Son həftələrdə ölkəmiz iki beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etdi. Əvvəl Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü, ardınca isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirildi. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun panel iclaslarında və sessiyalarında bəşəriyyətin qarşısında duran yeni çağırışlar- yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli və bərabərhüquqlu enerji keçidi, iqlim, qida və nüvə təhlükəsizliyi, qlobal səhiyyə sisteminin qurulması, sağlamlığın təbliği, qlobal yoxsulluq, bərabərsizlik və digər mühüm mövzular barədə müzakirələr aparılıb. Bakının onuncu dəfə təşkil etdiyi bu mötəbər tədbirə qatılan nüfuzlu siyasətçilərin, dövlət və hökumət başçılarının, sabiq prezidentlərin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə dünya gündəminin ilk sıralarında yer alan mühüm məsələlər barədə müzakirələr aparılaraq, müasir çağırışlarla bağlı həll yolları araşdırıldı. Bakı Forumu qlobal çağırışların müzakirəsi üçün unikal platforma adlandırılır. Bu isə dünya səviyyəli ictimai-siyasi xadimlərin Prezident İlham Əliyevin təşəbbüsü ətrafında cəmləşməsi sayəsində baş verir. Bakı Qlobal Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı kimi dünyada nüfuzlu bir tədbirdir. Hətta bir çox istiqamətlərinə görə daha öndədir. Çünki Davos yalnız iqtisadi, Münhen Forumu isə təhlükəsizlik məsələlərini əhatə edir. Qlobal Bakı Forumu isə universal xarakter daşıyır və beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Ona görə də Qlobal Bakı Forumu Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. İndi Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır. Bunun əsasında isə Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən məqsədyönlü siyasət, verilən qəti qərarlar, əlverişli biznes mühiti və yaradılan müasir infrastruktur dayanır. Beynəlxalq tədbirlər Azərbaycandakı mövcud reallığın dünyaya çatdırılması, əldə edilən nailiyyətlərin nümayiş etdirilməsi baxımından da olduqca vacibdir. İldən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir. Qlobal Bakı Forumu ̶ Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forumdur. 2013-cü ildən indiyədək 10 forum keçirilib. Azərbaycan əsrlər boyunca sivilizasiyaların və mədəniyyətlərin bir-birinə qovuşduğu məkan olmuşdur. Ölkəmiz öz ənənəvi köklərinə bağlı olmaqla yanaşı, dünyaya açıq olan müasir bir dövlətdir. Azərbaycan hər zaman Cənubi Qafqazda böyük və davamlı sülhün bərqərar olmasına çalışıb.
X Qlobal Bakı Forumunun iştirakçıları bu Forumun anlaşma və sülh şəraitində birgəyaşayış dəyərlərini təbliğ etdiyini, məqsədinin xalqlar və mədəniyyətlər arasında əməkdaşlıq və dialoqu stimullaşdırmaq olduğunu vurğuladılar. Həmçinin qeyd edildi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ildən-ilə xalqlar və mədəniyyətlər arasında əməkdaşlıq və dialoqu stimullaşdırmaq üçün xalqlar arasında qarşılıqlı anlaşma və dinc yanaşı yaşama dəyərlərini təbliğ edir. Qeyd edək ki, X Qlobal Bakı Forumunun mövzusu təkcə bu gün bütün dünyada siyasi elitanı və ekspertləri narahat edənləri deyil, həm də Azərbaycanın bu çağırışlarla mübarizədə unikal təcrübəsini ortaya qoyur. Prezident İlham Əliyevin siyasəti sayəsində ölkəmizin Avropada enerji böhranının nəticələrinin yumşaldılmasında rolu getdikcə artır.
Prezident İlham Əliyevin Bakı Forumunun açılış mərasimində ölkəmizin prinsipial mövqelərini göstərən çıxışına xüsusi diqqət yetirilib. Belə ki, Dövlət başçısının çıxışında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu barədə fikirləri öz əksini tapıb. Bəli, Azərbaycan sülh istəyir. Prezident İlham Əliyevin geniş çıxışında səsləndirdiyi bu əhəmiyyətli mülahizələr Azərbaycanın öz mövqeyini bütün dünyaya bu dəfə Forum tribunasından bir daha açıqladığı növbəti qətiyyətli mesaj idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan xarici dairələrin vassalına çevrilib. Müstəqil qərar vermək iqtidarında deyillər. Ancaq Ermənistan dərk etməlidir ki, Azərbaycan kimi güclə hesablaşmamaq faktiki özünəqəsd olacaq. Dövlət başçımızın Azərbaycanın mövcud hərbi potensialını bir çox çıxışlarında xatırlatması da təsadüfi deyil. Yəni, Ermənistan artıq təxribatların heç bir nəticə verməyəcəyini, silahlanmanın əbəs olduğunu dərk etməyə məcburdur. Onlara verdiyimiz bu son şansı düzgün dəyərləndirməlidirlər. Hər keçən gün Azərbaycan Cənubi Qafqazdan Orta Asiyaya kimi intellektual mərkəzə çevrilir. Bu baxımdan dünya dövlətləri bir çox sahələr üzrə Azərbaycanla əməkdaşlığa can atırlar.
Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, əvvəlki illərdə olduğu kimi, Azərbaycan paytaxtında keçirilən və müzakirə olunan mövzuların zənginliyi ilə seçilən X Qlobal Bakı Forumu dünyanı düşündürən problemlərin həlli yollarının tapılması baxımından səmərəli olacaqdır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri