"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalının püşkatma mərasimindən sonra "Milan"ın texniki direktoru Paolo Maldiniyə zəng edib.
“İki sahil” xəbər verir ki, bu barədə Maldini öz açıqlamasında bildirib.
Püşkatmanın nəticələrinə əsasən, Madrid təmsilçisi 1/4 finalda "Çelsi" ilə, A seriyası klubu isə "Napoli" ilə qarşılaşacaq. 1/2 finalda "Real" - "Çelsi" cütünün qalibi "Mançester Siti" - "Bavariya" duelinin güclüsü ilə, "Milan" - "Napoli" cütünün qalibi isə "İnter" - "Benfika" duelinin güclüsü ilə üz-üzə gələcək.
Maldini isə bildirib ki, Ançelotti püşkatmadan sonra ona zəng edərək, turnirin finalında İstanbulda üz-üzə gələcəklərini deyib: “İş ondadır ki, hazırda “Real”da çalışan Karlo Ançelottinin də mənim kimi İstanbulda yarımçıq qalan işləri var. Püşkatma mərasimindən dərhal sonra o, mənə zəng edib dedi: “Paolo, İstanbulda görüşərik, yaxşı?”. Finala çıxmaq asan olmayacaq, amma düşünürəm ki, klubumuzun tarixi bizə buna inanmaq üün imkanı verir".
Qeyd edək ki, "Milan" - "Napoli" matçı aprelin 12-si, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.