28 mart 2023 03:21
473

Dərviş Makronun «islahatları» Parisi partladır

Son illərdə Fransada yaranan özbaşınalıq, ictimai rəyə, demokratiyanın tələblərinə etinasızlıq bir daha sübut edir ki, Prezident Emmanuel Makronun bu ölkəyə rəhbərliyi ölkə əhalisinə bədbəxtlikdən başqa heç nə vəd etmir. Ötən illərdə Fransanın iri şəhərlərində « sarı jiletlilər»in keçirdikləri etiraz aksiyalarını polisin gücü ilə yatıran Makron hakimiyyətinin ölkə daxilində sabitlik yaratmaq potensialı, idarəçilik təcrübəsi «sıfırla» dəyərləndirildi. Əsrlərlə Afrika qitəsinin bir neçə ölkəsini müstəmləkə kimi əsarətdə saxlayan Fransanın tarixən despotçuluğa, separatçılığa, insanlıqdan kənar əməllərə üstünlük verməsi fransız əsgərlərinin Əlcəzairdə, Somalidə dinc əhaliyə qarşı törətdikləri kütləvi qırğınlardan da aydın olur. Bu siyasəti daha vəhşicəsinə davam etdirən Makronun «bir ağacda oturub min budağı silkələmək» məsəlinə uyğun başqalarının da işinə burnunu soxması insanlığa nifrətin, diplomatik çirkinliyin bariz nümunəsidir.

Ölkəsində daxili gərginliyi qorumaq iqtidarını itirən, özü kimi qaniçən Ermənistanı hər vasitə ilə dəstəkləyən, işğalçıya siyasi, hərbi yardımlarını davam etdirən Makrona etimadsızlıq gündən-günə artır. Antidemokratik ruhlu Makronun siyasi naşılığının nəticəsidir ki, ölkənin paytaxtı Paris kimi digər şəhərlərdə də vətəndaş itaətsizliyi, səngiməyən etiraz aksiyaları davam edir. İnsanlar Makronun ölkə konstitusiyasının şərtlərinə cavab verməyən qeyri-qanuni hərəkətlərinə etirazlarını meydanları dağıtmaqla, mağazaları, avtomobilləri yandırmaqla bildirirlər.

Bu yaxınlarda Makronun tapşırığı ilə adanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi ilə bağlı ədalətsiz qərarın qəbulundan hiddətlənən əhali muxtariyyət, hətta tam müstəqillik tələblərində də israrlıdır. Korsika dilinə fransız dili ilə yanaşı rəsmi status verilməsini tələb edən ada sakinləri sivilizasiyalar arasında münasibətlərin qarşılıqlı anlaşma şəraitində yanaşmaya ehtiyacın artdığı XXI əsrdə Fransada Korsika xalqının dilinin qadağan edilməsi ilə bağlı qərarı makronizmin separatizm, müstəmləkəçilik ruhunun mənfi təzahürü adlandırırlar.

Məkrli siyasəti ilə ölkə daxilində gərginlik yaradan Makron aqressiyasına əhalinin növbəti etirazı Fransada pensiya islahatı ilə bağlı qanun layihəsinin qəbul edilməsidir.

Bir neçə gündür ki, Parisin küçələrində baş verən polis- vətəndaş qarşıdurması, insanlara dəyənəkli zor tətbiqi vəziyyəti daha da gərginləşdirib. Vətəndaşlarla razılaşdırılmadan hökumətin yeni pensiya islahatı qanunun qəbulunu ölkənin konstitusiyasına zidd hesab edən fransızların narazılığına əhəmiyyət verməyən Prezident Emmanuel Makronun televiziya vasitəsilə özünə haqq qazandıraraq atdığı addımdan peşman olmadığını söyləməsi xalqın qəzəbini daha da artırıb. Etirazçılara göstərilən güc tətbiqini, qeyri-insani davranışları ölkədə fikir və sərbəst toplaşma azadlığının pozulması hesab edən insanlar «islahatların» əhalinin istəyinə uyğun qəbulunu tələb edirlər. Sual oluna bilər ki, Fransa daxilində yaranan qarışıqlığın Azərbaycana nə dəxli var? Məqsədimiz Makronun hələ də dövlət başçısı kimi formalaşmadığını, avropalı həmkarları arasında belə nüfuza sahib olmadığını diqqətə çatdırmaqdır.

Həmçinin məqsəd başçılıq etdiyi ölkəsində sabitlik yaratmağa iqtidarı, təcrübəsi çatmayan, insan hüquqlarının qorunmasını təmin etməyən Makronun demokraik, tolerant, multikultural dəyərlərə sadiq Azərbaycanla bağlı yalanlarını ifşa etməkdir. Guya Ermənistanın ərazisini işğal etməkdə, mülki erməniləri «humanitar fəlakət»ə məruz qoymaqla Azərbaycana böhtan atan Makron hələ də özünü Hayastanın, «artsax»ın vəkili hesab edərək bölgədə siyasi vəziyyəti gərginləşdirir, beynəlxalq ictimaiyyəti çaşdırır. Ermənistanla Azərbaycan arasında sülh sazişini əngəlləmək üçün beynəlxalq hüquqların tələblərindən, diplomatik münasibətlərin şərtlərindən xəbərsiz olan Makron qüdrətli, insan hüquqlarının qorunduğu Azərbaycanla qarşı-qarşıya gəldiyini «unudur.»

«Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq» sözləri ilə Makronun ikibaşlı, məkrli siyasətinin əsl məqsədini ifşa edən Prezident İlham Əliyevin vurğuladığı kimi, özü kimi təcavüzkar, insan qatillərinin yaşadığı Hayastanı dəstəkləyən Makron heç vaxt niyyətinə çata bilməyəcək. Hələ də xəyal ilə yaşayan erməni əsilli qatil həmkarlarını da gərəksiz «islahatları» ilə zəhərləyən, daimi sülh sazişinin baş tutmaması üçün əsarətdə saxladığı ölkələrdən qazandığı kirli vəsaitlərlə Ermənistanı silahlandıran Makron yazdığı ssenarilərin qurbanı olacağını da unutmamalıdır

Xuraman İsmayılqızı, «İki sahil»