxalq miqyas alıb.  İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın bu imkanlarını daha da genişləndirdi. Bu gün Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi mövqeyini daha da möhkəmləndirir.

Sıralarında bütün təbəqədən olan insanları birləşdirən, onların  arzu və istəklərini reallığa çevirən YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb.  Partiya daim ölkəmizdə siyasi dialoq mühitinin daha da möhkəmlənməsinə səy göstərib. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki,  Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar həyata keçirilir və bu islahatlar nəticəsində ölkəmizin siyasi sistemində keyfiyyətcə yeni, konstruktiv dialoq və plüralist əməkdaşlıq mərhələsi başlandı. 44 günlük  İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə  50-dən artıq siyasi partiyanın  Prezident İlham Əliyevə dəstəyini birgə qəbul etdikləri bəyanatda ifadə etməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Bu, siyasi partiyalar arasında birliyin, həmrəyliyin bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyev daim bu çağırışı etdirdi ki, nə qədər siyasi partiya olur-olsun bir amal, məqsəd uğrunda mübarizə aparmalı və birlik nümayiş etdirməlidirlər. Bu, müstəqilliyimizin, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsidir.

Qurultayda partiyanın yeni Nizamnaməsinin qəbul edilməsi, yeni Proqramın 3 ay müddətində hazırlanması ilə bağlı İdarə Heyətinə verilən tapşırıq hər bir partiya üzvünün  vəzifələrini müəyyənləşdirir. Yeni tərkibin formalaşması, yeni qərarların qəbulu qarşıdakı dövrdə də bütün qüvvə və bacarıqların səfərbər olmasına çağırışlar etdi. 2021-ci ilin dekabrında «Biz birlikdə güclüyük!» devizi altında 5 fəsildən ibarət yeni Proqram təsdiqləndi. Təbii ki, əsas hədəflərdən biri Böyük Qayıdış proqramının uğurlu icrasına dəstək olmaqdır.

Ümumilikdə VII qurultay partiyanın  gələcək fəaliyyətinin konturlarını müəyyənləşdirdi.  Tarixi Zəfərimizin reallıqları fonunda yaşanan bu əlamətdar hadisə Yeni Azərbaycan Partiyasının ölkəmizin həyatında rolunun aydın  ifadəsi oldu.  Dünənin, bu günün və gələcəyin partiyası olan YAP fəaliyyətə başladığı gündən dövlətə, xalqa xidmət nümunəsini nümayiş etdirir. Ötən il partiya yaradılmasının 30 illiyini böyük qələbə ruhunda qeyd etdi. 30 illik şərəfli yolun təhlili  dövlət başçısı, YAP Sədri İlham Əliyevin VII qurultayda ifadə etdiyi  “Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq” əminliyinin təsdiqi oldu.

Yeganə Əliyeva, “İki sahil”