“Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir.” – Bu fikirlər Prezident İlham Əliyevə məxsusdur.
Ölkəmizdə təşviq olunan dialoq siyasətinin məzmunu dialoqu sadəcə siyasi dəyər kimi təşviq olunması formatından, dialoqu siyasətdə demokratik münasibətləri şərtləndirən işlək mexanizm kimi qəbul etdirmək formatına qədər transformasiyaya uğrayıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur. Sözügedən inkişaf fərqi bir çox partiyaların sadəcə təzyiq aləti kimi istifadə olunmasına münbit şərait yaratmışdır.
Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrin dəyişdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır.
İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir. Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri daim dialoqa hazır olmasının bariz təzahürüdür.
Dialoq mühiti siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərinin balansına xidmət edir. Təsadüfi deyil ki, ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapmışdır.
Cənab İlham Əliyev bütün çıxışlarında yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirmək, ümummilli məsələlərdə yekdil qərara gəlmək, demokratiyanı inkişaf etdirmək, iqtisadi azadlığı bərqərar etmək, ölkəni gücləndirmək, gələcək siyasi sistemi təkmilləşdirmək fikrini daim irəli sürür, mötəbər kürsülərdə yorulmadan müdafiə edir.
Fəridə Şərifova,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 35" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri