16 mart 2023 00:25
733

Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır

Dövlət başçısı İlham Əliyevin Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşünün  keçirilməsi ilə bağlı təşəbbüsü bu qardaşlığın möhkəmləndirilməsinə xidmət edən addımlar sırasındandır

“Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik.” Dövlət başçısı İlham Əliyevin ötən ilin noyabrında  Səmərqənddə keçirilən  Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə səsləndirdiyi bu fikirlər dünyaya mesaj kimi dəyərləndirildi. Cənab İlham Əliyev hər zaman bu çağırışı səsləndirir ki, gücümüz birliyimizdədir. Türk dünyasının birliyinin, həmrəyliyinin möhkəmləndirilməsi  dövlətimizin xarici siyasətinin əsas tərkib hissəsidir. Dövlət başçısı İlham Əliyevin 2021-ci ildə Türk Dünyasının Ali Ordineninə layiq görülməsi  bütün məqamları özündə ehtiva edir.  Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda ümumilikdə türk dünyasının birliyi özünün aydın mənzərəsini yaradır. Sıx tellərlə bağlı olan bu əlaqələr zamanın sınaqlarından şərəflə çıxaraq bu gün müttəfiqlik səviyyəsinə yüksəlib. 2021-ci il 15 iyun tarixində Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşa iki dost, qardaş ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilmsinə şahidlik etdi. Belə ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bundan sonrakı mərhələdə inkişafının yol xəritəsidir.

Böyük öndərlər- Mustafa Kamal Atatürkün “Azərbacanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir illət, iki dövlətik” tezisləri bütün dövrlər üçün öz aktuallığını qoruyur, Azərbaycan-Türkiyə qardaşlığına bələdçilik edir. Sevincli, kədərli anlarda daim biri-birinə dəstək olan Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir. Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşünün  keçirilməsinin nəzərdə tutulması da bu birliyin təsdiqidir.  Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.

“Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platforma olacaq. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində sıx çoxtərəfli əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkəcək, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparacaqlar.

Ümumiyyətlə, son illərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir. Hazırda Türk dövlətləri arasında münasibətlərin daha da inkişafı istiqamətində mühüm addımlar atılır. Heç şübhəsiz, son illərdə Azərbaycan böyük siyasi gücə çevrilərək mövqelərini möhkəmləndirib. 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. Belə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq.

Dövlət başçısı İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bu çağırışı da səsləndirmişdir ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Belə ki, Mərkəzi Asiyadan və Çindən Avropaya daşınan yüklər artıq daha qısa vaxta və daha az xərclə Avropaya çatdırılır. Bu, həmçinin Mərkəzi Asiya ölkələrinin, o cümlədən Türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərir.

Son illər Azərbaycan Liderinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri, həmçinin bu regiondakı ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri dərinləşən əlaqələrin mühüm komponentini təşkil edir. Bu səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Bu baxımdan biz Türkmənistan qazının Azərbaycan ərazisindən tranzitini, həmçinin Mərkəzi Asiyanın bir neçə ölkəsinin işğaldan azad olunmuş ərazilərdə aparılan işlərə töhfəsini qeyd edə bilərik.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan edib. Ötən ilin dekabrında Buxarestdə imzalanmış müqaviləyə əsasən, Azərbaycan Avropaya, o cümlədən Türk Dövlətləri Təşkilatında müşahidəçi statusa malik Macarıstana yaşıl enerji ötürəcək. Bundan başqa, Azərbaycan Prezidentinin yanvarda Macarıstana səfəri və səfər zamanı imzalanmış sənədlər Türk Dövlətləri Təşkilatının üzvü kimi ölkəmizin təşkilatın genişləndirilməsi işinə töhfələrindən biri kimi qiymətləndirilməlidir.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı nəinki türk dünyası, ümumilikdə dünya üçün nümunədir.  Biz iki ölkənin bu qardaşlıq nümunəsini İkinci Qarabağ müharibəsində, azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərində Türkiyənin ölkəmizə dəstəyində, eyni zamanda, Azərbaycanın qardaş ölkədə baş vermiş meşə yanğınlarının söndürülməsi və ötən ay  baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində göstərilən qardaş köməyində gördük. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə ölkələrimiz arasında formalaşan sıx münasibətlər digər türk dövlətləri arasındakı əlaqələrə də sirayət etməkdədir.

Türk Dövlətləri Təşkilatının aparıcı ölkəsi olan qardaş Türkiyə təlatümlərlə dolu müasir dünyaya Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə super güc dövlətlərdən birinə çevrilib, ölkədə sabitlik, inkişaf və rifah təmin edilib. Türkiyə Silahlı Qüvvələri bu gün dünyanın ən güclü ordularından biridir. Baş verən son zəlzələlərin aradan qaldırılması işləri zamanı dünyanın, demək olar ki, bütün ölkələrindən Türkiyə dəstəyin göstərilməsi Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin beynəlxalq aləmdə qazandığı nüfuzun, hörmətin və etimadın əyani təzahürü idi.

Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkə ilə bağlı reallıqları bu sözlərlə ifadə edib: “Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir və hər kəs bununla hesablaşmalıdır. Hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və bunu Azərbaycana gələn hər bir insan görür”.

Bəli, bu gün əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyənin sıx münasibətləri dünya ölkələri üçün nümunədir və xüsusilə Türk dünyası dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir. Bir sözlə, Azərbaycan bu prosesdə Türkiyə ilə birgə liderliyi ələ alıb və onu uğurla davam etdirir.

Dövlət başçısı İlham Əliyevin çıxışlarında bu mühüm məqam daim vurğulanır ki, bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə əziz qardaşımın liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz.  Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan amili ən önəmli amillərdən biridir.

Azərbaycan və Türkiyə daim biri-birinin yanındadır. Azərbaycan xalqı qədim dövrlərdən insanpərvərliyi və humanistliyi ilə seçilib. Qonşuya və dosta yardım göstərmək adəti bizə babalarımızdan miras qalıb və xalqımızın mənəvi dəyərlərə sadiqliyini göstərir.

Ötən ayın əvvəlində qardaş Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəticəsində 40 mindən çox insanın həlak olması, genişmiqyaslı dağıntılara yol açması Azərbaycanda da dərin ürək ağrısı ilə qarşılandı. Azərbaycan dövləti ilə yanaşı, aidiyyəti qurumların, eləcə də ictimai təşkilatların və ölkə əhalisinin yardım kampaniyalarına fəal şəkildə qoşulması bütövlükdə Azərbaycanın Türkiyə ilə bağlı həssaslığını, xalqımızın qardaşlıq bağlarının nə qədər güclü olduğunu göstərdi. Zəlzələ ilə əlaqədar Azərbaycan  tərəfindən qardaş Türkiyəyə fevralın 6-dan martın 15-dək göstərilmiş humanitar və maliyyə yardımının ümumi məbləği 76 milyon 344 min 930 manat (44 milyon 908 min 783 ABŞ dolları) təşkil edir. Belə ki, bu müddətdə Türkiyəyə 53 milyon 568 min 530 manat (31 milyon 510 min 900 dollar) dəyərində humanitar yardım göstərilib. Birbaşa göstərilmiş maliyyə yardımının ümumi məbləği isə 22 milyon 776 min 400 manatdır (13 milyon 397 min 883 dollar).

Qardaş Türkiyədə baş verən təbii fəlakətin ağır nəticələrini aradan qaldırmaq məqsədilə Azərbaycanın dövlət qurumları səfərbər olaraq köməyə tələsdilər. Prezident İlham Əliyevin göstərişinə əsasən, fəlakət zonasına ilk olaraq Azərbaycanın xilasediciləri çataraq dağıntılar altında qalan insanları çıxarmağa başladılar. Azərbaycandan göndərilən 669 xilasedici Hatay, Antakiya, Kahramanmaraş, Adıyaman və digər şəhərlərdə xilasetmə əməliyyatlarında fəal iştirak edib. Xilasedicilərimiz 53 nəfəri xilas edib, dağıntılar altından 780 cəsədi çıxararaq yaxınlarına veriblər. Fəlakət bölgəsinə 121 həkim və tibbi personal, 150 könüllü gedərək qardaş xalqın dərdinə şərik olub və səmərəli fəaliyyət göstərib. Azərbaycanın hərbi həkimləri 3123 nəfər tibbi xidmət göstərib, ağır yara alanları müalicə edərək sağaldıblar.

Xüsusilə vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondu Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verən təşkilatlardan biri oldu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə 2518 çadır, 135 elektrik generatoru, 19 min 894 ədəd yataq və yataq ləvazimatı, 404 min 58 adda dərman və tibbi ləvazimat, 143 min 955 dəst isti geyim, 2653 qızdırıcı avadanlıq, 6603 qutu ərzaq və qida məhsulu və digər zəruri əşyalar alınaraq göndərilib. Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat  məbləğində yardım göstərilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım  Əliyeva Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımında bildirmişdir ki, hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin. qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur. Mehriban xanım Əliyeva zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş xilasedicilərimizə, xəsarət alanların sağlamlığına qovuşması üçün əlindən gələni əsirgəməyən tibb işçilərimizə, faciədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və təxliyəsi ilə məşğul olan diplomatik xidmət əməkdaşlarına, hadisələri yorulmadan işıqlandıran KİV nümayəndələrinə, ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardım toplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdarlığını ifadə edərək “Azərbaycanlı olduğuma görə çox qürurluyam!” demişdir.

Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığı zəlzələnin baş verdiyi andan bugünədək xalqımızın bu təbii fəlakətin baş verməsindən necə sıxıntı keçirmələrində və sıravi vətəndaşların öz türk qardaşlarında yardım göstərmək üçün səfərbər olmalarında özünün aydın ifadəsini tapdı. Bütün dünya bur birliyin nə qədər möhkəm olduğunun şahidinə çevrildi. Dövlət başçısı İlham Əliyev daim bildirirdi ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. İKinci Qarabağ müharibəsinin başlandığı gündən “Azərbaycan tək deyil” mesajını çatdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək ölkəmizə siyasi və mənəvi dəstəyini göstərdi.

Türkiyədə baş verən zəlzələ zamanı Azəbaycan xalqı “Qardaş Türkiyənin yanındayıq” çağırışını səsləndirdi və bunu əməli  ilə sübut etdi.  Bu təbii fəlakət saysız-hesabsız sınaqlardan çiyin-çiyinə verərək mətanətlə çıxan Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, əbədiliyini bir daha bütün dünyaya göstərdi. Dövlət başçısı İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyinə gəlib çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdikdən sonra səfirlə söhbət zamanı bu əminliyi ifadə etmişdir ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Bu, qardaş xalqımızı sarsıtmayacaq, Türkiyə dövlətinin iradəsinə təsir etməyəcək. Türkiyə dövləti güclü dövlətdir və bu fəlakətlə də mübarizədə öz gücünü göstərir.

Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı sarsılmazdır. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq.

Yeganə Əliyeva, «İki sahil»