Zəngin mədəni irsə malik olan türk xalqları qədim dövrlərdən etibarən Avrasiya materikinin geniş ərazilərində məskunlaşmışdılar. Bu ərazilərdə məskunlaşmış türkdilli xalqların özünəməxsus mədəniyyətləri formalaşmışdır. Zaman-zaman yadellilərin hücumlarına məruz qalsalar da igidlikləri, qorxmazlıqları ilə ad qazanmış türklər öz azadlıqları uğrunda cəsarətlə vuruşmuş, heç vaxt əsarətə boyun əyməmişlər. Türk xalqlarının əyilməzliyini görən yadellilər öz çirkin məqsədlərinə çatmaq üçün bu xalqları müxtəlif tarixi dövrlərdə deportasiyalara məruz qoymuşlar. Nəticədə bir çox türkdilli xalqlar öz tarixi vətənlərini tərk etmək məcburiyyətində qalmışlar.
1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra Cənubi Qafqaza köçürülən ermənilər rus imperiyasına arxalanaraq Qərbi azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütmüşlər. Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi artıq Qərbi Azərbaycan İcmasını yaratmış və öz tarixi haqlarını bərpa etmək üçün birləşmişlər.
16 mart 2023-cü il tarixində Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı Cənab prezident İlham Əliyev Azərbaycan xalqına münasibətdə yol verilən tarixi ədalətsizlik haqqında geniş məlumat verdi. Ölkə başçımız qeyd etdi ki, tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşlar. Ermənilər Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışlar. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir.
Qərbi Azərbaycan İcmasında birləşmiş soydaşlarımızın məqsədi dinc və sivil yollarla öz tarixi vətənlərinə qayıtmaqdır. İcmanın hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla çıxarılmış həmvətənlərimizin öz ata-baba torpaqlarına qayıdışı üçün müvafiq zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmaya nail olunmalıdır. Beynəlxalq hüquq normalarına hər zaman hörmətlə yanaşan Azərbaycan dövləti Qarabağ iqtisadi zonasında yaşayan erməni vətəndaşların hüquq və təhlükəsizliyini təmin edirsə, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına dönüşünü, onların hüquq və təhlükəsizliyini təmin etməlidir.
Azərbaycan xalqı tam əmindir ki, ölkə başçımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində tarixi ədalət bərpa olunacaq.
Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri