23 mart 2023 11:07
641

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artmaqda davam edir

Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Azərbaycan və Almaniya arasında əlaqələr yüksək səviyyədədir.

Martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Görüşdə cənab Prezident diqqətə çatdırdı ki, Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Azərbaycan beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrədir. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin biz hələ də əsasən neft və qaz ixrac edirik. Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. 

Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. Bu ildən qazın Rumıniyaya da çatdırılmasına başlanılmışdır. Cari ilinsonunda Macarıstana ilk qaz təchizatını həyata keçirmək fikrindəyik. Hazırda Albaniya hökuməti ilə Albaniyanın qaz təchizat şəbəkəsinin yaradılması və gələcəkdə Albaniyayada qaz ixracatını təmin etmək üçün danışıqlar aparılır. Bizə qaz sifarişini edən ölkələr sırasında, eyni zamanda, Çex Respublikası, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və digər ölkələr var. Avropada yaranmaqda olan interkonnektorlar da çox mühüm rol oynayır. Nə qədər çox interkonnektor olarsa, bir o qədər də bizim Avropa məkanında qaz ixracat coğrafiyası genişləndirilə bilər. Uzunmüddətli kontraktlar imzalanmalıdır. Avropada yaşıl keçidə meyillər çox yüksəkdir və bu səbəbindən Azərbaycan uzunmüddətli kontraktlarda maraqlıdır.Səfər çərçivəsində aparılan müzakirələr münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcudluğunu göstərir.

Cənab Prezident qeyd etdi ki, Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb.  Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq. 

Möhtərəm Prezident cənab İlham Əliyev görüşdə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri,  “Böyük Qayıdış” adlanan dövlət proqramının həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yaşıl enerji zonası elan edilməsi, bununla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planları, Naxçıvanın böyük ixrac potensialı, Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış saziş, BP-nin Qarabağın azad olunmuş Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olması, Avropada artan tələbatı nəzərə alaraq, qaz hasilatının artırılması, Azərbaycanda bərpaolunan enerji sahəsində qiymətlər, tənzimləyici qaydalar və biznes mühiti, ölkəmizin enerji potensialı, rəqəmsal transformasiya, nəqliyyat infrastrukturunun və gömrük idarəçiliyinin inteqrasiyası üzərində aparılan işlər, Şimal-Cənub nəqliyyat dəhlizi, ərzaq təhlükəsizliyi, Azərbaycanda Regional İnkişaf Proqramları, milli inkişaf strategiyası, təhsil sahəsində əməkdaşlıq kimi mühüm məsələlər barədə   Almaniyanın aparıcı şirkətlərinin rəhbərlərini məlumatlandırdı.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında artan rolu uğurla reallığa çevrilən layihələrdən, eyni zamanda, imzalanan sənədlərdən aydın görünür. Son zamanlar enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb. İstər Azərbaycanın Avropa dövlətlərinə, istərsə də həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin ardıcıl xarakter alması diqqətdən kənarda qalmır.Bütün bunlar onu göstərir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu günbəgün daha da artmaqdadır və ölkəmizdə Almaniya şirkətləri ilə tərəfdaşlığın inkişafı üçün hər cür imkanlar mövcuddur.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri