13 mart 2023 23:47
419

Biz mütləq ata-baba torpaqlarımıza, Qərbi Azərbaycana qayıdacağıq

Erməni faşizmi üzərində tarixi qələbədən sonra Azərbaycan xalqı özünün ən xoşbəxt və qürurlu günlərini yaşayır. Azərbaycan Prezidenti müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasəti, ordumuzun şücaəti və qüdrəti, xalqımızın birliyi və səfərbərliyi döyüş meydanında olduğu kimi, indi sosial iqtisadi inkişafda, bərpa quruculuq işlərində, sərhədlərimizin təhlükəsizliyində öz bəhrələrin verir və həyatımızı mənalandırır.

Qarabağ torpaqlarının işğaldan azad edilməsi bu gün Qərbi Azərbaycan torpaqların, İrəvanın, Göyçənin, Dərələyizin, Zəngəzurun azadlığına və uzun illər həsrət içərisində yaşayan insanların o torpaqlara qayıdışına yollar açır. Bu unudulmaz tarix, müqəddəs amal, ürəkləri riqqətə gətirən duyğulardı.

Ulu öndərimiz Heydər Əliyev Qarabağ torpaqlarının düşməndən azad ediləcəyinə əmin idi. Prezidentimiz cənab İlham Əliyev erməni faşistlərinə bu torpaqlarda yer yoxdu deyirdi və verdiyi vədə əməl etdi. Düşmənin başı əzildi. Bu gün Ali Baş Komandan Qərbi Azərbaycan torpaqlarına qayıdacağımızın anonsunu verir, dünyaya bir daha haqqın, ədalətin, yeni mübarizənin mesajlarını göndərir və Qərbi Azərbaycan icmasının yığıncağında qətiyyətlə bildirir ki,  biz mütləq ata - baba torpaqlarımıza qayıdacağıq.

X Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti dünyaya bir daha sülh mesajlarını verdi, bildirdi ki, qalib olmağımıza baxmayaraq, biz sülh istəyirik. Ermənistanla münasibətləri yaxşılaşdırmağın tərəfdarıyıq.

Əlbəttə ki, sülh lazımdır. Ancaq öz ata - baba torpaqlarımıza qayıtmaq vətəndaşlarımızın - o torpaqların sakinlərinin haqqıdır. Qərbi Azərbaycana da sülh yolu ilə qayıtmaq insanların istəyi və müqəddəs arzusudur. Yeni dünya nizamı, mövcud reallıqlar və Azərbaycanın iqtisadi, hərbi imkanları, beynəlxalq aləmdəki böyük nüfuzu bu qayıdışın reallığına şübhə doğurmur. Qarabağda olduğu kimi həmin torpaqlarda da dövlətimiz vaxt gələcək qurub yaradacaq, möhtəşəm layihələr həyata keçirəcəkdir.

Tahir Rzayev,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri