19 mart 2023 16:27
134

Türk Birliyi: Böyük hədəflərə doğru inamla

Türk Dövlətləri Təşkilatının daha bir zirvəsi tarixə qovuşdu. Martın 16-da Türkiyənin paytaxtı Ankarada keçirilən toplantıda türk dövlətlərinin birliyinə doğru daha bir addım atıldı. Qeyd edək ki, Ankarada təşkil olunan tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etmiş, digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunmuşdu.

Hazırda türk birliyinin formalaşma prosesi çox sürətlə davam edir.  Azərbaycan və Türkiyə uzun müddətdir ki, koordinasiyalı və yüksək səviyyəli münasibət nümayiş etdirir.

Zirvənin keçirilməsinin təşəbbüskarı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin toplantıda etdiyi çıxışında qardaş Türkiyənin dağıdıcı təbii fəlakətilə üz -üz qaldığını, lakin zəlzələnin nəticələrinin aradan qaldırılmasında tək olmadığını bildirdi.

Qeyd edək ki, Azərbaycan Qahramanmaraş zəlzələsi baş verən ilk gündən qardaş Türkiyənin yanında oldu.

Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər oldu. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərildi. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Azərbaycan xilasedicilərinin və həkimlərinin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarıldı, 780 nəfərin cəsədi dağıntılar altında aşkar edildi. Xilasetmə işləri aparılan dövrdə tibbi personalımız isə ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.

Azərbaycan tərəfindən bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülüb. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılıb.

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub. Bu qardaşlıq münasibətlərinin əsası isə

 Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Türkiyə Cümhuriyyətinin qurucusu böyük Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyirdi. Ulu öndər Heydər Əliyev Türkiyə ilə Azərbaycan qardaşlığını bu sözlərlə ifadə etmişdi: “Biz bir millət, iki dövlətik”.

Heç şübhəsiz güclü iqtisadiyyatı, modern silahlarla və texnika ilə təchiz edilmiş qüdrətli ordusu olan Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində bu dağıdıcı zəlzələnin nəticələrini aradan qaldıracaq.

Biz sadəcə öz vəfa borcumuzu yerinə yetirdik. Türkiyə Cümhuriyyəti və onun prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə höküməti dar günümüzdə hər zaman yanımızda oldular, bizə dəstək verdilər. 2020-ci ildə işğalçı Ermənistana qarşı apardığımız Vətən Müharibəsində prezident Ərdoğan ilk saatlardan başlayaraq son günə qədər Azərbaycanın yanında oldu. Meydanda qazandığımız böyük zəfərdə qardaş Türkiyənin mənəvi dəstəyinin böyük rolu danılmazdır. O zaman cəbhədə Ermənistanla, diplomatik cəbhədə isə işğalçının himayədarları ilə döyüşürdük.  Vətən savaşı dövründə tək iqtidar yox, Türkiyə xalqı da bizim yanımızda idi. Qardaş ölkədən gələn hər isti mesaj əsgərimizi, generalımızı, diplomatımızı ruhlandırır, gücümüzə güc qatırdı.

2021-ci ilin iyunun 15-də Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi isə milli təhlükəsizliyimizin əsas qarant sənədlərindən biridir. Bu sənədlə iki qardaş ölkə arasında əlaqələr rəsmən müttəfiqlik səviyyəsinə qaldırılıb.

Qardaş ölkə son 20 ildə prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük inkişaf yolu keçib. Artıq Türkiyə Cümhuriyyəti bölgəsəl gücə, dünyada söz sahibinə, güc mərkəzinə çevrilib. Müasir dünyada Türkiyə ilə hesablaşır və ona hörmət edirlər.

Türkiyənin hərbi gücü ciddi bir faktora çevrilib. Qardaş ölkənin son illər yüksək sürətlə inkişaf edən hərbi sənayesinin uğurları diqqət mərkəzindədir. Qardaş ölkədə davamlı və dayanqlı sabitliq Türkiyə Cümhuriyyəti və bütövlükdə türk dünyası üçün əhəmiyyətli şərtlərdən biridir.

Son 20 ildə Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir.

Dünyanın yeni siyasi xəritəsi çəkilir, yeni geosiyasi düzən yaranır. Heç şübhəsiz ki, Türk Dövlətləri Birliyi yeni düzəndə öz yeri, mövqeyi olan güc mərkəzi rolunda çıxış edəcək.

Əminik ki, böyük dövlət xadimləri Rəcəb Tayyib Ərdoğanın və cənab İlham Əliyevin rəhbərliyi və birgə fəaliyyəti nəticəsəsində TDB yeni dünya düzənində öz layiqli yerini tutacaq.

Zibaxanım Cəfərli
YAP Xətai rayon təşkilatının "Məshəti 3"  ünvanı üzrə ərazi partiya təşkilatının üzvü