Bu gün Ermənistan adlandırılan ərazidə bir vaxtlar azərbaycanlılarla yanaşı, digər xalqlar da yaşayıblar. Amma onlar min illər boyu yaşadıqları öz doğma torpaqlarından sistemli formada zaman-zaman erməni millətçiləri tərəfindən qovulublar, ya da deportasiyaya məruz qalıblar. Özü də azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə zorakılıq, soyqırımı, kütləvi qətliam, insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Düşünülmüş şəkildə reallaşdırılan və ən ağır cinayətləri özündə ehtiva edən bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub.
1890-cı ildə yaradılmış terrorçu “Daşnaksütyun” partiyasının təsiri altında “böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarlarının, həmçinin çar Rusiyasının, sovet hakimiyyəti rəsmilərinin ermənipərəst mövqelərindən yararlanıblar. Belə ki, erməni millətçiləri baş qaldıranda onları elə yerində ram etmək olardı. Amma belə bir addım atılmayıb. Əksinə, erməni millətçilərinin faşist ideologiyasına rəvac verilib. Nəticədə Ermənistanın etnik tərkibi tamamilə dəyişdirilib və burada monoetnik bir dövlət təşkil olunub. Hazırda sözügedən ölkədə ermənilərdən başqa demək olar ki, başqa millət yaşamır. Artıq dünya bu təcavüzkar dövləti monoetnik bir ölkə, monodövlət kimi qəbul etməkdədir. Hətta tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan bu gün öz monoetnikliyi ilə fərqlənən dünya ölkələri arasında liderdir.
Erməni faşistləri elə düşünürdülər ki, bu monoetniklik Ermənistana müəyyən üstünlüklər qazandıracaq. Amma hadisələrin sonrakı inkişafı onların yanıldığını ortaya qoydu. Fikrimizcə, elə Ermənistanın bugünkü tənəzzülünün səbəbini, üzləşdiyi problemləri, rəzil duruma düşməsini bu amildə axtarmaq lazımdır.
Azərbaycana gəldikdə isə ölkəmiz çoxmillətli, çoxkonfessiyalı məmləkətdir. Ölkəmiz ta qədimdən müasir dövrümüzədək öz polietnikliyini qoruyub saxlayıb. Üstəlik, monoetnik dövlət olan, praktiki surətdə bütün milli azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənistandan fərqli olaraq, ölkəmizdə erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı normal şəraitdə yaşayır. Cəmiyyətimizin etnik, həmçinin dini müxtəlifliyini böyük sərvətimiz kimi dəyərləndirən, ölkə daxilində milli birliyə nail olan Prezident İlham Əliyevin bildirdiyi kimi, əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş olmuşdur, bu gün də belədir. İkinci Qarabağ müharibəsində bütün xalqların nümayəndələrinin “Dəmir yumruq” kimi birləşərək Qarabağ uğrunda, Azərbaycan uğrunda erməni quldurlarına qarşı vuruşmaları, mənfur düşmənə qalib gəlmələri bunu bir daha təsdiq etmirmi?
Bəli, bu gün biz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti sayəsində Qarabağdayıq, Şuşadayıq, Laçındayıq, Kəlbəcərdəyik və digər işğaldan azad edilmiş tarixi torpaqlarımızdayıq. Şübhəsiz, bir amal uğrunda birləşməyimiz soydaşlarımızı Qərbi Azərbaycandakı əzəli-əbədi yurdlara da aparıb çıxaracaq. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin 24 dekabrında Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşündəki proqram xarakterli çıxışında Qarabağa və Şərqi Zəngəzura uğurlu Böyük Qayıdış konsepsiyası həyata keçirən ölkəmizin növbəti tarixi strateji hədəfinin vaxtilə yurdundan deportasiya edilən, qovulan yüzminlərlə Qərbi azərbaycanlının öz dədə-baba yurdlarına dönüşünün gerçəkləşdirməkdən ibarət olduğunu söyləmişdir. Nəyi, necə və nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilən dövlətimizin başçısı daha sonra bildirmişdir: "Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır". Yeri gəlmişkən qeyd edək ki, bu qayıdışın bütün detalları Prezidentin tapşırığı ilə hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini tapıb.
Buradan bir daha belə qənaətə gəlmək olar ki, Azərbaycan bu prosesi sülh yolu ilə, beynəlxalq hüququn imkanlarından maksimum istifadə etməklə həyata keçirəcək. Söz yox ki, bu mübarizə heç də asan olmayacaq. Çünki daşnakların, eləcə də onların havadarlarının Azərbaycanın bu istəyinə ciddi müqavimət göstərəcəkləri şəksizdir. Bütün bunlara rəğmən, Qərbi azərbaycanlıların bir gün doğma torpaqlarına, əzəli yurdlarına qayıdacaqları şübhə doğurmur.
Qvami Məhəbbətoğlu, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri