2023-cü il mayın 10-u Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. 29 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu yubileyin dövlət səviyyəsində qeyd olunması məqsədilə sərəncam imzalanmışdır. Sərəncama əsasən, 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.
Ulu Öndər Heydər Əliyevin həyat yolu, zəngin siyasi təcrübəsi və dövlətçilik tarixində xidmətlərini müxtəlif istiqamətlərdən araşdırmaq mümkündür. Onun iradəsi, uzaqgörən və məqsədyönlü qərarlar verməsi, yüksək idarəçilik bacarığı siyasi mühitdə hər zaman hörmətlə qarşılanmışdır. Heydər Əliyev Azərbaycan tarixinin həm sövet, həm də müstəqillik dövründə fəaliyyəti boyu təcrübəli dövlət xadimi kimi öz sözünü demiş liderlər sırasındadır.
Müstəqilliyimizi qazandığımız ilk illərdə bir tərəfdən Azərbaycanın qarşılaşdığı siyasi, sosial, iqtisadi çətinliklər, digər tərəfdən ermənilərin əsassız torpaq iddiaları vəziyyəti mürəkkəbləşdirirdi. Xaricdən gələn təziqlər və daxildəki çəkişmələr müstəqilliyimizi itirmə təhlükəsi yaradırdı. XX əsrin 90-cı illərinin əvvəllərində hələ dövlət kimi tam formalaşmamış Azərbaycan bu mübarizələri aparmaqda çox zəif idi. İdarəçilikdə hökm sürən təcrübəsizlik və qarışıqlıq xarici qüvvələrlə mübarizədə aciz idi. Ermənilərin havadarlarından kömək alaraq törətdikləri soyqırımlar, günahsız insanlara qarşı kütləvi qırğınlar, dədə-baba yurdlarından didərgin salınması həmin illərin acı reallığı idi. Məhz belə bir vaxtda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın istəyilə yenidən hakimiyyətə gəldi.
Müasir Azərbaycanda baş vermiş bir çox dəyişiklər Ulu Öndərin adı ilə bağlıdır. Onun milli inkişaf strategiyası sayəsində Azərbaycan 90-cı illərin əvvəllərində yaşadığı ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşılaşdığı çətinlikləri aradan qaldıraraq uğurlar əldə etmişdir. Ölkəmizin neft strategiyası, Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Mürəkkəb siyasi vəziyyətdə xalqın birliyini təmin edən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinə dövlət qayğısı, ictimai-siyasi, elmi və mədəni fikir tariximizə marağın artırılması, Azərbaycanın çoxəsrlik mənəvi dəyərlərə sahib ərazi kimi tolerantlıq şöhrət qazanması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin quruculuq siyasətinin tərkib hissələridir.
Müstəqil Azərbaycanın tanınmasında və uğurlu beynəlxalq münasibətlər yaratmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri vardır. Xalqımız bu böyük şəxsiyyətin xatirəsini hər zaman əziz tutacaq və xidmətlərini unutmayacaqdır.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri