09 mart 2023 19:25
350

Müasir müstəqil Azərbaycan inkişaf yolunda qətiyyətlə irəliləyir

Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr etmiş Ulu öndər Heydər Əliyev, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıb. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bundan başqa, siyasi-hüquqi islahatların həyata keçirilməsi kimi strateji tədbirlər ölkədə demokratik hüquq və azadlıqların daha da möhkəmlənməsini şərtləndirmiş oldu. Bu sırada Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar xüsusi vurğulanmalıdır.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqların təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi və digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirib. Nəticə etibarilə, Azərbaycan demokratiya yolunda intensiv irəliləyişini inamla davam etdirir.

Bunlarla yanaşı, Azərbaycanın demokratik inkişafından bəhs edərkən qeyd etmək lazımdır ki, ölkəmizdə demokratik transformasiya prosesi uğurla başa çatdırılıb. Sirr deyil ki, Ulu öndər Heydər Əliyevin sistematik surətdə başlatdığı demokratik transformasiya prosesi Prezident İlham Əliyev tərəfindən dövrün və şəraitin çağırışlarına, qanunauyğunluqlarına adekvat surətdə davam etdirilib və strateji hədəf kimi müəyyənləşdirilmiş vəzifələr yerinə yetirilib.

Nümunə olaraq vətəndaş cəmiyyətinin inkişafı sahəsində "Asan xidmət" təcrübəsi çox məqsədəuyğun və korrupsiyanın qarşısının alınmasında vacib rol oynadı. Bu istiqamətdə 2012-ci ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Qurumun əsas məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflığı artırmaq, vətəndaşlara daha keyfiyyətli və innovativ xidmətlər göstərmək idi. Bu təcrübədən hal- hazırda dünyanın inkişaf etmiş Avropa dövlətləri təcrübədə istifadəyə hazırlaşırlar.

Nərmin Səmədova,
YAP Xətai rayon təşkilatının "Neapol 8" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü