17 mart 2023 16:10
514

Azərbaycan-Almaniya münasibətləri yüksək səviyyədədir

Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Almaniya dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya hələ 2004-cü ildə gerçəkləşmiş ilk rəsmi səfərinin yekunları iki ölkənin əməkdaşlığı üçün daha böyük potensialın olduğunu bir daha təsdiqləmişdi. Səfər çərçivəsində imzalanmış bir sıra sazişlər iqtisadi əməkdaşlıq baxımından geniş imkanlar açmışdır.

2007-ci ilin fevralında Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına növbəti səfəri ikitərəfli əməkdaşlığın yeni mərhələyə daxil olduğunu təsdiqləməklə bir sıra mühüm nəticələrlə yadda qalmışdır. Əldə edilən nəticələr deməyə əsas verir ki, qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri kimi çıxış edən Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə ciddi maraq göstərir. Rəsmi Berlin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini reallaşdıran Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir. Almaniya gələcəkdə enerjiyə artan daxili tələbatlarını Azərbaycandan idxal edəcəyi neft və təbii qaz hesabına təmin etmək, beləliklə, həm də alternativ enerji mənbəyi qazanmaq niyyətindədir. Bundan başqa, respublikamızın Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Almaniya üçün də vacib önəm daşıyır.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri əlamətdar hadisələrlə yadda qalmışdır. Səfər çərçivəsində enerji təhlükəsizliyi məsələləri əsas müzakirə mövzularından biri olmuşdur.

Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə Prezident İlham Əliyev bildirmişdir ki, “son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Düşünürəm ki, bu, dünya rekordu hesab oluna bilər”. Görüşlərdəki çıxışlardan aydın olmuşdur ki, alman şirkətləri Azərbaycanla əməkdaşlığa maraqlıdırlar.

Görüşdə Almaniya biznesi üçün Azərbaycanda geniş imkanlar açıldı. Həmçinin, əvvəllər ölkəmizdə fəaliyyət göstərən şirkətlərin imkanları daha da genişləndirildi. Hər bir dövlətin inkişafı üçün investisiya mühitinin yaxşı olması çox önəmlidir və istənilən ölkənin iqtisadi inkişafını təmin edən amillərdəndir.

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank - Valter Steinmeyerlə keçirilən geniş tərkibdə görüşdə səsləndirdiyi fikirlər bilavasitə dövlətimizin milli maraqlarına, sülhə, əmin-amanlığa, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına, əlbəttə Ermənistanla münasibətlərin yaxşılaşdırılmasına xidmət edir.

Azərbaycan - Ermənistan münasibətləri bu görüşlərin də əsas mövzusu idi. Dövlətimizin rəhbəri çıxışlarında bir daha sülhə sadiqliyini ifadə etdi və bildirdi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalanma prosesini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin missiyasını, Brüssel sülh gündəliyini dəstəkləyir. Almaniya Prezidenti isə öz növbəsində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirmişdir.

Bu gün Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Almaniya Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı