Deyirlər, Uca Yaradan bəşər övladının düçar olduğu əziyyətdən, üzləşdiyi bəladan xilas olması üçün hər əsrdə ona bir dahi şəxsiyyət bəxş edir. O dahilər ki, qətiyyətləri və dəmir iradələri sayəsində mənsub olduqları xalqı arxasıyca aparır, ən taleyüklü məqamlarda isə qalib rolunu oynayır. Böyük dahiləri isə ancaq böyük millətlər yetişdirə bilər. Azərbaycan xalqının, Azərbaycan dövlətinin taleyinə günəş kimi doğan, xilaskar adını tariximizə qızıl hərflərlə həkk edən şəxsiyyət isə Ümummilli Lider – Heydər Əliyev olmuşdur.
Belə bir deyim var, “İnsan var ev üçün, insan var el üçün doğulur”. Nə xoş bizlərin halına ki, xalqımızın ən ağrılı-acılı günündə Uca Tanrım bizə Heydər Əliyev kimi bir şəxsiyyəti bəxş etdi. Tarixdə o xalqlar adını dünyanın xoşbəxt xalqları siyahısına sala bilər ki, tufanlarla üzləşəndə, qaranlıq gecədə səmtini itirəndə, qara buludların arasından günəş kimi sıyrılıb çıxan, ürəyini məşəl kimi başı üzərinə qaldırıb mayak kimi yol göstərən övladları olsun. Heydər Əliyev də belələrindən idi. O, zamanın ən ağır sınaqlarında Azərbaycanı gözlənilən ən ciddi təhlükələrdən hifz edib, qorumağı bacarmış xilaskar oğludur. Xalqın xilaskar oğlu hələ sağlığında ümumilli sevginin ünvanına çevrilərək əbədiyaşarlıq qazanmışdır. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır,Azərbaycan Respublikasıdır.” deyən Heydər Əliyevin ürəyi daima xalqı ilə döyünürdü. Ulu öndər azadlıq və müstəqillik uğrunda tökülən qanların hədər getməməsi, geniş xalq kütləsini bürüyən azadlıq hərəkatının real nəticələr verməsi üçün tələb olunan bütün tədbirləri görür, böyük cəsarət tələb edən addımları tərəddüt etmədən atırdı. Heydər Əliyev heç bir çərçivəyə sığmayan, öz xalqının, vətəninin xoşbəxtliyi və azadlığı naminə canından belə keçməyə hazır olan fədakar insan idi. O, Azərbaycan tarixinin tək-tək dahilərinə, böyük dövlət xadimlərinə nəsib olan əvəzsiz işlər görmüş, doğma Azərbaycanımız naminə misilsiz fəaliyyət göstərmişdir. Xalqını sonsuz məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə qürur duyan dahi lider bütün zamanların ən böyük azərbaycanlısı olmuşdur. Azərbaycançılıq onun canında, qanında , ruhunda idi.
XX əsrin sonunda və yeni minilliyin əvvəllərində xalqımızın əldə etdiyi nailiyyətlər məhz görkəmli dövlət xadiminin şərəfli adı ilə bağlıdır. Belə ki Heydər Əliyev dühası bütün Azərbaycanı işıqlandırdı. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan Müstəqil Dövlətçilik ideyası baş qaldırdı.
Ulu Öndərimiz Azərbaycan zirvəsinin məğrur qartalı idi Taleyin hökmü ilə iki dəfə hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqının köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən millətini xilas etmişdir.
Belə məqamlardan biri də 90-92-ci illər idi. Gəlin, xəyalən bu illərə gedək. Hər bir azərbaycanlı bunun nə demək olduğunu çox yaxşı bilir... Acı günlər... Hər an cəbhədən gələn qara xəbərlər... Azərbaycanımızın göz bəbəyi sayılan Qarabağ azğın düşmən tərəfindən parça-parça işğal edilirdi. Belə ki, bədnam qonşularımız H.Əliyev şəxsiyyətindən çəkinərək 1987-88-ci illərədək özlərinin Dağlıq Qarabağla-indiki Şərqi Zəngəzurla əlaqəli iddialarını irəli sürə bilmirdilər. Ancaq 1987-də Heydər Əliyev Sovet İKP MK-ə üzvlüyündən istefa verəndə Qarabağda separatçılıq güclənməyə başladı və bu Azərbaycanda daxili sabitliyin pozulmasına gətirib çıxartdı. Belə bir zamanda hakimiyyətdə olan qüvvələr baş verənlərə son qoymaq əvəzinə kürsü davası edir, yalnız sərvət toplamaq haqqında fikirləşirdilər. Ağacı qurd içindən yeyər demişlər. Həqiqətən də düşünsək görərik ki , düşməni çox uzaqlarda axtarmaq lazım deyilmiş. Hamısının günahkarları içimizdəki xainlər, kürsü davası edənlər imiş. O zamanlar Azərbaycan sanki barıt çəlləyinə dönmüşdü. Hərc-mərclik baş alıb gedirdi. Ərazi o zaman Vətənə çevrilir ki, milli ruhla canlanmış olsun. Həmin vaxtlar əhalidə milli ruh, azadlıq arzuları yavaş-yavaş yox olurdu və onlar öz inamlarını getdikcə itirirdilər. Qardaş qırğını hər an gerçəkləşə bilərdi. Dövlət orqanları iflic vəziyyətində idi.Bir dövlət olaraq Azərbaycan “olum” ya “ölüm” seçimi arasında qalmışdı. Əlbəttə, bunu inkar etmək olmazdı ki, ölkənin taleyinə cavabdeh olan hər bir hakimiyyət öz missiyasının öhdəsindən gələ bilmək üçün ilk növbədə, şəxsi iddialardan əl çəkməli, yalnız və yalnız dövlətin və xalqın mənafeyini düşünməlidir. Təəssüf ki, Azərbaycanın taleyüklü məsələlərinin həll olunduğu bu cür mürəkkəb məqamda ölkədə rəhbərliyi yarıtmaz şəxslər həyata keçirirdilər. Lakin tale xalqımızın ümidini yerdə qoymadı.
“Dövlətin xilası üçün bir dahi insan kifayətdir” demişlər. Bu qarışıqlığın içində hər kəsin gözü bir insanı axtarırdı, o da dövlətimizi xilas edə biləcək yeganə şəxs olan Heydər Əliyev idi. 40 gün kölə kimi yaşamaqdansa 1 gün azad yaşamağı üstün tutan Babəkin nəslindən gələn xalq öz əbədiyaşar liderini arayırdı, imdad dolu harayla Heydər Əliyevi səsləyirdi. Neçə ildən sonra xalqımız bir yumruq kimi birləşərək Heydər Əliyevi yenidən hakimiyyətə qaytardı .O tarixi dönüş tariximizdə yeni bir dövrün başlanğıcı oldu. O günlər uzaq keçmiş deyil. . Nizam-intizamdan əsər-əlamət qalmayan Azərbaycana gəlmək əslində onun həyatıı üçün böyük risk idi. Amma Ulu Öndər problemin üstünə yeridi, ölümə meydan oxudu.
Heydər Əliyev hakimiyyətə gələn kimi Bakıda vətəndaş müharibəsi dayandırıldı, qardaş qırğının qarşısı alındı. Həmin vaxt xalq Qarabağ müharibəsinə də son qoymaq istəyirdi, analar,bacılar daha şəhid vermək istəmirdi. Bu məqsədlə H.ƏLiyev 1994-cü ilin 12 mayında Qarabağda atəşkəsə nail oldu. Həmin vaxt ordumuz yox dərəcəsində idi, düşmənlərə qarşı gəlməyə gücümüz çatmırdı. Buna görə də ordu quruculuğuna H.Əliyev böyük diqqət və qayğı göstərdi. Qartal baxışları ilə daim zirvələri izləyən bu şəxsin uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində peşəkar hərbi kadrlar yetişdirildi. O dövrlərdə talan olmuş büdcəni də bərpa etmək lazım idi. Ümummili lider bunun həllini neft sənayesində gördü. Beləliklə, ölkəmiz 1994-cü ilin 20 sentyabrında dünyanın ən nəhəng şirkətləri ilə “Əsrin müqaviləsini imzaladı. H.Əliyevin ölkəmizin müstəqilliyinə yönəlmiş addımlarından biri də 1995-ci ildə Konstitusiyamızın qəbulu və Parlamentin yaradılması oldu. Bu gün biz dahi liderin uzaqgörənliyi və qətiyyəti sayəsində azad, müstəqil və çağdaş respublikada yaşayırıq. Bugünki demokratiyanın, daxili sabitliyin, quruculuq işlərinin, idman və təhsil sahəsində qazandığımız uğurların hər biri məhz Ulu Öndərin adı və fəaliyyəti ilə bğlıdır.
2003-cü il dekabrın 12-i türk dünyasının ən kədərli günlərindən biri oldu. Ulu Öndərin əbədiyyətə qovuşduğu gün Azərbaycan xalqının, bütün türk-islam dünyasının və bəşəriyyətin tarixinə ən ağır hüzn günü kimi daxil oldu. Heydər Əliyev Bakıda Fəxri Xiyabanda, ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın yanında dəfn edilmişdir. Onun məzarı bütün qədirbilən Azərbaycan xalqı üçün müqəddəs ziyarətgaha çevrilmişdir. Ümummilli Lider tariximizdə ən görkəmli dövlət xadimi kimi əbədi milli-sərvət – Heydər Əliyev dövlətçilik məktəbini yaratmış oldu. O, 2003-cü ildə xalqa müraciətində belə demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim teleyüklü məsələləri, planları sizin dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Zaman Ulu Öndərin inamını təsdiq etdi və Ümumilli Lİderin layiqli davamçısı İlham Əliyev ölkəmizə bacarıqla rəhbərlik edir. Cənab prezidentin uğurlu siyasətinin nəticəsində Azərbaycan son illər iqtisadi, siyasi, mədəni, sosial, təhsil və digər sahələrdə çox mühüm nailiyyətlər əldə edir, beynəlxalq mövqeyi daha da möhkəmlənir. Dövlət başçımız öz doğma xalqının rifahının yüksəlməsi üçün daima müxtəlif tədbirlər görür. Və nəhayət, 28 il sonra xalq iqtidar birliyi nəticəsində, Ali Baş Komandanımızın başçılığı altında Azərbaycan bayrağı Qarabağda dalğalandı. Rahat uyu, Ulu Öndər, “Şuşasız Qarabağ, Qarabağsız isə bütöv Azərbaycan yoxdur” deyərək, Şuşanı azad etməyi bizlərə vəsiyət etmişdin. Və bizlər bu vəsiyətinizi şəhidlərimizin hesabına gerçəkləşdirdik.
Bu gün Ulu Öndərin yoxluğu sadəcə cismani yoxluqdur.Hər birimiz nə zamansa bu dünyadan köçəcəyik. Ancaq Heydər Əliyev kimi dahi insanlar xalqı, Vətəni var olduqca insanların qəlbində daima yaşayacaqdır. Çünki taleyini millətin taleyi ilə bağlamış insanların ömrü də elə millətin ömrü qədər olur.
Reyhan Ələkbərova,
YAP Xətai rayon təşkilatının "Telnov 6" ünvanı üzrə ərazi partiya təşkilatının sədri
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri