17 mart 2023 23:47
464

Türk dünyasının sərhədləri genişlənir

Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü türk həmrəyliyinin növbəti təsdiqi oldu

Ötən ilin noyabrında Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündəki çıxışında Azərbaycan ilə Türkiyənin regionda sülhün təminatındakı rolunu, birgə fəaliyyət nəticəsində gerçəkləşən enerji və nəqliyyat layihələrinin Avropa üçün əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini təbii qaz kəmərlərinin dördüncü arteriyası adlandırdı. Eyni zamanda, bildirdi ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Qeyd olundu ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələlərin təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı çatmışdır.

Türkiyədə baş verən, «əsrin fəlakəti» adlandırılan dəhşətli zəlzələdən zərər çəkən qardaş ölkəyə bütün istiqamətlər üzrə dəstək göstərən TDT üzvlərinin birliyi Prezident İlham Əliyevin bu sözlərini gerçəkləşdirdi: «Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.»

Bu günlərdə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü qardaşlıq, həmryəlik nümunəsi kimi tarixə yazıldı. Faydalı, beynəlxalq və regional əhəmiyyətli təşəbbüsləri , çağırışları ilə fərqlənən, Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürən Prezident İlham Əliyev bu dəfə də öndərliyini göstərdi. Şuşada keçirilməsi nəzərdə tutulan Zirvə görüşünün dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə bu ilin fevral ayında baş vermiş dəhşətli zəlzələdən əziyyət çəkən Türkiyədə keçirilməsi qardaş ölkəyə siyasi, mənəvi dəstək idi. Bu görüş TDT-nin beynəlxalq ictimaiyyətə türk birliyinin sarsılmazlıq nümunəsi, qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi oldu.

«Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım»” mövzusuna həsr edilən, qardaş ölkə ilə birlik nümunəsi olan Zirvə görüşü TDT daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına yönələn həmrəylik platforması idi.

Zirvə görüşündə çıxışı edərək əsrlərin sınağından çıxan Türkiyə-Azərbaycan qardaşlığından bəhs edən Prezident İlham Əliyev çoxsaylı insanın tələfatına və xəsarət almasına, dağıntılara səbəb olan güclü zəlzələnin fəsadları ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana və türk xalqına başsağlığı verdi. Faciənin ilk anlarından qardaş ölkə ilə həmrəyliyini bildirən dövlət başçımızın vurğuladığı kimi, bu dəstək ulu öndər Heydər Əliyevin «Biz bir millət, iki dövlətik» aforizmini bir daha təsdiqlədi.

«Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib» söyləyən Prezident İlham Əliyev respublikamızın müxtəlif strukturları, könüllüləri, Azərbaycan xalqı tərəfindən AFAD və digər humanitar qurumların bank hesabına köçürülən vəsaiti qardaş dəstəyi adlandırdı.

Azərbaycanla Türkiyənin sevincli, kədərli günlərdə bir-birinin yanında olması tarixin müxtəlif illərində sınaqdan çıxmışdır.

İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycanla bir olduğunu siyasi, hərbi, mənəvi dəstəyi ilə bildirən, torpaqlarımızın işğaldan azad olunmasında, Ermənistan üzərində Zəfərimizin qazanılmasında Türkiyənin yardımını yüksək dəyərləndirən dövlət başçımızın vurğuladığı kimi, bu dəstək Azərbaycan xalqına əlavə güc verdi. 2021-ci ilin iyun ayında Şuşada Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqələr müxtəlif istiqamətlər üzrə inkişaf edir. Mövcud potensiallardan hər iki dövlətin milli maraqları naminə istifadə ilə bağlı razılaşdırılan şərtlərin icrası nəticəsində qardaşlıq münasibətləri müttəfiqlik səviyyəsinə qaldırılmışdır.

2022-ci ildə TDT-nin Səmərqənddə keçirilmiş Zirvə görüşündə türk dünyasının gücləndirilməsində böyük xidmətlərinə görə həmkarı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsini xatırladan Prezident İlham Əliyev belə bir əminliyini ifadə etdi ki, tarixi sınaqlardan, çətinliklərdən qətiyyətlə, mətanətlə çıxan türk xalqı dəhşətli zəlzələnin ağır fəsadlarını da bu birlik sayəsində aradan qaldıracaq: «Əminəm ki, əziz qardaşım bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir.»

Zirvə görüşündə Ermənistanın işğal altında saxladığı ərazilərimizdə törədilən dağıntılardan, erməni vəhşiliyindən, vandallığından bəhs edən dövlət başçımız işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-qurucluq işlərində Türkiyənin şirkətlərinin iştirakını da qardaşlıq köməyi kimi qiymətləndirdi. Eyni zamanda, işğal dövründə erməni faşistlərinin, terrorçularının törətdikləri cinayətləri diqqətə çatdırdı. Bu gün də davam edən «mina terroru» nəticəsində həlak olan 300-ə yaxın azərbaycanlının faciəsini milli kədərimiz adlandırdı. Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatı kobudcasına pozmasını, Zəngəzur dəhlizi ilə bağlı öhdəliyinə əməl etməməsini türk birliyinə qısqanclıq kimi dəyərləndirdi.

İkinci Qarabağ müharibəsindən sonra Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş Şuşa, Füzuli, Zəngilan və Cəbrayıl rayonlarına səfərlərini, Özbəkistanın himayəsi ilə Füzuli rayonunda tikilən məktəbi, Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzini türk birliyinin həmrəyliyi kimi diqqətə çatdırdı. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyası ilə bağlı zəmanət mexanizminin əhəmiyyəti vurğulandı. Prezident Rəcəb Tayyib Ərdoğanın Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə həmkarı İlham Əliyevə ünvanladığı «Qardaşlığın təzahürü olan bu Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə İlham qardaşıma və onun şəxsində Can Azərbaycana bir daha təşəkkürümü bildirirəm» sözləri qardaş sevgisinin, etimadının təzahürü idi.

Zirvə görüşündə Ankara Bəyannaməsi qəbul olundu , mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalandı. «Türk dünyasına baxış: 2040»” sənədinə uyğun olaraq TDT regionunda və dünyada təbii fəlakətlərin qarşısının alınması, cavab verilməsi və aradan qaldırılması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlığın və koordinasiyanın zəruriliyi ilə bağlı vəzifələr müəyyənləşdirildi. Bəyannamədə türk dövlətlərinin əldə etdiyi böyük siyasi, iqtisadi və sosial-mədəni tərəqqi yüksək qiymətləndirildi. Regional və beynəlxalq forumlarda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanlar diqqətə çatdırıldı.

Fəlakətdən sonrakı ehtiyacların qiymətləndirilməsi, dağıntılara məruz qalmış bölgələrin bərpası və yenidən qurulması prosesində Türkiyəyə dəstəyin davam etdiriləcəyi bildirildi. Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkiyənin, Özbəkistanın dövlət başçılarının imzaladıqları Bəyannamədə nəzərdə tutulan vəzifələrin birgə icrası üçün əlaqələndirmə istiqamətləri təsdiqləndi.

Zirvə görüşünün iştirakçıları Prezident Rəcəb Tayyib Ərdoğana türk dünyasının birlik və həmrəyliyinə, təhlükəsizliyinə və rifahına güclü töhfə verdiyinə, birlik ruhunun gücləndirilməsindəki güclü liderlik fəaliyyətinə görə minnətdarlıqlarını bildirib, qarşıdan gələn seçkilərdə uğurlar arzuladılar.

Xuraman İsmayılqızı, «İki sahil»