"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrasını təmin etmək məqsədilə imzalanmış "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsi ilə yanaşı, keçmiş məcburi köçkünlərin öz yurdlarına qovuşmasına, əhalinin dayanıqlı məskunlaşmasına da öz töhfələrini verməkdədir.
Artıq Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə ötən il məcburi köçkünlərin köçürülməsi Böyük Qayıdışın ilk qədəmi kimi tarixə düşüb. Hazırda bu kənddə 86 ailə yüksək keyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərdə məskunlaşıb. Burada məktəb, uşaq bağçası, Dövlət Xidmətləri Mərkəzi, tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) və s. fəaliyyət göstərir.
Novruz bayramı ərəfəsində Qarabağ iqtisadi rayonuna daxil olan Tərtər rayonunun Talış kəndinə isə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 90 nəfərdən ibarət 20 ailə köçürülüb. Onlar da artıq Ağalı kənd sakinləri kimi, doğma torpağa, illərlə onlar üçün qəribsəmiş kəndlərinə qayıdışın sevincini yaşamaqla yanaşı, doğma nəfəsləri ilə öz dədə-baba yurdlarına can verirlər.
Prezident İlham Əliyev martın 18-də bu kənddə olarkən Novruz bayramı münasibətilə xalqımıza müraciətində demişdir: “Görün, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib. Artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb”.
Rəsmi məlumatlara görə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə bərpa olunacaq 100 yaşayış məntəqəsindən 7 şəhər və 36 qəsəbə-kəndin, ümumilikdə, 43 yaşayış məntəqəsinin ərazi planlaşdırma sənədlərinin hazırlanması prosesi başa çatmaq üzrədir. Cari ilin sonuna qədər laçınlıların birinci qrupunun yerləşdirilməsi planlaşdırılır. Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşacağı nəzərdə tutulur. Gələn il isə Ağdam rayonundakı üç kəndə, eyni zamanda, Hadrut qəsəbəsinə və Tuğ kəndinə köç baş tutacaq.
Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki çıxışında dediyi kimi, bu, həqiqətən də misli görünməmiş bir yenidənqurma modelidir. Özü də Azərbaycan Böyük Qayıdışı daxili maliyyə mənbələri hesabına reallaşdırır. Bu isə o deməkdir ki, İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra yaranmış yeni reallıqlara uyğun addım atan Prezident İlham Əliyev işğaldan azad edilən torpaqlarımızda reallaşdırdığı yeni layihələrlə bir daha dünyaya Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirir. Yeri gəlmişkən qeyd edək ki, iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən quruculuq, bərpa işləri ilə əlaqədar dövlət büdcəsindən 5 milyarddan çox vəsait xərclənib. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait ayrılması nəzərdə tutulur.
Bu faktlar işğaldan azad olunan ərazilərimizin bərpasının Azərbaycan üçün prioritetliyini bir daha təsdiq edir. Dövlət Proqramına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2026-cı ilədək 34500 mənzilin və fərdi yaşayış evinin inşası planlaşdırılıb. Bu isə növbəti 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtmasına imkan verəcək.
Şübhəsiz, münaqişəyə məruz qalmış ərazilərin minalarla geniş miqyasda çirklənməsi, dəqiq mina xəritələrinin olmaması şəhərsalma, reabilitasiya və yenidənqurma işlərinin səmərəli aparılmasına, yüz minlərlə məcburi köçkünün öz dogma yurdlarına qayıtmasına əsas maneə olaraq qalır. Elə bu kimi səbəblərdən abadlıq-quruculuq işləri daha çox vaxt aparır. Bu kimi çətinliklərə baxmayaraq, azad olunan ərazilərimizdə yaşayış məntəqələrinin və infrastrukturun bərpasının daha da sürətləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dayanıqlı inkişafı, bu torpaqlara Böyük Qayıdışın təmin edilməsi dövlətimizin ən önəmli prioriteti olaraq qalmaqdadır. Şübhəsiz, elə bu inamla ölkəmiz məcburi köçkünlərin öz yurdlarına qovuşması istiqamətində yeni rekordlara imza atacaq. Xatırladaq ki, Ermənistan–Azərbaycan münaqişəsi nəticəsində 600 minə yaxın soydaşımız Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından didərgin düşüb.
Qvami Məhəbbətoğlu, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri