14 mart 2023 00:12
465

Korsika dilinin qadağan edilməsi beynəlxalq hüquqa ziddir

Erməni xalqı və erməni dilinə hörmətlə yanaşan Azərbaycanı az qala “soyqırımı”nda günahlandıran Fransada bütöv bir xalqın dilini qadağan edirlər

Fransa  tarixən müstəmləkəçi ölkə kimi tanınıb. Vaxtilə 50-dən artıq ölkənin ərazisini işğal edərək sərvətlərini talayan Fransa oradakı xalqlara qarşı sıyqırımı və müharibə cinayətləri törədib. Tarixi məlumatlara görə, bu kolonist ölkə təkcə Əlcəzairdə XVII əsrdən başlayaraq XIX əsrin 30-cu illərinədək 4 milyon nəfərdən çox, 1890-cı ildə isə 2 milyon 500 min insanı qətlə yetirib.

1918-ci ilin martında fransalı general Manşimonun başçılıq etdiyi silahlı dəstə Güney Azərbaycanın Urmiya, Salmas, Xoy şəhərlərində, Quşuçu və Cilovluq yaşayış məntəqələrində, Muğan regionunda müsəlmanları və Azərbaycan türklərini soyqırımına məruz qoyub. Fransanın törətdiyi soyqırımlar cəzasız qaldığından o, müstəqillik uğrunda mübarizə aparan Afrika ölkələrində də nahaq qanlar tökərək, cinayətlərini davam etdirib. Ən utancverici hal ondan ibarətdir ki, Benin, Burkina Faso, Qvineya, Fil Dişi Sahili, Mali, Niger, Seneqal, Toqo, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Konqo, Ekvatorial Qvineya və Qabon hələ də Fransaya müstəmləkə vergisi ödəyir.

Şübhəsiz, Fransanın İkinci Qarabağ müharibəsində işğalçı Ermənistanı dəstəkləməsi onun anti-Azərbaycan siyasətinə dəlalət edir. Danılmaz faktdır ki, rəsmi Paris daim Azərbaycana qarşı terror fəaliyyətlərini dəstəkləyib. Həmişə sülh, əməkdaşlıq və təhlükəsizlik təşəbbüsləri ilə çıxış edən, neokolonizm siyasətinə qarşı çıxan Azərbaycan Fransanın bu siyasətini tənqid edib. Prezident İlham Əliyev 2023-cü il martın 2-də  Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündəki çıxışında bildirib ki, Fransa törətdiyi soyqırımlara görə üzr istəməlidir: “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin, Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.

Çox təəssüf ki, daim insan haqlarından dəm vuran Fransa bu gün də neokolonist siyasətini davam etdirir.  Bu ölkə öz vətəndaşlarının da hüquq və azadlıqlarını təmin etmir. Bu günlərdə Korsika adı ilə bağlı baş verənlər bunun əyani təsdiqidir. Belə ki, bu günlərdə Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi ada sakinlərini yenidən qəzəbləndirib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyasının 2-ci maddəsinə ziddir. Qərar mərkəzi hökumətin adadakı ən yüksək nümayəndəsi olan Korsika prefekti tərəfindən qaldırılan məhkəmə iddiasından sonra, eləcə də Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilib.

Muxtariyyət tərəfdarı olan aparıcı siyasətçilər məhkəmə qərarını dərhal tənqid ediblər. Adanın icra şurası və Korsika Assambleyasının sədrləri bildiriblər ki, bu qərar Korsika parlamenti üzvlərini debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etmək deməkdir. Adanın seçilmiş məmurları apellyasiya şikayəti veriblər. Məmurlar Korsika dilinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, ona da rəsmi status verilməsinin lazım olduğunu söyləyiblər.

Müstəqillik tərəfdarı olan “Core in Fronte” partiyası “Twiter” hesabında bu qərarı “rüsvayçı” hesab edib. Millətçi deputatlar hesab edirlər ki, məhkəmə qərarı və onun motivasiyası yalnız konstitusiyaya yenidən baxılmasının mütləq zərurətini təsdiqləyir, xüsusən də Korsika dilinin rəsmi statusunu təmin etmək, onun yaşaması və inkişafı üçün vacib şərtdir.

Fransanın aqressiv və kolonist siyasətinin bariz göstəricilərindən olan Korsika dilinin qadağan olunması Avropa ictimaiyyətində haqlı etirazlara səbəb olur.  Artıq Birləşmiş Millətlər Təşkilatı də məsələyə öz münasibətini bildirib.  Belə ki, təşkilatın azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen özünün “Twiter№ hesabında müvafiq qərarın ədalətsiz olduğunu qeyd edib. “Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır”.

Yeri gəlmişkən, dövlət idarələrində Korsika dilinin istifadəsinə məhkəmə tərəfindən qadağa qoyulduqdan sonra adada etirazlar baş qaldırıb.

Zahid Rza, “İki sahil”