Məlum olduğu kimi, Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi tanınan Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ildən etibarən həyata keçirməyə başlayıb. Azərbaycanın sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz dünyanı cənginə alan bu qlobal problemin öhdəsindən gəlmək məqsədilə beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ etməklə özünü tarixin yaddaşına həkk etməyi bacarıb. Belə ki, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı olub.
Bununla bağlı bir neçə fakta müraciət edək. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirilib. Həmin ilin dekabrında yenə də Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası təşkil edilib. Bütün bunlardan əlavə Azərbaycanın təşəbbüsü ilə həm Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edilib. Başqa sözlə desək Azərbaycan peyvənd “millətçiliyi”nə, vaksinlərin ədalətsiz bölgüsünə qarşı səsini ucaldıb. Bütün bunlar o deməkdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər koronavirusla mübarizədə beynəlxalq həmrəyliyin təmin olunmasına böyük töhfələr verib.
Üstəlik, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərib. Azərbaycan bu məqsədlə əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım çatdırıb. Bu isə o deməkdir ki, COVID-19-la mübarizədə beynəlxalq həmrəyliyi təmin edən Azərbaycan həm də yardımları ilə bu həmrəyliyin möhkəmlənməsi istiqamətində nümunələr ortaya qoyub.
Martın 2-də Bakıda 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bildirib ki, pandemiya dövründə olduğu kimi, postpandemiya bərpası dövründə də Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək: “Məmnuniyyətlə elan edirəm ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. İnanıram ki, Qoşulmama Hərəkatının üzvləri və beynəlxalq ictimaiyyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək və bizə qoşularaq postpandemiya bərpası dövründə ehtiyacı olan ölkələrə dəstək verəcəklər”.
Ölkəmizin bu kimi humanist addımları dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən yüksək dəyərləndirilib. Məsələn, elə həmin tədbirdə BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi bununla bağlı deyib: “Azərbaycan tərəfindən bununla bağlı irəli sürülən təşəbbüslər, həmçinin peyvəndlərə vaxtında və ədalətli qaydada çıxış və əlçatanlıq da qarşılıqlı dəstəyin bir nümunəsidir. Qoşulmama Hərəkatı bu böhrana cavab vermək və pandemiyanın nəticələrini aradan qaldırmaq üçün qlobal həmrəylik göstərərək təşəbbüslər irəli sürmüşdür”.
Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə özünün ən məhsuldar dövrünü yaşamaqdadır. Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində Prezident İlham Əliyevin yürütdüyü siyasət təşkilatın beynəlxalq arenadakı mövqelərini gücləndirməyə xidmət edib.
Qvami Məhəbbətoğlu, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri