17 mart 2023 23:38
1211

Türk xalqlarının qardaşlaşması zamanın tələbidir

“Türkün türkdən başqa dostu yoxdur” deyimində bir həqiqət var. Biz uzun illərdir ki, həm Azərbaycana, həm də digər türk xalqlarına qarşı ayrı-seçkiliyin, ikili standartların baş alıb getdiyinin şahidiyik. Dünyada türkofobiya və islamofobiya kimi zərərli təbliğatlar heç də yaxşı gələcəkdən xəbər vermir. Ona görə də türk xalqlarının qədim dövrlərdə bünövrəsi qoyulmuş qardaşlıq əlaqələrinin dirçəldilməsi, sıxlaşdırılması və monolit birliyə çevrilməsi olduqca vacibdir. Yada salaq ki, Sovet imperiyası türk xalqlarının yaxınlaşmasına belə mane olur, Türkiyəni, İslam dövləti olan Pakistanı, Əfqanıstanı bizə düşmən kimi təqdim edirdi. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin türk birliyi istiqamətində irəli sürdüyü təşəbbüslər, atdığı addımlar türk dövlətlərinin liderləri tərəfindən dəstək qazanır və təqdir edilir. Türk Dövlətləri Birliyinin yaradılması da bu məqsədə xidmət edir.

“Beynəlxalq arenada türkçülüyün təbliğatı üçün universitetimizin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Türkoloji Mərkəzin Türk dilləri şöbəsi təşkil edilib. Universitetin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın ümumi rəhbərliyi ilə təsis edilən bu şöbəyə professor Mirvari İsmayılova başçılıq edir.”

Bu xəbəri “İki sahil”ə Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Məsmə İsmayılova verdi.

Alim söylədi ki, Türk dilləri şöbəsinin yaxın günlərdə keçirilən təsis yığıncağında çıxış edən elm adamları Azərbaycanda türkologiyanın yaradıcıları olan görkəmli elm xadimləri, akademiklər Tofiq Hacıyevin və Ağamusa Axundovun gördükləri işlərdən, həyata keçirdikləri tədbirlərdən ətraflı söz açdılar. Bildirildi ki, SSRİ-nin süqutundan sonra rus dilində çıxan “Sovetskaya tyurkologiya” jurnalı 1992-ci ildə ləğv edilərək əvəzinə “Türkologiya” jurnalı nəşr olundu. Jurnalın birinci baş redaktoru akademik Ağamusa Axundov, ikinci baş redaktoru akademik Tofiq Hacıyev oldu. O zaman jurnal çox populyar idi və əldən-ələ gəzirdi. Bu jurnal insanlarda milli ruhun yüksəldilməsi işində əvəzsiz rol oynayırdı.

İndi həmin ənənələri dirçəltmək və daha da inkişaf etdirmək son dərəcə vacibdir. Bunu getdikcə mürəkkəbləşən hadisələr tələb edir. Başlıca hədəfə çatmaq üçün ilk növbədə türk xalqlarının tanınmış simaları ilə görüşlər keçirmək, fikir mübadilələri aparmaq, ortaq dəyərləri inkişaf etdirmək, mədəniyyətləri, ədəbiyyatları və tarixləri təbliğ etmək lazımdır. Qısaca desək, yeni yaradılmış Türk dilləri şöbəsinin qarşısında geniş üfüqlər açılır və görüləsi işlər çoxdur. Burada da ilk nümunəni Prezident İlham Əliyev göstərib. Belə ki, iki il əvvəl türk dünyasının böyük oğlu, qazax xalqının yetirməsi, dünyada tanınmış görkəmli şair, diplomat, ictimai-siyasi xadim Oljas Süleymenov Bakıya dəvət edildi və Prezident İlham Əliyev onu qəbul edərək “Şöhrət” ordeni ilə təltif etdi. Bundan bir neçə il əvvəl isə o, Azərbaycanın “Xalqlar Dostluğu” ordeninə layiq görülmüşdü. Onun aşağıda dediyi sözlər isə yaddaşımızdan heç vaxt silinməz: "Bu günlərdə moskvalı bir jurnalist mənə sual ünvanlamışdı və sualı da belə başlamışdı: “Siz təbii ki, Azərbaycanın tərəfini tutursunuz”. Mən cavabında dedim: Azərbaycan futbol komandası deyil, mən onun tərəfini tutum. Azərbaycan mənim üçün doğma ölkədir, qardaş xalqdır. Ona görə də əgər bu möhtəşəm xalqa, respublikaya rəğbət bəsləyirəmsə, bunu dərin səmimiyyətimlə edirəm. Mən Bakıda, Gəncədə, Şuşada, Füzulidə və bir sıra digər şəhərlərdə çox gözəl günlər keçirmişəm, hamısını gəzmişəm. Bu, Sovet dövründə baş vermişdi. Hazırda orada cərəyan edən hadisələrdən xəbərdaram. 30 ildir hamımız bu ağrı-acı ilə yaşayırdıq. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində başlayan faciələrə kədərləndik. Həmin illərdə, 1990-cı ilin Qara Yanvar hadisələrində mən oraya getmişdim.”

Biz bütün türk xalqlarının nümayəndələri ilə belə sarsılmaz qardaşlıq münasibətlərinin qurulmasını arzulayırıq. Hələlik belə birlik Azərbaycan və Türkiyə arasında bərqərar olub. Digər türk xalqları ilə də belə qardaş münasibətlərinin qurulması ən böyük arzumuzdur və biz ona nail olacağıq. Yeni yaradılan Türk dilləri şöbəsinin rəhbərliyinə və əməkdaşlarına bu şərəfli yolda böyük uğurlar diləyirik!

Vəli İlyasov, “İki sahil”