27 mart 2023 15:54
441

Türk dünyası böyük ailədir

Martın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bu gün də ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Bu mühüm addım bir daha sübut etdi ki, Azərbaycan və Türkiyə sevincli günlərdə də, kədərli günlərdə də bir-birinin yanındadır. Fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələnin ilk anından Azərbaycan dövləti, xalqı “Qardaş Türkiyənin yanındayıq” söyləyib səfərbər oldu, lazımi dəstəyi, yardımları göstərdi. Cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında diqqəti Azərbaycan-Türkiyə qardaşlığına, hər iki dost ölkənin bütün məqamlarda biri-birinin yanında olmasına yönəldərək bildirdi ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.

Zəngin tarixə malik olan Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına bir daha diqqət yönəldən cənab İlham Əliyev bu reallığı da ifadə etdi ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaq.

Dövlətimizin başçısı bütün çıxışlarında 44 günlük İkinci Qarabağ müharibəsində qardaş Türkiyənin, Prezident Rəcəb Tayyib Ərdoğanın mənəvi və siyasi dəstəyini daim diqqətə çatdırır.  Zirvə görüşündə də bu məqam xüsusi qeyd edildi ki, Prezident  Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir.

Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin yol xəritəsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsi də xüsusi diqqət yönəldilən məqamlardan oldu. 2021-ci il 15 iyun tarixində Qarabağın tacı Şuşa bu birliyin, həmrəyliyin daimiliyini təsdiqləyən sənədin imzalanmasına şahidlik etdi. Sənəd iki qardaş ölkənin əlaqələrinin gələcək inkişafının bələdçisi olacaq.

Azərbaycan-Türkiyə birliyi Türk dünyası, bütün dünya üçün nümunədir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlıq getdikcə güclənir. Zirvə görüşünün sonunda qəbul edilən Ankara Bəyannaməsində də qurumun gələcək fəaliyyəti ilə bağlı müddəalar öz əksini tapıb. Qəbul edilən hər bir sənəd, burada yer alan müddəaların hər biri bir hədəf, çağırışdır. Onların uğurla həyata keçirilməsi birliyi, həmrəyliyi möhkəmləndirməyi, səyləri birləşdirməyi bir tələbə çevirir. Türk dünyası böyük ailədir. Bu ailə hər bir hədəfə yüksək səviyyədə nail olmaq potensialına malikdir.

Gülər Kərimova,
​​​YAP Şabran rayon təşkilatının məsləhətçisi