44 günlük Vətən müharibəsində darmadağın edilən Hayastan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur edildi. Həmin bəyanata əsasən, təcavüzkar ölkə quldur dəstələrini Azərbaycan ərazilərindən çıxarmalı, kommunikasiyaların açılmasını təmin etməli idi. Amma öhdəliklərini yerinə yetirməkdən boyun qaçıran Hayastan mütəmadi atəşkəsi pozur, ərazilərimizdəki təbii sərvətləri mənimsəməyə cəhdlər göstərir, eyni zamanda, Xankəndiyə silah-sursat daşıyır. Hələ bütün bunlar azmış kimi, Ermənistan həm işğal, həm də 44 günlük müharibə dövründə olduğu kimi, öz havadarlarına arxalanaraq Azərbaycana qarşı dezinformasiya kampaniyası da həyata keçirir.
Son günlər işğalçı ölkənin prezidenti, baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı səsləndirilən bəyanatlarda dezinformasiyalar kifayət qədərdir. Məsələn, martın 20-də xarici işlər naziri Ararat Mirzoyanın Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən birgə mətbuat konfransındakı açıqlamalarında Azərbaycanın guya üçtərəfli Bəyanata əməl etməməsi barədə sayıqlamaları riyakarlığın, dezinformasiyanın təzahürü deyildimi? Öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən çıxarmayan, ölkəmizə qarşı davamlı hərbi təxribatlar törədən, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan təbii sərvətlərimizi daşımaq, ərazilərimizi minalamaq üçün istifadə edən Ermənistan rəsmisinin Laçın yolunun bağlı olması və azərbaycanlıların “etnik” təmizləmələrə hazırlaşması ilə əlaqədar səsləndirdiyi fikirlər də cəfəngiyyatdan başqa bir şey deyil. Srağagün Çexiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə baş direktoru Yaroslav Kurfürstin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə də Mirzoyan növbəti dəfə yalana əl ataraq bildirib ki, guya Azərbaycanın aqressiv ritorikası regionda sabitliyin bərqərar olunmasına yönəlmiş səylərə kömək etmir. Təbii ki, buna hayların həyasızlığından başqa ad vermək mümkün deyil.
Bu kimi dezinformasiyalardan yararlanan Ermənistanın aşağı qurumları da bu istiqamətdə fəaliyyətlərini genişləndiriblər. Belə ki, martın 21-də Ermənistan Müdafiə Nazirliyi silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə məlumat yaymışdı. Amma araşdırmalar zamanı məlum oldu ki, həmin əsgər erməni quldur dəstələri ilə birgə “fəaliyyətdədir”. Daha bir misal. Martın 27-də armenpress.am saytı Ağdərədə nar bağında kənd təsərrüfatı işləri ilə məşğul olan işcilərə ordumuzun atıcı silahlardan atəş açması barədə məlumat tirajlayıb. Həmin “məlumat”la bağlı Rusiya sülhməramlılarının da xəbərdar edildiyi yazılıb. Şübhəsiz, bütün bunlar erməni separatçılarının növbəti dezinformasiyalarından başqa bir şey deyil. Halbuki Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən mövqelərimiz mütəmadi atəşə tutulmaqdadır.
İkinci Qarabağ müharibəsində məğlubiyyətini həzm edə bilməyən, Azərbaycanın bölgədə əsas söz sahibi olması ilə barışmaq istəməyən Hayastan bu kimi dezinformasiyalarla sülh sazişinin imzalanmasını mümkün qədər gecikdirməyə cəhd edir. Eyni zamanda, bölgədə marağı olan müxtəlif ölkələri, qurumları məsələyə cəlb edərək onu həllolunmaz səviyyəyə çatdırmağa, regionda vəziyyəti gərginləşdirməyə, üstəlik, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə, özünü dünyaya sülhsevər və beynəlxalq hüququn normalarına əməl edən ölkə kimi tanıtmağa çalışır. Nə qədər qəribə olsa da artıq bəzi dövlətlər, eləcə də beynəlxalq qurumlar onların dezinformasiyalarının ruporuna çevrilirlər. Təəssüf ki, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli və yalan dolu qətnaməni də bu kimi dezinformasiylar əsasında qəbul etdi. Amma bu qurum 2023-cü il martın 20-də Avropa İttifaqı missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində Ermənistanın növbəti təxribatı zamanı Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanmasına, martın 5-də Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribat zamanı 2 hərbi qulluqçumuzun şəhid olmasına heç bir reaksiya vermədi. Görünən budur ki, bəzi Qərb təsisatları yalnız erməni separatçılarının dezinformasiyalarını əsas mənbə kimi qəbul edirlər.
Şübhəsiz, Ermənistan bu kimi dezinformasiyalarla guya hayların Qarabağ ərazisində təhlükəsizliyinin təhdid edildiyi görüntüsünü yaratmağa səy göstərir. Üstəlik, təcavüzkar ölkənin davamlı şəkildə törətdiyi bu kimi təxribatlar onun öz revanşist əməllərindən əl çəkmək niyyətində olmadığını bir daha sübut edir.
Qvami Məhəbbətoğlu, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri