Avropa Parlamenti (AP) yaxın günlərdə növbəti dəfə ölkəmizə qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Bu, bir daha həmin təşkilatın hələ də ikili standartlara yol verdiyinin və islamofobiyadan əziyyət çəkdiyinin, xüsusilə ölkəmizə münasibətdə necə düşmən mövqedə dayandığının göstəricisidir. Sözügedən qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya «blokada»da olması kimi əsassız iddialar yer tutur. Eyni zamanda, avropalı deputatlar artıq məzmununu itirmiş Minsk qrupu, «status», «Dağlıq Qarabağda və ətrafında» kimi keçmiş, sərsəm və gündəmdən düşmüş ifadələri də qabartmağa çalışırlar.
AP bu kimi ədalətsiz fəaliyyəti ilə sanki Ermənistan parlamentinin komitəsinə çevrilib. Hətta belə demək olar ki, bu təşkilat Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən göndərilən layihələri notarius kimi təsdiqləyir. Təşkilatın vaxtaşırı bu kimi kampaniya xarakterli anti-Azərbaycan fəaliyyəti ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək, Azərbaycanı gözdən salmaq və Ermənistanın xeyrinə güzəştlər əldə etmək cəhdidir.
Qeyd edək ki, Azərbaycanın apardığı aktiv xarici siyasət, o cümlədən Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi, həmçinin X Qlobal Bakı Forumunun baş tutması və digər qlobal təşəbbüslərimiz ölkəmizin beynəlxalq arenada yüksək nüfuzunun göstəricisidir. Bu isə AP kimi ədalətsiz bir beynəlxalq təşkilatı xeyli qıcıqlandırır. Elə ona görə də son dövrlər bu təşkilat ancaq korrupsiya cinayətləri və Azərbaycana qarşı qərəzli addımları ilə gündəmə gəlir. Bu xüsusda Yunanıstandan olan vitse-prezident, Azərbaycanın əleyhinə fəaliyyət göstərən Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətində ittiham edilməsi nə birinci, nə də sonuncu haldır.Onu və digər qərəzli deputatları isə erməni milyarder Kaspar Karapetyan maliyyələşdirir. Bir sözlə, Kaspar Karapetyan AP-dəki bir sıra deputatları drijor çubuğu ilə idarə edir. Karapetyanın briliyant biznesindən qazandığı çirkli pullar bəzi deputatların gözlərini qamaşdırır. Bu hallar AP kimi qurum üçün utancvericidir. Ən böyük rəzillik isə ondadır ki, Ermənistanın və erməni lobbisinin «konyak diplomatiyası»ndan gen-bol faydalanan AP-nin Azərbaycana «öyüd-nəsihət» verməyə mənəvi haqqı yoxdur . Çünki bu gün məhz müasir səlibçilərə çevrilən AP-nin bir sıra deputatları, irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeləri və ikili standartları ilə tanınırlar. Bu təşkilatın yanaşmasında ərazi bütövlüyü anlayışı ancaq Ermənistan kontekstində keçərlidir. Azərbaycana gəldikdə ərazi bütövlüyü mövzusunu qulaqardına vururlar.
XXI əsrdə Avropanın mərkəzində deputatların Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından baxması onların orta əsr səlib yürüşləri dövrünün təfəkkürünə qayıtdıqlarını sübut edir. Haqlı olaraq sual edirik: Azərbaycan torpaqlarının 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindiyi və sərvətlərinin talan edildiyi dövrdə bu təşkilat niyə susurdu? Açıq şəkildə demək lazımdır ki, bu gün AP-də ənənəvi Qərb dəyərləri, habelə plüralizm, ifadə azadlığı kimi fundamental məsələlər Avropadakı erməni icmasının radikal fəaliyyəti nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşib. Azərbaycana qarşı ədalətli mövqe tutan istənilən deputat erməni icması və ya onun təsiri altında olan qüvvələr tərəfindən mənəvi terrora məruz qalır. Nəticədə həmin deputatlar susmağa məcbur olurlar. Hazırda AP erməni icmasının təsiri altında olan və Azərbaycana qarşı radikal mövqe tutan bir sıra deputatların öz şəxsi ambisiyalarının həyata keçirildiyi məkana çevrilib.
Bütün bunlar bir daha təsdiq edir ki, AP-nin ölkəmizə qarşı açıq-aşkar qərəzli qətnamələri Avropada yaşayan radikal və Ermənistandakı reallıqları dərk etməyən erməni icmasının maraqlarına xidmət edir. Bir daha onlardan tələb edirik ki, 2020-ci ildə Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının partlayışların qurbanına çevrilməsi, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın şərtlərinə zidd olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən hələ də tam şəkildə çıxarılmaması, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmaması AP-nin niyə yadına düşmür? Həyasızcasına Azərbaycanı «qoşunlarını Ermənistan ərazisindən çıxarmağa» çağıran bu təşkilat niyə Ermənistanı hələ də işğal altında saxladığı 8 Azərbaycan kəndini azad etməyə çağırmır?
Eyni zamanda, cinayət törətmələri məhkəmə istintaqı ilə sübut olunmuş Azərbaycanda saxlanılan ermənilərin məsələsini hər fürsətdə qabardan AP bu vaxta kimi bir dəfə də olsun 4000-ə yaxın itkin düşmüş azərbaycanlının sonrakı taleyinə dair Ermənistanı sorğulamayıb. Həmçinin Ermənistanın Praqada və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasından sonra Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alması regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərə zərbə vurur, Ermənistanda revanşistləri ruhlandırır.
Bundan başqa, AP-nin Azərbaycana münasibəti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi normallaşma prosesinə də ziddir. Yəni bu, o deməkdir ki, AP Ermənistandakı revanşist qüvvələri yenidən Azərbaycanla müharibəyə həvəsləndirir. Qeyd edək ki, həmin bu təşkilat vaxtıilə Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxmışdı. Lakin zaman Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün vacibliyini, Azərbaycanın Avropa üçün əhəmiyyətini sübut etdi. Ona görə də Azərbaycanofob, islamofob AP-nin anti-Azərbaycan mövqeyinə rəğmən, 2022-ci ilin 18 iyul tarixində Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyenin Bakıya səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun, eləcə də 17 dekabr tarixində Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşmasının imzalanması fonunda Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıq davam edəcək.
Təbii ki, AP-nin qəbul etdiyi və edəcəyi qeyri-obyektiv qətnamələr Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizmi tamamilə inkar edir. Halbuki, işğal dövrü Ermənistanın müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri ilə müşayiət olunmuşdur. Ermənistan qəsdən şəhər və kəndləri dağıtmaqla yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini məhv etmişdir. Çoxsaylı tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, məzarlıqlar sistemli şəkildə viran qoyulub və talanıb. Məscidlər yerlə-yeksan edilib, inək və donuz saxlanılan yerlərə çevrilərək təhqir olunub.
Digər qəbuledilməz haldır ki, AP ermənilərə aid olduğunu iddia etdiyi mədəni abidələri qədim xristian irsinin bir hissəsi kimi təqdim edir. İşğal dövründə dağıdılmış və ciddi ziyan vurulmuş 67 məscidi, yerlə-yeksan edilmiş İslam mədəniyyəti abidələrini inkar edir ki, bu düşüncə tərzi dini, irqi ayrı-seçkiliyi təşviq etməklə olduqca təhlükəli tendensiyalara rəvac verir. AP-nin mədəni irsə yanaşması da siyasiləşib, dini çalar alır. «Xristian irsi qorunmalı, müsəlman irsini isə dağıtmaq olar» yanaşmasına şahidlik edirik. Bəli, bir daha qeyd edirik ki, AP artıq müasir səlibçilərə çevrilib.
İndiki Ermənistan ərazisində yaşayan 250 mindən artıq azərbaycanlı öz yurdlarından zorla qovulduqdan sonra oradakı Azərbaycan, habelə müsəlman irsi tamamilə məhv edilib. Bütün məscidlər dağıdılıb, yalnız bir məscid saxlanılıb ki, o da İran hökumətinə jest kimi fars məscidi adlandırılıb. Lakin bu dəhşətli cinayətlər qarşısında AP susub və susmaqda davam edir. Eyni zamanda, Ermənistanda antisemitizm ən təhlükəli həddə çatıb. Ermənistan nadir monoetnik ölkələrdən biridir. AP isə bu irqçı, faşist ideyalarını dövlət səviyyəsində təşviq edən ölkəni müdafiə edir. Bu təşkilat məsələnin mahiyyətini araşdırmadan, reallıqdan uzaq, Ermənistanın maraqlarını qorumaq xatirinə qəbul etdiyi sənədlərlə özünü nufuzdan salmaqda davam edir. AP belə qızışdırıcı siyasəti ilə lüzumsuz yerə regionumuzu geosiyasi rəqabət məkanına çevirməyə çalışır. Ermənistanı açıq şəkildə dəstəkləyən və regionda rəsmi Yerevanın xeyrinə güc balansını dəyişməyə çalışan bu hoqqabaz təşkilat qətnamə layihəsində Türkiyəni regionda stabilliyi pozmaqda ittiham edir, rəsmi Ankaranı Azərbaycanı dəstəkləməyə son qoymağa çağırır.
Burada bir məqama da diqqət yetirmək lazımdır ki, Aİ missiyasını öz ərazisinə buraxmaq üçün Azərbaycana çağırış edən AP bir vacib məqamı anlamalıdır ki, Ermənistandan fərqli olaraq Azərbaycan müstəqil dövlətdir. Həmçinin AP-də təmsil olunan deputatların Azərbaycanı Hərbi Qənimətlər Parkına görə ittiham etməsi də riyakarlıqdır. Onların vaxtıilə işğal etdikləri dövlətlərin insanlarının kəllə sümüklərini öz müzeylərində nümayiş etdirmələri əsl barbarlıqdır. Ən dəhşətlisi isə Azərbaycandakı ənənəvi ailə dəyərlərinə verilən yüksək qiymətlə heç cür barışa bilməyən AP-nin bir sıra deputatları cəmiyyətimizə yad məsələlərin, habelə LGBT hüquqlarının təşviq edilməsini tələb etmələri ümumiyyətlə qəbuledilməzdir.
Elçin Zaman, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri