17 mart 2023 00:23
529

Dost ölkələr arasında həmrəylik çağırışı: Biz birlikdə güclüyük

Ankara Bəyannaməsində Zirvə görüşünün Azərbaycanın təşəbbüsü ilə Ankarada keçirilməsi xüsusi vurğulanaraq ölkəmizin türk dünyasının birliyinə töhfələri təqdir edilir

“2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir. Əminəm ki, əziz qardaşım bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir.” Dövlət başçısı İlham Əliyevin martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə səsləndirdiyi bu fikirlər zəngin tarixə malik olan Azərbaycan-Türkiyə münasibətlərinin bu gününə və gələcəyinə, o cümlədən bu birliyin türkdilli dövlətlər arasında əlaqələrin inkişafına verdiyi töhfələrə işıq salır. Bu Zirvə görüşü bir daha dünyanın diqqətini Azərbaycan-Türkiyə qardaşlığına yönəltdi. Belə ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Ankarada keçirilməsi təşəbbüsü Azərbaycana məxsusdur. Tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.

Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının təqdimatı olan biri-birindən mühüm əhəmiyyət kəsb edən hadisələri, məqamları xeyli sayda sadalaya bilərik. Əsas olan budur ki, iki qardaş ölkə sevincli və kədərli günlərdə hər zaman bir yerdədirlər. Dövlət başçısı İlham Əliyev çıxışında diqqəti bu məqama yönəldərək Türkiyənin 44 günlük İkinci Qarabağ müharibəsində ölkəmizə siyasi və mənəvi dəstəyini xüsusi vurğuladı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” çağırışı ötən ayın əvvəlində Türkiyədə baş verən zəlzələ zamanı “Qardaş Türkiyənin yanındayıq! çağırışı ilə əvəzləndi. Bir daha sübut olundu ki, Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir. Eyni fikirləri qardaş ölkə ilə də bağlı qeyd edə bilərik ki, Türkiyənin sevinci Azərbaycanın sevinci, Türkiyənin kədəri Azərbaycanın kədəridir. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Zirvə görüşünün Ankarada keçirilməsi də bunun bariz nümunəsidir. Cənab İlham Əliyev çıxışında diqqəti regiondakı reallıqlara da yönəltdi. Bildirdi ki, tarixi Zəfərmizin yaratdığı reallıqlara uyğun olaraq işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan-Türkiyə qardaşlığı bu prosesdə də özünün aydın ifadəsini tapır. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayılda olub. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirdi.

Fövqəladə Zirvə görüşünün mövzusu həm tədbirin mahiyyətinə, həm də qarşıdakı dövrdə birgə fəaliyyətin istiqamətlərinə aydınlıq gətirir. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” çağırışı ilə Ankarada bir araya gələn türkdilli dövlətlərin qəbul etdikləri Ankara Bəyannaməsində əməkdaşlığın inkişafına xidmət edən müddəalar öz əksini tapıb. Sənəddə Zirvə görüşünün Azərbaycanın təşəbbüsü ilə Ankarada keçirilməsi xüsusi qeyd edilir. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları biri-birindən mühüm məqamlara söykənərək bəyan etdikləri qərarları təqdim etdilər. Türkdilli dövlətlər zəlzələdən sonra bərpa və yenidənqurma işlərində Türkiyə xalqı və Hökuməti ilə həmrəylik ifadə etdilər. Üzv və müşahidəçi dövlətlər, eləcə də dünyanın hər yerindən digər ölkələr, beynəlxalq təşkilatlar, platformalar tərəfindən yerləşdirilmiş fövqəladə hallara cavab qrupları tərəfindən fəlakətdən sonra həyata keçirilən fədakar axtarış və xilasetmə əməliyyatlarını alqışladılar. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Türk dünyasının birliyi və həmrəyliyinə, eləcə də təhlükəsizliyi və rifahına verdiyi güclü və davamlı töhfələrinə, Türk Dövlətləri Təşkilatının birlik ruhunun gücləndirilməsində möhkəm liderliyinə görə təşəkkürlərini bildirir və gələcək seçkilərdə uğurlar arzu etdirlər.

Təbii ki, hər bir toplantının, Zirvə görüşünün sonunda qəbul olunan Bəyannamə həm tədbirin mahiyyətini açıqlayır, həm də münasibətlərin gələcək inkişafı üçün yol xəritəsi olur. Bu reallıq inkaredilməzdir ki, türkdilli dövlətlər arasında əlaqələr hazırda yüksələn xətlə inkişaf edir. Azəraycanın və Türkiyənin quruma sədrliyi dövrü səmərəli fəaliyyət, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaqla xarakterizə edilir. O da məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ildə türk dünyasının inkişafına verdiyi töhfələrə görə Türk Dünyasının Ali Ordeninə layiq görülmüşdür. “Türk dünyası böyük ailədir” çağırışı ilə gələcəkdə bu ailənin daha da möhkəmləndirilməsini bir tələb kimi qarşıya qoyan dövlət başçısı İlham Əliyev Zirvə görüşünün Ankarada keçirilməsi təşəbbüsünü irəli sürməklə türk dünyasının birliyinə növbəti töhfəsini verdi. “Biz birlikdə güclüyük!” çağırışı bu gün də türk dünyasın birliyində öz sözünü deyir.

Yeganə Əliyeva, “İki sahil”