17 mart 2023 01:58
479

İrqi ayrı-seçkilik və ksenofobiya Fransanın həyat tərzidir

Emmanuel Makronun bədnam «Azadlıq, bərabərlik və qardaşlıq» siyasəti islamofobiyaya qarşı mübarizə vasitəsidir

Dünyada multikultural dəyərlərə sadiqliyi ilə fərqlənən, tolerant ölkə kimi təcrübəsi təbliğ olunan Azərbaycanın müxtəlif dillərə, dinlərə məxsus insanların birgə yaşadığı demokratik, sivilizasiyalararası ölkə kimi rəğbət qazanması beynəlxalq səviyyədə təsdiqlənən reallıqdır. Ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərin mahiyyətini də xeyirxahlıq, birlik, əməkdaşlıq prinsipləri təşkil edir. Bu tədbirlərdə dünya ictimaiyyətinə humanizm çağırışları ünvanlanır.

Son vaxtlar ən yüksək həddə çatmış islamofobiya təzahürlərinin davamlı artımının narahatlıq doğurduğu vaxtlarda Bakıda keçirilən humanitar tədbirlər dövlətlərarası qarşılıqlı əməkdaşlığın təzahürüdür. Paytaxtımızda 32 ölkəni təmsil edən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə «İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar» mövzusunda beynəlxalq konfransın keçirilməsi xalqımızın multikultural dəyərlərə sadiqliyinin nümunəsidir. İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan konfransın əsas məqsədi beynəlxalq səviyyədə islamofobiyaya və ksenofobiyaya qarşı birgə mübarizə aparmaqdır.

BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos konfransa ünvanladığı videomüraciətində bildirdiyi kimi, islamofobiya təkcə İslam dininə və müsəlman cəmiyyətinə qarşı deyil, bu, fobiyadır, insanlara, insan hüquqlarına qarşı olmaq deməkdir. Xüsusilə immiqrantlara və etnik azlıqlara qarşı münasibətdə ksenofobiya və irqçilik mənasında başa düşülən islamofobiya ilə mübarizə, həm də bütün səviyyələrdə irqçiliyə qarşı barışmazlıq kimi başa düşülməli və qəbul edilməlidir.

 Çox təəssüf ki, qlobal hadisələr, milli münaqişələr, təbii fəlakətlərlə üzləşən XXI əsrdə belə dünyamızın çərxini şəxsi maraqları naminə idarə edən radikal qüvvələr hələ də bəşəri dəyərlərə zərər vurmaqdadırlar. Qərbdə bitib-tükənməyən islamofobiya xofunun, Avropada miqrant böhranının, pandemiyanın bütün dövlətlərin iqtisadiyyatına, insanların həyat tərzinə təsir etdiyi, təbii fəlakətlərin fəsadlarının artdığı bir zamanda bu cür zərərli meyillər planetimizin gələcəyinə ciddi təhlükələr yaradır. Yaşadıqları yurd yerlərini milli münaqişə zəminində törədilən faciələr, xarici müdaxilələr, terrorlar nəticəsində tərk edən insanların əksəriyyəti müsəlmanlardır. Evləri dağıdılan, şəhərləri yerlə-yeksan edilən, yaxınları, qohumları öldürülən, canlarını qurtarmaq üçün Avropaya üz tutan miqrantlar daha acınacaqlı yaşam tərzinə məruz qalırlar. Avropada tikanlı məftillərlə üzləşən bu vətənsizlərin acı taleyi sivilizasiyalararası münasibətlərə çox böyük zərbə vurur. Ən təhlükəli məqam isə radikal dairələrin miqrant böhranından öz məqsədləri naminə istifadə etmələri, sivilizasiyalararası qarşıdurmanın gücləndirilməsi, insanlara birlik, qardaşlıq vəd edən İslama qarşı təxribatların artmasıdır.

 Halbuki, müsəlman olmayan alimlər, başqa dinlərə məxsus siyasətçilər İslam dini, sosial, siyasi lider və İslamın qurucusu Həzrəti Muhəmməd (s) barəsində çox yüksək fikirlər söyləmişlər. «Maraqlıdır ki, biləsiniz bu gün milyonlarla insanın qəlbində yer alan insan Muhəmməddir (s). Mən başa düşmüşəm ki, o günlərdə çox sayda insanın İslama gəlməsinə səbəb olan şey – qılınc deyildi, Muhəmmədin (s) sadə yaşamağı idi. O, başqa peyğəmbərlər (ə) kimi təqvalı idi. Çox əmanətdar idi. Dostlarına, davamçılarına qarşı fədakar, Allaha təvəkkül edən idi”» söyləyən Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandinin sözlərinə haqq qazandıran fransız şair, yazıçı, siyasətçi Alfonso de Lamartini yazır: «Muhəmməd (s) nəinki qanunları, orduları, milyonlarla insanları hərəkətə gətirdi, əslində dünyada sakin olanların üçdə birini hərəkətə gətirdi. O, dinləri, əqidələri, nəfsləri dəyişdirdi. Muhəmməd (s) – bir dini müəllim, bir əxlaqi rəhbər, vəfalı dost, gözəl yoldaş, sevgi dolu ata və həyat yoldaşı idi.Tarixdə elə bir insan yoxdur ki, onun kimi bütün bu cəhətlərə malik olsun və onunla bərabər olsun.» Aleksandır Düma isə «Mühəmməd (s) – Şərqin möcüzəsi idi. Çünki dinində böyük təlimlər vardır. Əxlaqı üstün idi və bəyənilən rəftara malik idi» söyləyib. Tarixin ən böyük şəxsiyyətlərindən olan, İslamın dirəyi, yaradıcısı adlandırılan Peyğəmbərimiz haqqında söylənilən onlarla belə nümunələr göstərmək olar.

Çox təəssüf ki, belə yüksək düşüncə tərzinə malik tanınmışların davamçıları olan, şəxsi maraqları naminə münaqişələr yaradan, yüzlərlə günahsız insanın ölümü ilə nəticələnən dəhşətli terrorlar törədən, dini radikalizmə xidmət edən dairələr bəşəri dəyərlərin əksinə ksenofobiyaya, dini ayrı-seçkilik meyillərinə üstünlük verərək insanları məhv edirlər.

Bu reallığı İslam dininə ibadət edən insanların Avropa ölkələrinin demoqrafiq vəziyyəti ilə bağlı statistik rəqəmlər, araşdırmalar da təsdiqləyir. Nümunə üçün əhalisinin 8,8 faizini (5,7 milyon nəfər) müsəlmanların təşkil etdiyi Fransada İslama münasibəti əks etdirən vəziyyətə, Vaşinqtonda yerləşən «Pew Research Center» adlı beyin mərkəzi tərəfindən dərc olunmuş araşdırmaya nəzər salaq. Almaniyanın «Statista» şirkətinin açıqlamalarında qeyd olunur ki, Avropa şəhərləri arasında Paris və İl-dö-Frans regionu müsəlman əhalinin sayına görə birinci yerdədir. Burada 2,8 milyon müsəlman əhalinin yaşadığı güman edilir. Ümumilikdə 67,5 milyon əhalisi olan Fransa Avropa İttifaqı ölkələri sırasında müsəlmanların say göstəricisinə görə birinci yeri tutur. Bu rəqəmin 2050-ci ilə qədər iki dəfədən çox artacağı proqnozlaşdırılır.

 Qeyd edək ki, Fransada əhalinin siyahıyaalınması kampaniyalarında ölkə vətəndaşlarının dini mənsubiyyəti barədə sorğu aparılmır. 1905-ci il dekabrın 9-da qəbul olunmuş «Kilsələrin və dövlətin ayrılması haqqında» Qanuna əsasən ölkədə dövlətin siyasəti kimi rəsmi olaraq dünyəvilik prinsipi elan olunub. 1978-ci ildə qəbul edilmiş Qanuna əsasən, ölkədə yaşayan fərdlərin irqi, etnik və dini mənsubiyyəti barədə məlumatın toplanması birmənalı qadağan edilib. Bu qadağalar davamlı ayrı-seçkilik hallarının qarşısını almaq və mübarizə tədbirləri görmək üçün səmərəli mexanizmlərin tətbiqinə imkan vermir. Başqa dinlərə nifrət zəminində törədilən cinayətlərin rəsmi statistikası aparılmasa da, ölkənin müsəlman əhalisi, qaradərili fransızlar, digər etnik və dini qruplara, xüsusilə müsəlmanlara qarşı qadağalar artır, dini məktəblər bağlanır, dərnəklər ləğv edilir, məscid tikintisinə icazə verilmir, imamlar məscidlərdən qovulur, hicab qadağası genişlənir, ifadə azadlığı adı altında müsəlmanların müqəddəs saydıqları inanclar təhqir edilir. Bunun nəticəsidir ki, bu ölkədə antisemitizm hərəkətləri son illərdə 27, müsəlmanları hədəfləyən hərəkətlər 54 faiz artaraq 496-dan 1142 faizə yüksəlib. Bu rəqəm onu göstərir ki, Fransada mənəvi və dini ayrı-seçkilik meyilləri artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir. Belə ki, ölkə əhalisinin 10 faizə yaxın hissəsini müsəlmanların təşkil etməsinə baxmayaraq, siyasi elita və tanınmış ictimai xadimlər, eləcə də əhalinin çoxluq təşkil edən hissəsi arasında anti-İslam əhval-ruhiyyəsi kifayət qədər yüksəkdir. «Respublika prinsiplərinə hörmətin möhkəmləndirilməsi haqqında» Qanun birbaşa müsəlman əhalisinə qarşı etimadsızlığı və sui-istifadəni təşviq edir. Bu Qanunun icrası çərçivəsində hökumət aparatında İslamın və müsəlmanların müşahidə edilməsi üçün 101 struktur yaradılıb, 24 min 887 müsəlman təşkilatı, müəssisəsi gizli qara siyahıya alınıb və yoxlanılmaqdadır. Müsəlmanların sahib olduğu 718 təşkilatın və müəssisənin, o cümlədən 4 məktəbin, 37 məscidin, 210 müəssisənin, 2 təşkilatın fəaliyyəti dayandırılıb. Respublika ərazisində vətəndaşlara münasibətdə «immiqrantlar» anlayışından istifadə müsəlmanların fransız cəmiyyətində kənar və yad insanlar kimi səciyyələndirilməsinə səbəb olur.

 Fransada islamofobiya bu ölkənin tarixi müstəmləkəçilik siyasətində və Makron hökumətinin yürütdüyü irqçi təfəkkürdə formalaşıb. «Bərabərlik», «qardaşlıq», «dünyəvilik» şüarlarından fransızsayağı, irqi və dini azlıqların problemlərinin ört-basdır edilməsi üçün istifadə edilir.

 Ötən il Azərbaycanın bu ölkədəki diplomatik korpusuna hücum edən ermənilər haqqında heç bir tədbir görməyən Makron hakimiyyəti antidemokratik düşüncəyə sahib olduğunu göstərdi. Amerika, Afrika, Asiya qitələrində, Okeaniya bölgəsində 50-dən artıq dövlətin ərazisini işğal edib, sərvətlərini talan edən Fransa azsaylı xalqları uzun illər əsarətdə saxlamaqla milyonlarla insanı qətlə yetirib, qul kimi işlədib. Nüvə sınaqları həyata keçirdiyi Əlcəzairdə müsəlman əhalisinin sağlamlığına ciddi ziyan vurub. Dünyəvilik və İslam mövzusunda çıxış edən Fransa Prezidenti Emmanuel Makronun başçılıq etdiyi partiyanın təşəbbüsü ilə «İslam separatçılığı» Qanununun” qəbul edilməsi isə irqi ayrı- seçkiliyin dəstəklənməsidir. Ksenofobiyanın digər növü olan antisemitizmin gücləndiyi bu ölkədə məscidləri dağıdanlar, miqrantlara qarşı cinayət törədənlər cəzalandırılmırlar.

Ermənistana siyasi, hərbi dəstəyini əsirgəməyən Fransa ilə Hayastanı birləşdirən dəyərlər də işğalçılıq, separatçılıq, ksenofobiya, terrorçuluq, başqa xalqlara məxsus sərvətlərin mənimsənilməsidir. Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində aşkarlanan kütləvi məzarlıqlarda basdırılan soydaşlarımızın qətlə yetirilməsində Fransa təcrübəsindən istifadə istisna deyildir. Bu baxımdan Fransanı özünü Avropanın mədəni, sivil dövlət hesab etməsi ağ kağıza vurulan qara ləkədir.

Xuraman İsmayılqızı, «İki sahil»