Azərbaycan 2013-cü ildən keçirilməsinə başlanan Qlobal səviyyəli Bakı Forumuna uğurla ev sahibliyi edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il tarixli sərəncamı əsasında yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mötəbər forumda dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirlər, parlamentarilər, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. X Qlobal Bakı Forumunda dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınıb, qarşıda duran çağırışların həlli yolları müzakirə olunub.
“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan X Qlobal Bakı Forumunun açılışında geniş nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yarandığı vaxtdan bir çox qlobal məsələləri müzakirə etdiyini və konkret fəaliyyət istiqamətləri ilə seçildiyini bildirdi. Cənab Prezident bu gün dünyanı və bəşəriyyəti narahat edən bir sıra məsələlərə, o cümlədən, regionumuzda baş verən proseslərə münasibətini bildirdi.”
Prezident İlham Əliyev Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını bəyan etdi. Ötən ilin oktyabrında Azərbaycan və Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur. Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Prezident İlham Əliyev qeyd etdi ki, “2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik. Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”.
Həmçinin, cənab Prezident İlham Əliyev Azərbaycanın təkcə özünün problemləri ilə bağlı deyil, pandemiya kimi ümumbəşəri və qlobal problemlərdə də aktiv roluna toxunub, bundan sonra da bu bəladan qurtulmaqla bağlı müsbət addımların atılması üçün dünyanın yanında olacağımızı vurğulayıb: “Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik.”
Beləliklə, dünya ölkələri xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə Azərbaycanı daha yaxından tanıyır və onun artan gücünün, beynəlxalq nüfuzunun şahidinə çevrilir.
Cavid Mehdizadə
YAP Xətai rayon təşkilatının fəalı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri