18 aprel 2023 17:51
1540

Kamran Bayramov: Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin ən böyük tarixi xidmətlərindən biridir 

"Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə bütün dövlərdə böyük ehtiramla yanaşır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. Ulu Öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz işlər görmüşdür. Əminliklə söyləmək olar ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də, tarix  yaradan şəxsiyyətdir. Hakimiyyətinin hər iki dövründə xalqa xidmət, vətənə  sədaqət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanıb. Bütün ömrünü dövlətinin, xalqının rifahı, intibahı üçün həsr edən, bu yolda canını belə əsirgəməyən böyük şəxsiyyət Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətini xilas etmiş, millətinin gələcəyini təmin etmişdir. Məhz, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə azərbaycançılıq ümummilli ideya səviyyəsinə yüksəlib, ölkəmizin vətəndaşlarını vahid ideya və məqsəd ətrafında birləşdirən milli ideologiya formalaşıb."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

Kamran Bayramov qeyd edib ki,  Azərbaycançılıq ideologiyası hüquqi və demokratik dövlət kimi ölkəmizin möhkəmləndirilməsinə və inkişafına yönəldilib. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə bildirmişdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: «Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.» Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

 Ümummilli Liderimiz sonralar o dövrü belə xatırlayırdı: «Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan ... nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük.»  Hələ, o zaman ali məktəb dərsliyinə respublika Dövlət Mükafatının verilməsi də, Ulu Öndərin ana dilimizə tükənməz sevgisinin, ehtiramının və diqqətinin möhtəşəm ifadəsi kimi böyük dəyərə malikdir.  Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyevin təşəbbüsü ilə dövlət mükafatı verilən ilk kitablardan biri məhz 1974-cü ildə çap edilmiş "Müasir Azərbaycan dili" dərsliyidir. O dövrdə uzun illər Azərbaycan dilinin tədqiqi ilə məşğul olan Ə.Dəmirçizadəyə, S.Səfərova, M.Hüseynzadəyə, Ə.Abdullayevə, Y.Seyidova və A.Həsənova dövlət mükafatı verildi. Azərbaycan dilinə, dilçiliyinə, azərbaycandilli təhsilə sovet dövründə dövlət qayğısı göstərmək asan məsələ deyildi. Dilşünas-alim Yusif Seyidov sonralar haqlı olaraq yazırdı ki, "Müasir Azərbaycan dili" dərsliyinin belə yüksək səviyyədə qiymətləndirilməsi, əslində, rus şovinizminə meydan oxumaq idi. 

K.Bayramov vurğulayıb ki, Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra dil məsələsi yenidən gündəmə gəldi. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr-11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bundan başqa da Ulu Öndər Heydər Əliyev yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» Fərman imzalamışdır. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdı.
Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə digər çoxsaylı tədbirlər həyata keçirdi. Onun təşəbbüsü ilə  "Azərbaycan əlifbası və Azərbaycan dili günü» təsis edildi. Və hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməyə başladı. 
Deputat əlavə edib ki, qürur hissi ilə bildirirəm ki, Ümummilli Liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev də ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da, məhz, dövlət başçısının özüdür. Azərbaycan ədəbiyyatının, azərbaycanlı düşüncəsini əks etdirən, sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi, məhz, cənab İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Dövlət başçısının 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" verdiyi  sərəncamı, həm də, əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu diqqətə çəkərək demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".