19 mart 2023 20:05
646

Zirvə görüşü Türk dünyasının birliyinə mühüm töhfə oldu

2023-cü il mart ayının 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Sammitin açılışında Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib və Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək dedi: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxışedən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”.

Digər dövlət başçıları da çıxış edərək,Türkiyədə baş vermiş zəlzələyə görə başsağlığlarını verdilər, bildirdilərki bu zəlzələ nəinki Türkiyəni,eləcə də bütün Türk dünyasını dərindən  sarsıtdı. Həlak olanların xatirəsini anmaq üçün hər il fevralın 6-sının Türk Dövlətləri Təşkilatı çərçivəsində “Həyatını itirənlərin anım və birlik, bərabərlik və həmrəylik günü” elan olunmasını təklif etdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxışında bildirib ki, qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları bizi olduqca kədərləndirib. Bu dağıdıcı zəlzələ on minlərlə insanın həyatına son qoyub. Əziz qardaşım, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına Azərbaycan xalqı adından bir daha dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.

Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır.

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.

Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının "General Şıxlınski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü