Aydın Quliyev
Son bir həftədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Bakı zirvəsindən sonra Almaniya liderləri ilə yüksək görüşlərində 2-ci dəfə Ermənistana sülh şansı tanıdığını bəyan etdi. Ermənistanla bərabər onun himayədarlarını və beynəlxalq vasitəçiləri də Ermənistanı bu şansa lazımı qiymət verməsi üçün təşfiq etməyə çağırdı. Prezident Əliyevin Ermənistana şans tanıma jestləri aydın hədəflərə və konkret məzmuna malikdir. Açıq mətnlə deyildi ki , təcavüzkar siyasət nəticəsində Ermənistan öz gələcəyini müstəqil qurmaq şanslarını itirir və sülh sazişinin imzalanmayacağı halda ümumiyyətlə dövlətçiliyini itirmək təhlükəsindədir.
Azərbaycan Prezidenti Ermənistana sülh şansları tanımaqla dövlətimizin konstruktiv siyasətini bir daha nümayiş etdirir. İlham Əliyevin sülh təkliflərinin konstruktivliyi ondadır ki, bunlar Ermənistanın 32 illik vandal siyasətinin mənfur nəticələri hələ də "göz dağı" kimi ortada olduğu bir şəraitdə irəli sürülür. Yəqin ki, Azərbaycanın yerində bir çox başqa ölkələr olsaydı, ardıcıl sülh mövzusundan yox, nəyin bahasına olursa olsun Ermənistandan ağır qisaslar alınması barədə danışardılar. Ermənistan rəhbərliyi və onun havadarları buna da dəyər verməlidir ki, Azərbaycan lideri onlara sülh şansını çox layiq olduqları bəzi məlum ağır şərtlərlə hələ irəli sürmür. Məsələn, Ermənistanın dövlət qurumlarının beynəlxalq hüquqa və tarixi ədalətə zidd şəkildə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə absurd qərarları hələ də faktiki ortadadır və bu qərarların mövcudluğunun Azərbaycana heç bir isti-soyuğu olmasa da, Ermənistan bunlardan hələ rəsmi imtina etməyib. Halbuki, Azərbaycan Prezidenti Ermənistan Ali Sovetinin keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə 1989-cu il 1 dekabr tarixli qərarından rəsmən imtina edilməsini şərt və tələb kimi qoya bilər. Ermənistanın baş naziri Paşinyanın "Dağlıq Qarabağ Ermənistandır və nöqtə" bəyanatı da bu gün Ermənistan tərəfindən öz rəsmi imtinasını gözləyən absurd qərarlardan biridir. Azərbaycan Prezidenti tam əsaslarla iddia edə bilər ki, "Dağlıq Qarabağ Ermənistandır" kimi dağıdıcı bəyanatın müəllifi hakimiyyət başında qaldıqca, Azərbaycan onunla sülh sazişi müzakirələri apara bilməz. Təbii ki, Prezident İlham Əliyevin bu mövqeyi tutacağı təqdirdə onun müdafiəçilərinin kifayət qədər olacağına heç şübhə yoxdur. Lakin yenə də gələcəyə doğru hüquqi sülh səhifəsinin açılması xatirinə İlham Əliyev bütün bölgənin mənafelərinə uyğun sülh gündəmini ucada saxlayır və konstruktiv siyasət aparır.
Prezident İlham Əliyevin bölgədə sülh gündəminə sadiqliyini sübut edən başqa bir fakta da baxmaq olar. Belə ki, İlham Əliyevin Almaniya görüşlərində Ermənistana növbəti dəfə sülh şansı tanıdığı bir vaxtda baş nazir Paşinyan bütün sülh prosesinin konsepsiyasına və məntiqinə zidd açıqlamalarını dövlətin adından rəsmən təqdim edirdi. Baş nazir Azərbaycanın təklif etdiyi sülh sazişi mətninə Ermənistana qarşı ərazi iddiası və Qarabağ ermənilərinin guya gələcək məhvinə əsas yaradılması kimi qiymət verirdi. Sözsüz ki, Paşinyanın bu dəyərləndirmələri sülh prosesini pozmaq və prosesdə Azərbaycanın təşəbbüskar siyasətinə kölgə salmaq cəhdidir. Lakin Azərbaycan Prezidentinin Brüssel sülh formatını və Mişelin missiyasını qəbul etdiyini Almaniyada bir daha bəyan etməsi Paşinyanın bütün əks cəhdlərinin effektini məhf edən amillərdir.
Prezidentin Almaniya görüşləri vasitəsilə Ermənistana növbəti sülh şansı tanımasının gücünü artıran başqa bir amil də var. Belə ki, həm Ermənistan rəhbərliyi, həm də separatçılar Qarabağın erməni sakinləri ilə Bakının təmaslarına təxribatçı mövqelərini davam etdirirlər. Bütün dünyanın gözü qarşısında gedən proses budur ki, Azərbaycan lideri qarşı tərəfə dönə-dönə sülh şansları tanıdığı halda, separatçıların qondarma qurum təmsilçiləri Azərbaycanla heç bir inteqrasiya perspektivi tanımadıqlarını bəyan edir, Ermənistanın baş naziri isə özünə məxsus "müdrik tonla" təmas üçün Bakıya dəvət olunmuş erməni təmsilçilərinin Bakldan geri sağ-salamat qayıda biləcəklərini şübhə altına alan bəyanat səsləndirir, dünyada sanki "bir-iki ermənini Bakıya" dərilərini soymağa və ya girov götürməyə çağırırlar" kimi absurd rəy yaratmaq istəyir. Halbuki dünya Bakıda azı 40-50 min erməninin hüzur içində yaşadığını yaxşı bilir.
Son günlər Azərbaycanın Qarabağ bölgəsində məhz separatçıların, Ermənistanın və sülhməramlıların oynadıqları "trio oyunlar"a baxmayaraq, Azərbaycan Prezidenti öz sülh təşəbbüskarlığına nə qədər sadiq, ardıcıl və təmkinli yanaşdığını bir daha təsdiqləyir. Təsəvvür etmək çətin deyil ki, bu "trionun" dalda-bucaq yollarla Xankəndi ermənilərinə silah-sursat daşıdığı bir vaxtda Azərbaycan lideri bəlkə də son dəfə qarşı tərəfə sülh şansı tanımaqla hansı fədəkarlığa gedir....
Bütün bunların isə sülh naminə edildiyini hər kəs digər postmüharibə reallıqlarında olduğu kimi qəbul edəcək...
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri