Hazırda islamofobiya kimi təhlükəli tendensiyanın qlobal şəkildə artması dünyanın bu günü və gələcəyi üçün ciddi narahatlıq doğurur. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Mübarizə Günü kimi elan edib. Yeri gəlmişkən, bu, ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib.
Son vaxtlar kəskin sürətlə ən yüksək həddə çatmış islamofobiya təzahürlərinin davamlı artımı dərin narahatlıq doğurur. İslamofobiya anlayışı immiqrantlara və etnik azlıqlara qarşı münasibətdə ksenofobiya və irqçilik mənasında başa düşülməlidir. Beləliklə, islamofobiya ilə mübarizə, həm də bütün səviyyələrdə irqçiliklə mübarizə kimi başa düşülməlidir. Bu mənada 2023-cü il martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransın keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır.
Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.
BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos konfransa ünvanladığı videomüraciətində bildirib ki, islamofobiya təkcə İslam dininə və müsəlman cəmiyyətinə qarşı deyil, bu, fobiyadır, insanlara, insan hüquqlarına qarşı olmaq deməkdir.
Təbii ki, islamofobiya təkcə dünyada sülh dini kimi tanınan İslamın rəmzlərinə qarşı olan nihilist münasibət deyil, bu həm də gündəlik həyatda müsəlmanların hüquqlarının pozulmasında təzahür edir. Bütün bunlar özünü bütün dünyaya demokratiya və insan haqlarının müdafiəçisi kimi sırımığa çalışan Fransada daha qabarıq şəkildə ortaya çıxır. Birmənalı demək olar ki, bu ölkənin islamofob və müstəmləkəçi siyasəti müstəqil dövlətlərə qarşı yönəlib. Hər kəsə yaxşı bəllidir ki, fransız neokolonistləri yüz illər boyu müsəlman ölkələrinə qarşı genişmiqyaslı hərbi cinayətlər törədiblər. Müstəmləkəçi Fransa ayrı-ayrı qitələrdə- Amerikada, Afrikada, Asiyada 50-dən artıq dövlətin ərazisini işğal edib, sərvətlərini talan edib, milyonlarla insanı qətlə yetirib. Fransa 130 ildən artıq bir müddətdə 1,5 milyondan çox insanın həyatına son qoyduğu Əlcəzair xalqına, eləcə də vaxtilə müstəmləkəsi olan ölkələrə qarşı bu gün də gizli müharibə aparır. Fransızların müsəlman ölkələrində törətdiyi soyqırımlar cəzasız qaldığından onlar müstəqillik uğrunda mübarizə aparan Afrika ölkələrində də nahaq qanlar tökərək, uzun illər cinayətlərini davam etdiriblər. Ən utancverici hal ondan ibarətdir ki, Benin, Burkina Faso, Qvineya, Fil Dişi Sahili, Mali, Niger, Seneqal, Toqo, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Konqo, Ekvatorial Qvineya və Qabon hələ də Fransaya müstəmləkə vergisi ödəyir.
Hazırda Avropanın bəzi ölkələrində, xüsusu ilə də Fransada təzahürləri kəskin şəkildə artmaqda olan islamofobiya gündəlik həyatda müsəlmanların hüquqlarının pozulmasında özünü daha qabarıq şəkildə göstərir. Fransanın İkinci Qarabağ müharibəsində işğalçı Ermənistanı dəstəkləməsi onun anti-Azərbaycan siyasətinə dəlalət etməklə yanaşı, islamofobiyanın bariz nümunəsi kimi dəyərləndirilməlidir.
Sirr deyil ki, son illər Fransada islamofobiyanın bir çox təzahürləri ayrı-ayrı müstəvilərdə meydana çıxır. 2020-ci ildə Fransa parlamentinə “İslam ekstremizminə” qarşı mübarizə haqqında” qanun layihəsinin təqdim olunması bunun əyani təsdiqidir. Məsələ ilə bağlı Şərqi Qüdsdə çıxan “Əl-Qüds” qəzeti yazırdı ki, sənədin belə təqdim edilməsi çox təhlükəlidir və hökumət qınağa tuş gələcəyindən ehtiyatlanır. Danılmaz faktdır ki, son illər Fransada İslama və müsəlmanlara qarşı çıxışlar artıb. Fransa KİV-lərində mütəmadi şəkildə müsəlmanların iştirakı olmadan İslam dini və müsəlmanlar ətrafında debatlar aparılır, burada nifrəti artıran irqçi ifadələrə tez-tez rast gəlinir.
Bir müddət əvvəl “Şarl Hebdo” jurnalında İslam peyğəmbəri ilə bağlı təhqiramiz ifadələrin və karikaturanın yayılması bunu bir daha sübut edir. 2021-ci il 21 avqust tarixli “Respublika prinsiplərinə hörmətin möhkəmləndirilməsi haqqında” Qanun isə müsəlman əhalisinə qarşı etimadsızlıq və sui-istifadənin artmasını təşviq edir.
Təbii ki, bütün bunlar dünya ictimaiyyətinin, eləcə də fransız cəmiyyətinin diqqətindən kənarda qalmır. Bu mənada Fransa İrqçilik və İslamofobiya Müşahidə Qurumu (ORİW) bu il ölkədə İslama qarşı çıxan adları müəyyən etmək üçün sosial mediada səsvermə keçirməsi xüsusilə diqqəti çəkir. Belə ki, sosial media istifadəçiləri səsvermədə Fransada İslam əleyhinə çıxışları ilə tez-tez gündəmə gələn adamların adlarını seçiblər. Bu adamlar yazıçı Barbara Lefebvre, Avropa Parlamentinin deputatı Nadine Morano, Fransa siyasətçisi Avrora Berje (Aurore Berger), həddindən artıq sağçı siyasətçi Jan Mesixa (Jan Messiha), jurnalist Paskal Praud (Pascal Praud), akademik Loran Buve (Laurent Bouvet), Əlcəzair əsilli jurnalist Məhəmməd Sifaoui, vəkil Jil-Uliyam Qoldnadel (Gilles-William Goldnadel) olub.
Fransa İrqçilik və İslamofobiya Müşahidə Qurumunun sədri İfakat Yuna həmin vaxt səsverməyə dair verdiyi bəyanatda bildirib ki, bu adamlar çox təhlükəli oyun oynayırlar. Biz də bu vəziyyətə diqqət çəkmək və insanların reaksiyasını ortaya qoymaq istədik.
Bütün bunlar onu deməyə əsas verir ki, Fransa islamofobiyanı siyasi əqidə səviyyəsinə yüksəldib. Tanınmış politoloq və ərəbşünas, Elmi Araşdırmalar üzrə Fransa Milli Mərkəzində fəxri baş elmi işçi Fransua Burqat “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransın panel iclasında çıxışı zamanı bildirib ki, Fransa artıq hərəkətləri yox, düşüncələri kriminallaşdırır: “Fransa cəmiyyəti dövlət islamofobiyasına doğru gedir. 10 il əvvəl müsəmanlarla bağlı kiçik bir mübahisə olsa, onu kriminallaşdırardı. Müsəlman vətəndaşların Avropa fikirləri krimanallaşdırılıb”.
Zahid Rza, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri