18 mart 2023 02:58
464

Makron Fransasının iç üzü: Riyakarlıq, müstəmləkəçilik, islamofobiya və…

Müxtəlif dövrlərdə törətdiyi cinayətlərlə, soyqırımları ilə tarixinə ləkə vuran Fransa hələ də öz ampluasındadır. Bu ölkənin növbəti bədnam əməli Fransa məhkəməsi tərəfindən Korsika adasında korsika dilinin qadağan olunmasıdır. Məhkəmə hesab edib ki, dövlət müəssisələrində bu dildən istifadə Fransa Konstitusiyasına ziddir. Qərarda Fransa konstitusiyasına istinad edərək bildirilir ki, ictimai vəzifələrin icrasında istifadəsinə icazə verilən yeganə dil fransız dilidir. Dil məsələsinə əlavə olaraq, məhkəmə “Korsika xalqı” ifadəsini də faktiki olaraq konstitusiyaya zidd hesab edib. Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır.

Korsika dilinin qadağan edilməsi Fransanın təcavüzünün başqa bir bariz göstəricisidir. Bu qərar təkcə korsikalılar deyil, həm də beynəlxalq hüquqa hörmət edən Avropa ictimaiyyəti arasında haqlı etirazlara səbəb olub. Korsikanın yüksək vəzifəli məmurları - Assambleyasının üzvləri adanın dilinin, mədəniyyətinin inkişafını, siyasi muxtariyyətini tələb edir və bu istiqamətdə çalışır. Korsika xalqının olduğu kimi tanınmasını istəyirlər. Fransa Polineziyası sakinlərinin 2 vətəndaşlığı -Polineziya və Fransa var. Bu heç bir problem yaratmır və Korsikaya da tətbiq oluna bilər. Ancaq Korsikaya bu imkan verilmir. Korsika dilinin rəsmiliyi ilə fransız dilinin rəsmiliyi fərqlidir və bir-birinə mane olmur. Qonşu İsveçrə, İspaniya  və digər ölkələrdə rəsmi surətdə bir neçə dildən istifadə olunur və bununla bağlı heç bir qadağa yoxdur. Ancaq Fransa yalnız bir dilin - fransız dilinin rəsmi dil kimi istifadəsinə məcbur edir. Bu isə aydın diskriminasiyadır. Korsikada yerli dilin istifadəsi ilə bağlı məhdudiyyətin qoyulması insan hüquqlarının pozulmasından başqa bir şey deyil.

XXI əsrdə öz tarixi vətənlərində Korsika xalqının dilinin qadağan edilməsi Makron Fransasının görünməmiş aqressiyasıdır. Belə qərar universal dəyərlərdən, insan hüquqlarından dəm vuran Fransanın əslində insan hüquq və azadlıqlarına olan  real münasibətinin göstəricisidir.

Yaşadıqları ərazidə korsikalıları öz dillərindən məhrum etməyə çalışan Fransa hökuməti “Frankofoniya” adlı təşkilat yaradaraq fransızlara heç bir aidiyyəti olmayan xalqlara öz dilini “dövlət dili” statusunda sırımağa çalışır. Əslində, Beynəlxalq Frankofoniya Təşkilatının yaradılmasında əsas hədəf Fransanın keçmiş və hazırda mövcud olan müstəmləkələri üzərində “mədəni” nəzarətini qoruyub saxlamaqdan ibarət olub. Həmin təşkilata vaxtilə Fransanın müstəmləkəsi olmuş ərəb dövlətləri, Afrikadakı bir sıra ölkələr və s. daxildir. Fransız dilinin bu ölkələrdə dövlət dili statusunda qorunmasına çalışan Fransa hakimiyyəti bununla öz müstəmləkəçi siyasətini davam etdirir. Bu fakt isə rəsmi Parisin iddia etdiyi demokratiya və insan hüquqları kimi dəyərlərdən tamamilə uzaqdır. Başqa sözlə, özünü demokratik dəyərlərin daşıyıcısı hesab edən bir ölkənin XXI əsrdə koloniyalarının sahəsindən asılı olmayaraq müstəmləkəçilik siyasətini davam etdirməsi beynəlxalq hüququn, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının ayaqlar altına atılmasıdır. Bütün bunların fonunda Fransa məhkəməsinin Korsika dilini eyni adlı ərazidə qadağan etməsi heç bir məntiqə sığmır. Bax bu, Fransanın iç üzüdür: riyakarlıq, ədalətsizlik, müstəmləkiçilik, islamofob və …

Bu siyasətin ən  bariz nümunəsini isə Hayastana münasibət timsalında görmək olar. İşğalçı, barbar dövləti dəstəkləmək  də məhz Fransanın daxili və xarici siyasətinin əsl mahiyyətindən xəbər verir. Fransa dövləti hər zaman özü kimi tarixi cinayətlərlə dolu olan Ermənistanı müdafiə edib. Hayastanla Fransanı iqtisadi, siyasi məqsədlərlə yanaşı, həm də cinayətlər hesabına ərazi genişləndirmə siyasəti də birləşdirir. Fransa tarix boyu başqa torpaqlara daxil olaraq həm ərazisini genişləndirdiyi, həm də müsəlmanlara qarşı qırğınlar törətdiyi kimi, Ermənistan bu siyasəti yürüdüb.  Fransadakı erməni diasporunun maraqlarını rəhbər tutan bu ölkənin hökuməti Azərbaycanı Qarabağda yaşayan etnik ermənilərin hüquqlarını təmin etməyə çağırır, amma öz vətəndaşlarının, müxtəlif etnik qrupların, korsikalıların hüquqlarını qəddarcasına pozur. Halbuki multikulturalizmin çox yüksək səviyyədə olduğu dünyəvi dövlət olan Azərbaycandan nümunə götürmək Fransa üçün çox faydalı olardı. Azərbaycanda doğma dillərində danışa bilən, öz bayramlarını qeyd edən, öz mədəniyyətini təbliğ edən, amma bununla yanaşı, vahid cəmiyyətin bir hissəsi olan bir çox etnik qruplar yaşayır. Azərbaycan Qarabağdakı etnik erməniləri öz vətəndaşları kimi tanıyır və onların cəmiyyətə inteqrasiya etmək hüququnu təmin etməyə hazırdır.

Bütün bunların qarşılığında tarixin ironiyasıdır ki, bu gün Azərbaycanı az qala haylara qarşı “soyqırımı” törətməkdə ittiham edən əksər ölkələrin tarixləri cinayətlər və qanunsuz məskunlaşmalarla doludur. Müasir Fransanın siyasi və ictimai diskursunda müsəlman və qaradərili əhaliyə münasibətdə supremasist və irqçi meyillər getdikcə artmaqdadır. Fransa hər yerdə özünü “demokratiyanın atası” kimi göstərir, bu rolu oynamaq istəyir. Amma Korsikada gedən proseslər onu nümayiş etdirir ki, Prezident Makronun siyasəti heç də belə deyil, hətta insanların haqlı hüquqlarını kifayət qədər pozan bir siyasətdir.

Yaqut Ağaşahqızı, “İki sahil”