2023-cü il mart ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. Dövlətimizin başçısı Fövqəladə Zirvə görüşündə çıxış etdi.
Cənab Prezident İlham Əliyev qardaş Türkiyədə on minlərlə insanın həyatına son qoyan güclü zəlzələnin fəsadlarından kədərləndiyini, faciə ilə əlaqədar Türkiyə Dövlətinin Başçısına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqa Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verərək yaralananlara şəfa dilədi.
Ölkə başçısı Azərbaycan hökumətinin və xalqın zəlzələnin ilk anlarından qardaş Türkiyəyə humanitar yardım üçün səfərbər olduğunu bildirdi. Kömək məqsədilə Azərbaycandan 940 nəfər, xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərildi. Cənab Prezident İlham Əliyev Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olduğunu, xilasedicilər və həkimlər dağıntılar altından 53 nəfər sağ çıxardığını, 780 nəfərin cəsədi dağıntılar altında aşkarlandığını, tibb personalın ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərdiyini diqqətə çatdırdı.
Ölkə başçısı kömək məqsədilə maddi yardımdan bəhs edərkən 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürüldüyünü, Türkiyəyə 5320 ton humanitar yardım çatdırıldığını, “Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq” deyərək bu qardaşlığı göstərdi.
Cənab Prezident İlham Əliyev 2020-ci ildə İkinci Qarabağ müharibəsini yada salaraq müharibənin ilk saatlarından sonuna qədər Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xatırlatdı. 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında olduğunu, müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəldiyini bildirdi.
Ölkə başçısı Şuşa Bəyannaməsini yada salaraq 2021-ci ilin iyun ayında Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında imzalanmış bu sazişin iki dövlət arasında əlaqələrin müttəfiqlik səviyyəsinə qaldırıldığını qeyd etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında son 20 ildə Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin dünya dövlətləri arasında söz sahibi olmasına, illərlə qazandığı hərbi gücə, müdafiə sənayesi sahəsində böyük uğurlarına diqqətə çəkdi. Ölkə Başçısı bildirdi ki, Türk dünyasının gücləndirilməsində böyük xidmətlərinə görə 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğan Türk Dünyasının Ali Ordeni ilə təltif edilmişdir.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri