28 mart 2023 16:30
681

Fransa insan haqlarından danışmasa yaxşıdır - Aydın Hüseynov

“Fransa başqa ölkələrə demokratiya dərsi keçmək əvəzinə daxili problemlərinə diqqət etsə, baş verən etiraz aksiyalarını incələsə daha doğru olar. Azərbaycanda keçirilən qanunsuz aksiyalar zamanı polisin davranışlarını, haqlı irad və tələblərini  insan haqlarının pozulması kimi qələmə verən və bundan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edən Fransa bu gün Parisdə və digər şəhərlərdə pensiya islahatlarına etiraz edən insanlara qarşı törətdikləri əsl vəhşilikdir”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, Fransa hakimiyyəti təkcə daxildə baş verənlərə qarşı aqressivlik, qeyri-insanilik nümayiş etdirmir: “Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi böyük haqsızlıqlara imza atıb. Qəbul etdiyi qərarlar, dinləmələrə çıxardığı mövzular birmənalı şəkildə öz maraqlarına uyğun olub. Fransa ikili standartların ustası kimi tanınır. Bu ölkənin beynəlxalq təşkilatlarda ölkəmizin haqlı tələblərinə qeyri-adekvat münasibəti də hər birimizə tanışdır. Ermənistan-Azərbaycan münaqişəsinin uzun illər həll olunmamasının səbəbkarlarından biri və bəlkə də birincisi Fransadır.

1993-cü ildə qəbul edilmiş qətnamələrin 27 il kağız üzərində qalmasının da, Ermənistanın işğalçılıq siyasətini sürdürməsinin də, işğal altındakı ərazilərimizdə milli-mədəni, dini abidələrin talanmasının, azərbaycanlılara məxsus mülklərin, Azərbaycan dövlətinin mülkiyyəti sayılan tikililərin, şəhər və kəndlərin və ümumiyyətlə bütün infrastrukturun məhv edilməsinin də günahkarı Fransanın da rəhbərlik etdiyi beynəlxalq təşkilatlar və bu ölkənin özüdür. Əslində beynəlxalq təşkilatlarda təmsil olunan dövlətlər öncə bu qurumun nizamnaməsinə uyğun olaraq davranmalı, verdiyi qərarlar ədalətli olmalı, heç bir ölkə bu qərarlardan haqsız olaraq əziyyət çəkməməlidir.

30 ildən artıq bütün hüquqlarından məhrum edilən azərbaycanlıların haqlarının beynəlxalq səviyyədə qorumağı bacarmayan, yaxud qorumağı istəməyən Fransa bu gün bir ovuc erməni separatçılarının guya pozulmuş hüquqlarının müdafiəsinə qalxır. Əlbəttə, bu da beynəlxalq münasibətlər sistemində, ölkələr arasında münasibətlərdə çatların yaranmasına gətirib çıxarır. Bu da qəbuledilməzdir”.