Hazırda qlobal miqyasda bir sıra münaqişələr yaşanır. Münaqişələr uzandıqca beynəlxalq miqyasda sabitliyə və təhlükəsizliyə təhdidlər də artır. Bu barədə 60 ölkədən 350 iştirakçının, o cümlədən 50-dən artıq hazırkı və sabiq prezidentin, baş nazirin qatıldığı X Qlobal Bakı Forumunda da səmərəli diskussiyalar aparılıb. Prezident İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında ölkəmizin təcrübəsinə istinad etməklə münaqişələrin həlli yollarına diqqət çəkib.
Münaqişələrin həllinə gəldikdə, bu mövzu Forum çərçivəsində geniş şəkildə müzakirə ediləcəkdir. Mən isə öz təcrübəmizlə bağlı fikirlərimi bölüşə bilərəm. Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir.
Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, bu etnik təmizləmə isə dəfələrlə 1918 ci il, 1948 - 53 cü illər, 1989 – 1990 cı illərdə baş verib və sonda həmvətənlilərimiz Qarabağdan sürgün salınıb , bir milyon azərbaycanlıya əzab-əziyyət verib. Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi. 1992-ci ildə münaqişə yarandıqdan sonra ATƏT Minsk qrupunu təsis etdi. Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu hər hansı nəticəyə nail olmadı. Danışıqlar prosesinin sonunda bizə belə görünürdü ki, onlar, sadəcə, vəziyyəti dondurmaq istəyirlər. Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər. Lakin biz bununla razılaşmadıq. Biz özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək düzgün olanı etdik. Biz öz ərazilərimizi güc tətbiq etməklə azad etdik. Bu, bizim legitim hüququmuz idi. Beləliklə, çalışdıq ki, dinc yolla həll edək. Bizdə alınmadı, ona görə ki, erməni tərəfi konstruktiv yanaşma göstərmədi. Biz isə güc tətbiq etdik və öz ərazimizi azad etdik. Hazırda, təxminən iki il yarım vaxt ötür və biz 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış böyük ərazini yenidən tikirik. Yeri gəlmişkən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Şuşaya səfər ediblər və orada panel müzakirələr aparıblar. Onlar Füzulidə və Şuşada dağıntıları görüblər və bu, həqiqətən də barbarlıq, urbisid, kultursid, ekosid əlamətidir. Bunu edən bizim qonşularımız olub. Azərbaycan xalqının qisas almaq üçün mənəvi hüququ var və mən bunu anlayıram. Lakin mənim mesajım döyüş meydanında qisası almaqla həyata keçdi.
Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik. Biz ermənilərdən fərqli olaraq soyqırımı törətmədik. Biz döyüş meydanında qisas aldıq , - deyə dövlətimizin başçısı vurğulayıb. Beləliklə, hazırda sülh üçün vaxt yetişib. Bununla belə, 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik. Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar.
Beləliklə, hazırda onlar üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Bir sözlə, biz sülh istəyirik. Biz hər hansı digər müharibəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur.
Bu gün respublikamız o mövqedədir ki, Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Qarabağ İqtisadi Rayonunda yaşayan erməni əsilli insanlar Azərbaycan vətəndaşlarıdırlar. Ölkəmiz onların bütün hüquqlarının qorunmasına təminatlar verir. Ancaq Azərbaycanın ədalətli yanaşması heç də ermənilərin torpaqlarımızda separatizm əməllərini davam etdirmələrinə əsas vermir. Ölkəmiz, xalqımız bir dəfə - 44 günlük müharibədə göstərib ki, səbrin, humanizmin, xoş məramın da bir həddi var. Əgər Ermənistanda və Xankəndidə bunu anlamasalar, ölkəmiz növbəi dəfə legitim hüququndan istifadə etmək məcburiyyətində qalacaq.
Vüqar Ələkbərov,
YAP Xətai rayon təşkilatının "Vunq Tau 14" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri