29 mart 2023 11:42
90

Açıq və demokratik rəqabətə çağırış

Rəqabət sözü rəqib sözündən götürülüb, şəxslərin və ya qrupların bir-biri ilə mübarizə aparmağını bildirir. Cəmiyyətin bütün sahələrində qaçılmaz bir rəqabət mövcuddur. Bəzən kiçik qurumlarda, partiyaların arasında və içərisində belə hakimiyyət üzrə rəqabət gedir. Ölkələr dünyada siyasi və hərbi yollar ilə öz nüfuzlarını artırmaq üçün sanki yarışırlar-rəqabət aparırlar. Bu cür proseslər bəzən gərginləşir, bəzən də kompromisə gətirir. Hər iki tərəfə fayda verə bilən rəqabət açıq və demokratik sayılır. Rəqabət olan yerdə keyfiyyət də olur.

Rəqabət bütün iştirakçılar üçün vahid qaydalarla istehsal amillərinin ən səmərəli istifadəsi üçün vahid prinsiplərinə əsaslanan mübarizə formasıdır. Siyasət aləmində qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər. Əsas məqam odur ki, bərabər şəkildə siyasi partiya yaratmaq və ya hər hansı partiya sıralarına daxil olmaqda sərbəstdirlər.

Ölkə daxilindəki siyasi partiyalar 44 günlük müharibə zamanı bir araya gəlmiş, milli mənafeyimizi, torpaqların azadlığını üstün tutaraq birlik nümayiş etdirmişlər. Neytral və qərəzsiz olaraq dövlətin mənafeyini dəstəkləmişlər.

İqtisadi sahədə açıq rəqabət bazar mexanizmi ilə şərtlənir. Rəqabət bazar əlaqələrinə cəlb olunmuş bazarın iştirakçıları arasında xüsusi formada təzahür edir. İstehsalçılar və istehlakçılar arasında mənafelərin reallaşması mübarizə əsasında ortaya çıxır. Demokratik rəqabət nəticəsində subyektlər həmişə bir-birini ötməyə, iqtisadi göstəricilərini yaxşılaşdırmağa çalışırlar. Açıq rəqabət bir tərəfdən istehsalçıları stimullaşdırır, bir tərəfdən tab gətirməyənləri sıradan çıxarır. Rəqabət olan yerdə şirkətlər müştərini saxlamaq üçün daima məhsulu təkmilləşdirir, istehsalın mayasını azaldır, müştəri məmnuniyyətini artırır. Açıq rəqabət mikro səviyyədə müştəri qazanmaqla yanaşı, ölkə və beynəlxalq miqyasda iqtisadi inkişafa nail olur. Nəticədə isə insanların həyat səviyyəsi və həyat standartları artır.

Müasir dövrdə rəqabət olmadan inkişaf etmək çətindir. Açıq rəqabət qazanılan nailiyyətin hərəkətverici qüvvəsidir. İstər iqtisadiyyatda, istər siyasətdə, istər təhsilin, səhiyyənin inkişafında açıq rəqabət yalnız insanların rifahının yüksəlməsinə xidmət edir.

Nazlı Maxsudova,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 35" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü