Dövlət başçısı İlham Əliyev hələ ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə belə bir əminliyi də ifadə etmişdir ki, Azərbaycan bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Onu da qeyd edək ki, həmin Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dünyasının birliyinə verdiyi töhfələrə görə Türk Dünyasının Ali Ordeni ilə təltif edilmişdir. Cənab İlham Əliyev bu ali mükafata 2021-ci ildə layiq görülmüşdür. Bu iki mühüm addım Azərbaycan və Türkiyə Prezidentlərinin Türk dünyasının birliyi ilə bağlı istəklərinin sözdə deyil, əməldə öz təsdiqini tapdığını nümayiş etdirir.Martın 16-da dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına bir daha işıq saldı. Belə ki, tədbirin Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşada keçirilməsi nəzərdə tutulsa da, cənab İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsini təklif etdi. Türk dünyasının birliyinə, həmrəyliyinə davamlı töhfələri ilə diqqətdə olan və hər zaman atdığı addımları türkdilli dövlətlər tərəfindən yüksək qiymətləndirilən Azərbaycan növbəti təşəbbüsü ilə də dünyanın diqqətində oldu.
Dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazlığını hər addımda təsdiqləyir. Qeyd edək ki, “Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşündə Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlər ən yüksək səviyyədə müzakirə edildi və tədbirin sonunda qəbul olunan Ankara Bəyannaməsində əksini tapan müddəalar gələcəkdə bu təşkilatın fəaliyyətinin əsas istiqamətləri barədə aydın təsəvvür yaratdı. Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycanın regionda, Türk dünyasında, ümumilikdə beynəlxalq aləmdə artan nüfuzunun təqdimatı kimi diqqətdədir. Türk Dövlətləri Təşkilatının son illərdə sürətli inkişafı, üzv dövlətlər arasında əlaqələrin genişlənməsi göz önündədir. Tarixi Zəfərimizin yaratdığı reallıqlar bu istiqamətdə də yeniliklərə yol açıb. Bu reallıq da hər kəsə məlumdur ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan daim müxtəlif mədəniyyətlərin, dinlərin bir araya gəlməsində öz sözünü deyir. Bu baxımdan Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır. Azərbaycanın iştirakçısı olduğu enerji və nəqliyyat layihələri də beynəlxalq nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Ankarda keçirilən Zirvə görüşündə bir daha bu məqamlara diqqət yönəldildi. Diqqəti 30 illik işğal, 44 günlük müharibə, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarına yönəldən Prezident İlham Əliyev bildirdi ki, işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub. İki ölkənin qardaşlıq nümunəsini İkinci Qarabağ müharibəsində, azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərində Türkiyənin ölkəmizə dəstəyində, eyni zamanda, Azərbaycanın qardaş ölkədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində göstərdiyi qardaş köməyində gördük. Dövlət başçısı İlham Əliyev Ankarada keçirilən Zirvə görüşündəki çıxışında bir daha bu əminliyi ifadə etdi ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaq.
Qardaş ölkənin Prezidentinin hər bir fikrində Azərbaycan-Türkiyə dostluğunun dərin köklərə əsaslandığı özünün aydın ifadəsini tapır. Bu qardaşlıq 2021-ci il 15 iyun tarixində Şuşa Bəyannaməsinin imzalanması ilə sənədləşdi. Tarixi Zəfərimizdən sonra həm Azərbaycan-Türkiyə əməkdaşlığının, həm də Türk dünyasının birliyinin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında bu mühüm məqamları xüsusi vurğuladı. Belə ki, işğaldan azad edilmiş torpaqlarımızda bu gün quruculuq-bərpa işləri həyata keçirilir. Bu ərazilərimiz dağıntılardan xilas olduqları üçün sevinclidirlər. Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Bu işlərdə türkdilli dövlətlərin dəstəyi dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək dəyərləndirilir. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur.
Prezident Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla gedib. Cənab İlham Əliyev Zirvə görüşündə işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirdi. Zirvə görüşünün mahiyyətini özündə ehtiva edən Ankara Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin aydın mənzərəsini təqdim edir. Bu sənəd türkdilli dövlətlər arasında əlaqələrin inkişafında yol xəritəsi kimi dəyərləndirilir. Ankara Bəyannaməsində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türk dünyasının birliyi və həmrəyliyinə, eləcə də təhlükəsizliyi və rifahına verdiyi güclü və davamlı töhfələrinə, Türk Dövlətləri Təşkilatının birlik ruhunun gücləndirilməsində möhkəm liderliyinə görə təşəkkürlərini bildirirlər.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri