12 mart 2023 02:15
381

Çoxpartiyalı parlamentin formalaşması siyasi islahatların tərkib hissəsidir

2020-ci il fevralın 9-da Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərinin əsas məqsədi islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi.2020-ci il mart ayının 10-da isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş VI. çağırış Milli Məclisin ilk iclası sonrakı dövrdə ölkəmizdə gedən ictimai-siyasi proseslərin istiqamətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edən hadisə idi. Cənab Prezident İlham Əliyev parlamentdə hər zaman olduğu kimi, dərin məzmunlu və əhatəli çıxış etmişdi. Həmin çıxışda Prezident İlham Əliyev qeyd etmişdi ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir. Prezident İlham Əliyev 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra onun təşəbbüsü ilə ölkədə dərinləşən islahatlar kursuna start verildiyini və bu islahatlar kursunun bütün sferaları əhatə etdiyini diqqətə çatdırmışdı.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq və bu məqsədlə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri yaradılmalıdır. Bu gün ölkəmizdə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Bütün sahələrdə aparılan kadr islahatları da bunu bir daha təsdiq edir. O cümlədən, mərkəzi və yerli icra orqanlarında, bütün dövlət qurumlarında aparılan təmizləmə işləri birmənalı olaraq xalqın iradəsini ifadə edir və milli maraqlara söykənir.

Daha bir vacib məqam da qeyd edilmişdi ki, seçkilərin nəticələrinə dair verilmiş obyektiv beynəlxalq qiymət kifayət qədər yüksək olmuş və Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Belə ki, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu vurğulamışdı. Verilmiş bu qiymət, əslində, seçkilərin tanınması demək idi. Sözsüz ki, altıncı çağırış Milli Məclisin önəmli fərqli cəhətlərindən biri onun çoxpartiyalı olmasıdır. Bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində yeni parlamentin böyük rolu vardır. Bütün bunlar cənab Prezident İlham Əliyevin çıxışında öz əksini tapmışdır.

Bu gün müxalifət partiyalarının nümayəndələri parlamentin və komitələrin rəhbərliyində təmsil olunurlar. Əlbəttə ki, bu mütərəqqi addım da məhz möhtərəm dövlət başçımızın təşəbbüsü ilə atılmışdır və ölkədə həyata keçirilən uğurlu siyasi islahatların bir parçasıdır.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı