Azərbaycanın görkəmli şairi Nizami Gəncəvi 1141- ci ildə Gəncədə anadan olmuş, burada yaşayıb- yaratmış, ömrünü burada başa vurmuşdur. Şair təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliəsi hesabına Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. O, türk dili ilə yanaşı ərəb və fars dillərini mükəmməl bilirdi. Nizami Gəncəvi lirik şeirlərin “ Xəmsə” adı ilə tanınan “Sirlər Xəzinəsi, Xosrov və Şirin, Leyli və Məcnun, Yeddi Gözəl, İsgəndərnamə” poemalarının müəllifidir. Şair insanları əsərlərində dürüstlük, mərdlik, xeyirxahlıq, dostluğa çağırmış, dövrünün zalım hakimlərini tənqid atəşinə tutmuşdur. Nizami Gəncəvinin tarix, fəlsəfə, astronomiya, riyaziyyat, həndəsə və bir çox elm sahələrinə bələd olması yazdığı əsərlərdə özünü biruzə verir. Məhz bu əsərlər onun nə qədər yüksək təhsilə malik olması və müdrikliyinin bariz nümunəsidir.
Əsrlərdən bəri Nizami Gəncəvi yaradıcılığı şair və sənətkarların sənət məktəbi, ilham mənbəyi olmuşdur.Belə ki,Nizami Gəncəvi yaradıcılığı humanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqlarının ədəbiyyatının inkişafına güclü təsir göstərmiş, əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş və nadir əlyazma nüsxələri bir çox şəhərlərin məhşur kitabxana, muzeylərində qorunub saxlanılmışdır.
Ulu Öndərimiz görkəmli siyasi xadim Heydər Əliyev də Nizami Gəncəvi irsinə hər zaman xüsusi diqqət yetirmişdir. Ulu öndərin “ Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında “ 1979 –ci ildə verdiyi qərarı ilə nizamişünaslıq elminin tarixində yeni bir dövr başladı. Gəncədə Nizami Gəncəvinin məqbərəsinin bərpa olunaraq yenidən qurulması Heydər Əliyev və onun varisinin adı ilə bağlıdır.
Ulu Öndərin layiqli davamçısı olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2023 –cü il martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvlərini qəbul edib. Bu görüşdə dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzə göstərdiyi dəstəyi bundan sonra da davam etdirəcəyini bildirmişdir. 2023 –cü ilin martın 9 –da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev çıxışında qeyd etmişdir ki, Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyi və istedadının təzahürüdür.
Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə dünya zər – xara.
Bu iki misra ilə dahi şair insanların örnək ala biləcəyi necə də böyük fikirlər söyləmişdir.
Nizami Gəncəvi bütün dövrlər üçün aktualdır, ölməz poeziyası ilə bu gün də bizimlə yaşayır və Azərbaycan xalqı şairi daim hörmət və sevgi ilə anır.
Aynur Hacıyeva,
YAP Xətai rayon təşkilatının "Balaxan Süleymanov 20" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri