19 aprel 2023 01:57
422

Düşmənlərə gözdağı, dostlara güvən

Qardaş Türkiyənin qüdrətli hərbi sənayesi dünya silah bazarında möhtəşəm gücdür

Qardaş Türkiyənin son bir neçə ildə hərbi sənayedə qazandığı ciddi uğurlar dünyanı heyran edir.  Xüsusilə 44 günlük müharibədə ordumuzun Türkiyə istehsalı olan PUA-lardan məharətlə istifadə edərək işğalçı Ermənistan ordusunu darmadağın etməsi hərb tarixinə qızıl hərflərlə yazıldı. Həmin uçuş aparatlarının döyüş tapşırıqlarını dəqiq və vaxtında icra etməsindən sonra dünyanın bir çox ölkəsi qardaş Türkiyədən almaq üçün növbəyə durdu. Bu gün dünyanın ən qaynar nöqtəsi olan Ukraynada ordusu Türkiyədən alınan PUA-larla dünyanın ən güclü ordusuna qarşı cəsarətlə vuruşur. Qeyd edək ki, 2022-ci ildə Türkiyə yalnız PUA-ların ixracatından 3 milyard dollardan çox gəlir əldə edib.

Qardaş ölkə bu uğurlarını davamlı etmək üçün hərbi büdcəsini də hər il artırır. Belə ki, 2023-cü ildə bu sahəyə 468,7 milyard türk lirəsi (25.2 milyard dollar) ayrılıb. Qeyd edək ki, bu vəsait 2019-cu ildə 20,6 milyard dollar, 2021-ci ildə isə 15,4 milyard olmuşdu.

Digər sevindirici xəbər isə Türkiyənin yaxın günlərdə dünyanın ilk hərbi PUA gəmisi – «TCG Anadolu»nu istifadəyə verməyə hazırlaşmasıdır. Gəmi orduda xidmətə tam hazırdır və Prezident Rəcəb Tayyib Ərdoğanın da qatılacağı mərasimlə Dəniz Qüvvələri Komandanlığına (DQK) təhvil veriləcək. Amfibiya hücum gəmisinin layihəsi DQK-nin ehtiyaclarına uyğun olaraq 2015-ci ildən hazırlanmağa başlanılıb və 2022-ci ildə onun  sınaqları həyata keçirilib.

Gəminin uzunluğu 231 metr, eni isə 32 metrdir. Maksimum yükdəyişmə qabiliyyəti  27 min 436 ton olan gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir.

Təbii ki, qardaş ölkənin hərbi sənayesindəki uğurların 2023-cü ildə də davam etməsi planlaşdırılır. Bu barədə Türkiyənin  Müdafiə Sənayesi Nazirliyindən  bildirilib. Nazirliyin məlumatında qeyd olunub ki, yeniliklər arasında hava, quru və dəniz platformaları yer alır. Belə ki, bu il həm reaktiv mühərrikli «Hürjet» təlim təyyarəsi, həm də TCG «Anadolu» amfibiya hücum gəmisində xidmət göstərəcək «Bayraktar TB3» pilotsuz uçuş aparatı (PUA) ilk uçuşunu reallaşdıracaq.

Həmçinin 2023-cü ildə Türkiyə Jandarma Baş Komandanlığına GÖKBEY helikopterlərinin və Hərbi Hava Qüvvələrinə «Özgür» layihəsi əsasında modernləşdirilən F-16 döyüş təyyarələrinin ilk partiyası təhvil veriləcək. Eyni zamanda, «Meltem-3» layihəsi çərçivəsində hazırlanan sonuncu (6-cı) P-72 dəniz patrul təyyarəsi də Hərbi Dəniz Qüvvələrinin istifadəsinə təqdim olunacaq.

Dəniz platformalarına gəldikdə burada «İstif» sinifinə aid «İstanbul» adlı freqat, «Derya» təminat gəmisi, habelə yeni tipli sualtı qayıq olan «Piri Reis» Türkiyə HDQ-də aktiv şəkildə xidmət göstərməyə başlayacaq.

Quru vasitələrində isə zirehli amfibiya hücum maşını ZAHA-nın, yerli mühərriklə təchiz edilən «Vuran» nəqliyyat vasitəsinin, 8×8 təkər formullu evakuatorların və «Amazon» zirehli avtomobillərinin ilk partiyası da 2023-cü ilin ikinci yarısında Silahlı Qüvvələrə təhvil veriləcək. Həmçinin embarqolar ilə üzləşməsi səbəbindən xaricdən alınan bəzi alt sistemləri də  qardaş ölkə özü istehsal edəcək. Bununla da «Altay» tankının ilk seriyalı istehsalı tamamlanacaq.

Bunlara əlavə olaraq cari ildə  «Şimşək» hədəf dronunun, uzun mənzilli «Siper» hava hücumundan müdafiə (HHM) sisteminin, «hava-hava» tipli «Bozdoğan» və «Gökdoğan» raketlərinin, habelə tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksinin ilk partiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək. Eləcə də bu il «Gökdeniz» yaxın məsafəli raketlərinin döyüş gəmilərinə inteqrasiya edilməsinə və sualtı qayıqlar üçün hazırlanan AKYA torpedosunun istehsalına başlanılacaq.

Digər mühüm yenilik isə ASELSAN şirkətinin istehsal etdiyi AESA radarı ilk dəfə «Akıncı» PUA və  «Özgür» layihəsi ilə modernləşdirilən F-16 döyüş təyyarələrinə quraşdırılacaq. Son olaraq Türkiyə HHQ-nin F-16 döyüş təyyarələri yerli elektron müharibə podu və elektron dəstək podu ilə təchiz ediləcəkdir.

Bu, bir daha göstərir ki, qardaş Türkiyə dünyanın silah bazarında danılmaz gücə çevrilib. Bu isə o deməkdir ki, Türkiyənin hərbi qüvvələri nə qədər qüdrətli olacaqsa, Azərbaycan Ordusu da o qədər möhtəşəm olacaqdır. Çünki o inkişafın hər bir məqamından ilk növbədə yararlanaraq güclənən Azərbaycan dövləti və onun silahlı qüvvələridir.

Elçin Zaman, «İki sahil»