10 mart 2023 23:15
443

Həyata keçirilən islahatlar ölkəmizin güclənməsinə xidmət edir

Son illər ərzində ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar Azərbaycanın gələcək inkişafına xidmət edən mühüm amillərdəndir. Üç il öncə Azərbaycan Respublikası Milli Məclisinə keçirlən növbədənkənar seçkilər də ölkədə həyata  keçirilən  islahatları özündə təcəssüm etdirdi. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdən ibarət idi.

2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticəsində formalaşan yeni tərkib özündə dövrün, zamanın tələblərini aydın şəkildə ifadə edir. Belə ki, bütün siyasi qüvvələrin iştirak etdikləri seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb. Tam əminliklə demək olar ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı parlamentdir. Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin rolunu nəzərə alsaq bu seçkilərin nəticələrinin ölkəmizin qarşısında böyük imkanlar açdığını böyük inamla qeyd edə bilərik. Dövlətimizin başçısı İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində yer alan çağırışlardan bəhs edərək bildirib ki, keçdiyi 30 illik şərəfli yolda ictimai fikirdə qələbələr partiyası kimi nüfuza sahib olan Yeni Azərbaycan Partiyası yeni parlamentdə də yerlərin əksəriyyətini qazandı. VI çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində bütün siyasi partiyaların nümayəndələrinin təmsil olunması təqdir edilən mühüm addımlar sırasındadır. Bu baxımdan ki, bu günə qədər belə bir hal olmayıb. Amma bu günün tələblərindən biri kimi Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün belə bir addımın atılmasına böyük zərurət duyuldu. “Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır” söyləyən dövlətimizin başçısı bu çağırışı etdi ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Ölkədə aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Qeyd etdiyimiz kimi, islahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi.

Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası bu səpkidə xüsusi qeyd edilməlidir. Hərb meydanında qazanılmış Qələbənin siyasi və diplomatik müstəvidə strateji prosesə çevrilməsi isə əsas vəzifədir. Bu, daha qüdrətli Azərbaycan deməkdir. Dövlət başçısının rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar yeni mərhələdə qarşıda duran vəzifələri reallaşdırmağa imkan verir.

Cənab Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında  çıxışı qanunverici orqan üçün bir fəaliyyət planı hesab edilir. Beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmalı olduğunu bildirən ölkə başçısı Azərbaycana qarşı əsassız yanaşmaların olduğu, ittihamların irəli sürüldüyü təşkilatlarda mübariz olmağı, onların qarşısında yaxşı olmaq deyil, dövlət, xalq qarşısında yaxşı olmağın vacibliyini vurğulamışdır. Bundan əlavə, Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolunun artması, hökumət üzvləri və  Parlamentin xalqla daha sıx təmasda olmaları, daimi ünsiyyətin qurulması əsas vəzifələr kimi müəyyənləşdirilmişdir. Azərbaycanın müasir, dünyəvi dövlət kimi güclənməsi, dünyəvilik prinsiplərinin daha geniş bərqərar olması, radikalizmə qarşı daha geniş mübarizənin aparılması işlərində də Parlamentin rolunun vacibliyi qeyd olunmuşdur. Parlament qarşısında bu və digər vəzifələri müəyyənləşdirən Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində çox önəmli rol oynayır. Həmçinin, Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri mövcuddur. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında münasibətlər qurulmuşdur. Əldə edilən ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Ölkə başçısının düşünülmüş və qətiyyətli siyasəti sayəsində həm təhlükəsizlik, həm də sabitlik təmin edilir, xalqımız əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı