15 mart 2023 14:53
544

Azərbaycan dünyanın mərkəzi faktorunda

X Bakı Qlobal Forumu Prezident İlham Əliyevin qlobal liderlik mövqeyinin göstəricisi, habelə Azərbaycanın yüksək beynəlxalq nüfuzunun sübutudur

Bakıda öz işinə başlayan və martın 11-nə kimi davan edən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu çox mühüm əhəmiyyətə malik olan beynəlxalq və eyni zamanda, tarixi tədbirdir. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev Forumdakı çıxışında xüsusi olaraq ən əsas məqama toxunaraq vurğuladı, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə, bu, həmsədrlərin, bütün İdarə Heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin bariz təzahürüdür.

Forum iştirakçılarının siyahısına nəzər salsaq görərik ki, bu mötəbər tədbirdə 4 ölkənin Prezidenti, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq Prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib. Bu da bir daha sübut edir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

İnsan haqları ilə bağlı bir sıra məsələlərin həlli istiqamətində tövsiyələr verilib

Tədbirdə regionun təhlükəsizlik məsələləri o, cümlədən dəhlizlərdən logistika kimi istifadə olunmasına dair müzakirələrin aparılması düşünülmüş fikirdir. Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınıb və paralel olaraq həmin mövzuların Forumun gündəliyinə daxil edilməsi Azərbaycanın tək regionda deyil dünyada sülhün davamlılığında maraqlı olduğunu göstərir. Panel iclaslarında aparılan müzakirələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına və Qarabağda tam sabitliyin həll olunmasına öz müsbət təsirini göstərəcəkdir. Bundan başqa insan haqları ilə bağlı bir sıra məsələlərin həlli istiqamətində tövsiyələr verilib.

Beynəlxalq tədbirdə həm də qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzuları olmuşdur. Prezident İlham Əliyev məqsədli olaraq beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda insan haqlarının qorunmasına yönəldib. Azərbaycan Prezidenti çıxışında bildirib ki, müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələri Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşayırlar. Dövlətimizin başçısı, həmçinin əlavə edib ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaqdır.

X Qlobal Bakı Forumu əhatəlilik, miqyas və təsir baxımından regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi bir platformadır

Qeyd edilməlidir ki, builki Qlobal Bakı Forumuna beynəlxalq səviyyədə kifayət qədər böyük maraq var. Burada çoxsaylı məsələlərin müzakirəsi, eyni zamanda, dünya düzəni ilə bağlı fikirlərin irəli sürülməsi bir daha ondan xəbər verir ki, Bakıda yeni çağırışlara uyğun olaraq təkliflərin təqdim olunmasını müşahidə edirik. Bu, təbii ki, bütövlükdə Azərbaycanın geosiyasi mövqeyini gücləndirən faktorlardan biridir. Belə qlobal platformada Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı, geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir. Bu baxımdan X Qlobal Bakı Forumu əhatəlilik, miqyas və təsir baxımından regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi bir platformadır.

Digər tərəfdən, beynəlxalq ictimaiyyətin diqqəti yenidən Cənubi Qafqazda və konkret olaraq regionun lider dövləti Azərbaycanın paytaxtında oldu ki, bu əhəmiyyətli məqam ölkəmizin dünyadakı ali mövqeyini ehtiva etməkdədir. Məsələn, geosiyasi qütbləşmənin artdığı, ziddiyyətlər və qarşıdurmaların şiddətləndiyi bir vaxtda Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Ölkəmiz mütəmadi olaraq nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edir, Azərbaycanda qlobal gündəliyin ən aktual məsələləri xüsusi müzakirə obyektinə çevrilir.

Bütün bu kimi önəmli amillər çərçivəsində növbəti uğur isə dövlət başçımıza verilən yüksək beynəlxalq dəyər reallığıdır. Həmin reallıq isə cənab İlham Əliyevin tövsiyə və təşəbbüslərindən irəli gəlir. Daha dəqiq desək, Prezident İlham Əliyev dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir, Azərbaycanın nümunəvi təcrübəsini bölüşür və liderlik keyfiyyətini nümayiş etdirir. Başqa sözlə, qətiyyətli liderin rəhbərlik etdiyi qüdrətli Azərbaycan bir daha qlobal taleyüklü məsələdə öz fəal rolu və liderlik missiyası ilə fərqlənir. Dövlətimizin başçısının strateji əhəmiyyətli təşəbbüsləri beynəlxalq müstəvidə qarşılıqlı anlaşma və əməkdaşlığa xidmət edir, yeni yanaşmaların və ideyaların meydana çıxmasına əlverişli zəmin yaradır.

Forum ölkəmizin strateji maraqlarının qorunması baxımından mühüm əhəmiyyətə malikdir

Beləliklə, Qlobal Bakı Forumu kimi mötəbər platformalar reallıqların, xüsusilə də postmüharibə dövründə sülh və təhlükəsizliklə əlaqədar mühüm məqamların dünyanın diqqətinə çatdırılması, ölkəmizin strateji maraqlarının qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Forum çərçivəsində qurulan təmaslar, keçirilən görüşlər isə eyni zamanda, ölkəmizin hərbi-strateji qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi kontekstində də əhəmiyyətlidir və beləliklə gəldiyimiz nəticə bu cür ola bilər - X Bakı Qlobal Forumu Prezident İlham Əliyevin qlobal liderlik mövqeyinin göstəricisi, habelə Azərbaycanın yüksək beynəlxalq nüfuzunun sübutudur.

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri