16 mart 2023 00:37
442

Günün əsas çağırışları dünyaya ölkəmizdən ünvanlanır

Dövlət başçısı İlham Əliyevin Almaniyaya işgüzar səfəri, Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətimizin uğurlarının təqdimatında öz sözünü deyir

Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğu xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafından, ev sahibliyi etdiyi tədbirlərin sayından və iştirakçıların təmsilçilik səviyyəsindən,  müzakirəyə çıxarılan  mövzulardan   aydın görünür. Bu faktı qeyd etmək kifayətdir ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz yeni reallıqlar yaratmaqla yanaşı, dünya düzəninin yenidən formalaşdırılmasını bir zərurətə çevirdi. Bu gün isə yeni dünya düzəninin yenidən formalaşdırılmasına ehtiyac özünü aydın şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyev istər Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki, istərsə də «Dünya bu gün: Çağırışlar və ümidlər» mövzusunda X Qlobal Bakı Forumundakı çıxışında bu kimi reallıqlara xüsusi diqqət yönəltdi.

Göründüyü kimi, Azərbaycan  dünyanın yeni xarici siyasətinin müzakirəsi üçün ideal məkan kimi qəbul olunur,  dövrün əsas çağırışları dünya dövlətlərinə ölkəmizdən ünvanlanır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipləri əsasında  əməkdaşlıq əlaqələri quran Azərbaycan dünya birliyinin fəal üzvü kimi beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir imkanlarını artırır, söz sahibi kimi mövqeyini möhkəmləndirir.

Artıq bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. X Qlobal Bakı Forumu Azərbaycanın iqtisadi və siyasi nüfuzunun təqdimatında əhəmiyyətli rol oynadı. Belə ki, dövlət başçısı İlham Əliyev ölkəmizin iqtisadi və syasi uğurlarını əsaslı şəkildə diqqətə çatdıraraq bir daha təsdiqlədi ki, Azərbaycanın təcrübəsi bütün sahələrdə  nümunədir.  Müxtəlif  mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşən Azərbaycan  sivilizasiyalararası dialoq məkanı olmaqla yanaşı, iqtisadi inkişaf modeli ilə dünyanın diqqətini özünə yönəldir. Çıxışlarında daim  inkişaf tariximizə, tərəqqiyə aparan yolda  görülən işlərə, həyata keçirilən islahatlara diqqət yönəldən ölkə Prezidenti  İlham Əliyev vurğulayır ki, gücümüzün əsas mənbəyi Azərbaycan xalqıdır: “Azərbaycana gələn qonaqlar bir çox hallarda  soruşurlar ki,  bu sürətli inkişafın sirri nədir? Ölkədə bu qədər inkişaf gedir, təhlükəsizlik hökm sürür, insanların üzü gülür, gözəl ab-hava var. Nədir bunun sirri? Bilirsiniz ki, bunu bir görüş zamanı izah etmək mümkün deyil. Bunun bir çox səbəbləri var. Amma  əsas səbəb xalqla iqtidar arasındakı birlikdir. Əgər bu varsa, deməli hər şey olacaq, əgər yoxdursa  heç nə kömək etməyəcək.”   

Doğrudan da müasir, qloballaşan dünyanın siyasi-iqtisadi mənzərəsinin yeniləşməsi əsrlər boyu mədəniyyətlərin, sivilizasiyaların mərkəzi kimi tanınan Azərbaycanın həyatında əsaslı dəyişikliklərlə müşayiət olunur.   Müstəqillik əldə etdikdən sonra dövlətçiliyin möhkəmlənməsi ilə siyasi-iqtisadi sahədə nəzərəçarpacaq  dönüşün yaranması, demokratik proseslərin güclənməsi, qanunların aliliyi, insan hüquqlarının müdafiəsi və qorunması sahələrində çox önəmli islahatlar aparılır.

Xarici siyasətində Avropa  dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyevin Almaniyaya işgüzar səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər, mətbuata bəyanatla çıxışı, media nümayəndələrinin suallarını cavablandırması iki ölkə arasında əlaqələrin inkiaf səviyyəsinin təqdimatında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev səfər çərçivəsində, həmçinin Almaniyadan olan iş adamları ilə görüşərək ölkəmizdə mövcud bisnes mühiti barədə ətraflı məlumat verdi. Enerji sektorunda qazanılan uğurlardan bəhs edən dövlət başçısı İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsinin prioritetliyini də xüsusi qeyd etdi. Əsas diqqət göstərilən məsələlərdən biri bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Ölkəmizin bu sahədə malik olduğu potensialdan bəhs edən cənab İlham Əliyev diqqəti işğaldan azad edilmiş ərazilərimizin  mövcud  imkanlarına yönəltdi.

Daim çıxışlarında beynəlxalq nüfuz, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, infrastruktur layihələrinin icrası-bütün bunlar Azərbaycan reallıqlarıdır” söyləyən dövlət başçısının vurğuladığı kimi,  Azərbaycan rəhbərliyinin hər bir məsələ ilə bağlı çox dəqiq, düşünülmüş proqramı və  inkişaf strategiyası var.

“Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzim olunması bu gün dünya üçün artıq bəllidir. Bizim nümunəmiz öyrənilir”, söyləyən cənab  İlham Əliyev bu mühüm məqamı da qeyd edir ki, beynəlxalq tədbirlər tolerant ölkəmizin multikulturalizmin inkişafı istiqamətində əldə etdiyi uğurların bütün dünya xalqları üçün nümunə olduğuna da işıq salır. Azərbaycan  2015-ci ildə ilk  Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi.  İstər ilk Avropa Oyunlarının, istərsə də IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri Azərbaycan tarixinin, mədəniyyətinin, milli- mənəvi dəyərlərinin təqdimatında əhəmiyyətli rol oynadı. Bu mühüm tədbirlər  Azərbaycanın tolerantlıq məkanı, xalqımızın multikultural ruhun daşıyıcısı olduğunu bir daha ortaya qoydu. Dünya Azərbaycanı mütərəqqi, müasir ölkə kimi gördü. Harada yaşamağımızdan asılı olmayaraq hər birimizin qürur mənbəyi olan Azərbaycanı  dünya miqyasında yüksək etimada malik  ölkəyə çevirən məhz bu  vəhdətin qorunmasıdır. “Bakı-2017” tarixə həm böyük idman bayramı, həm də dostluğun təntənəsi kimi yazıldı.  54 ölkəni təmsil edən 3 mindən çox idmançı bu birliyin, həmrəyliyin təbliğatçısına çevrildi.  Azərbaycan IV İslam Həmrəyliyi Oyunları vasitəsilə bir daha bu  mesajı dünyaya ünvanladı ki,  öz ekstremist, radikal düşüncələrini yaymaq, şəxsi maraqlarını təmin etmək üçün İslam üzərindən oynanılan oyunların bu dinlə  heç bir əlaqəsi yoxdur və ola da bilməz. Çünki İslam dini  sülh dinidir, barış və birgəyaşayış dinidir.

Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi nüfuz qazanıb. Martın 15-də Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə işə başlayan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans da öz növbəsində bir çox məqamların açıqlanmasında  yardımçıdır. Tədbirdə bu reallıq bir daha diqqətə çatdırıldı ki, islamofobiya qlobal məna alıb və müxtəlif vasitələrlə həyata keçirilir. İslamofobiya İslam dini ilə bağlı deyil, müsəlmanlara qarşıdır, onların alçaldılması, diskriminasiyaya məruz qalması məqsədi güdür. İslamofobiyaya qarşı mübarizə aparmaq üçün birləşməliyik. Bu, siyasi mübarizədir.”

Hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycan reallıqlarının təbliğinə böyük töhfədir. İqtisadi imkanları günbəgün artan,  demokratik islahatları dünyaya nümunə göstərilən, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən Azərbaycan ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 20 ilə yaxın dövrdə  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  nəticəsində daha yüksək zirvələri fəth edir,  inkişaf modelini zamanın tələbinə uyğun olaraq daha da təkmilləşdirir. Bu gün Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olduğu inkaredilməzdir. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi vurğulayır ki, əgər əvvəlki illərdə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bu və ya digər ölkələrə səfər etməyə böyük zərurət duyulurdusa, bu gün Azərbaycanın hər həftə, hər ay  beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi bu imkanları daha da artırır.

Təbii ki, bugünümüzün əsas çağırışı sülh çağırışıdır. Azərbaycan tarixi Zəfərindən dərhal sonra Ermənistana sülh təklifini etdi. İki ildən artıqdır ki, Ermənistandan ona verilən bu şansı dəyərləndirib konkret addım atmasını gözləyirik. Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə  birgə mətbuat konfransında da  təhlükəsizlik məsələsinin prioritetliyini önə çəkərək bildirdi ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuşdur və qaçqın-köçkün vəziyyətinə düşmüşdür. İki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində öz ləyaqətimizi, ərazi bütövlüyümüzü, hüquqlarımızı döyüş meydanında bərpa etdik, Ermənistanı məğlub etdik və məcbur etdik ki, Ermənistan  torpaqlarımızdan çıxsın. Beləliklə, 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı oldu. Əfsuslar olsun ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi işğal dövründə sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq: «İndi isə sülhün zamanı çatıbdır. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır.»

2023-cü ilin üçüncü ayını yaşamağımıza baxmayaraq qısa zamanda Azərbaycan xarici siyasətində imza atdığı davamlı uğurları ilə diqqətdədir. Yanvar ayında ənənəvi keçirilən Davos Dünya İqtisadi Forumu ölkəmizin iqtisadi və siyasi uğurlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında  ilin ilk addımı olur. Dövlət başçısı İlham Əliyevin xarici səfərləri, həmçinin beynəlxalq əhəmiyyətli tədbirlərdən sonra ənənəvi hal alan  media nümayəndələrinə müsahibəsi həqiqətlərimizin təbliğində öz sözünü deyir. Artıq Azərbaycan tarixi Zəfərinin reallıqlarını yaşayır və bu reallıqları dünya gücləri də qəbul edir. Yeni fomalaşan dünya düzəni bu günədək maraqların arxasında  gizlədilən ədalət və beynəlxalq hüquq anlayışlarının mövcudluğuna işıq salır. Dövlət başçısı İlham Əliyev hər zaman bu çağırışı edir ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik.

Yeganə Əliyeva, «İki sahil»