09 mart 2023 11:39
578

Heydər Əliyev dövlətçilik məktəbi milli sərvətimizdir

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

Zəngin keçmişə malik olan Azərbaycan xalqı müxtəlif tarixi dövrlərdə dahi şəxsiyyətlər və böyük potensiala malik siyasi liderlər yetişdirib. Son bir neçə əsrlik tariximizdə tanrının Azərbaycan xalqına bəxş etdiyi ən fenomenal şəxsiyyət heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyev olmuşdur. Tam əminliklə demək olar ki, bu günkü Azərbaycan Respublikası məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı Şah əsərdir. Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri ilə əbədiyaşarlıq qazanan Ümummilli Lider Heydər Əliyevin mübarizələrlə dolu olan mənalı həyat yolu, zəngin və rəngarəng irsi böyük ibrət məktəbidir. 1969-cu ildən müasir dövrümüzə qədərki tariximizə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Azərbaycançılıq şüurunun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Doğma və müqəddəs Azərbaycanımız dünyada layiq olduğu mərtəbəyə Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Ümummilli Lider zirvəsinə ucalmış Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, dövlətçiliyi haqqında dediyi ifadələr hər zaman yaddaşlarda qalacaq və xalqımızı yeni-yeni uğurlar qazanmağa ruhlandıracaq. Ulu Öndər Azərbaycanın qazandığı dövlət müstəqilliyini çox yüksək qiymətləndirir və qeyd edirdi ki, dünyada milli azadlıqdan, müstəqillikdən qiymətli heç bir şey yoxdur. O cümlədən, müstəqilliyi qoruyub saxlamaq, möhkəmlətmək, onu əldə etməkdən də daha çətin bir vəzifədir. Həqiqətən də hər bir layiqli vətəndaş üçün vətən, torpaq, ölkə, müstəqil dövlət anlayışları ən yüksək mənəvi dəyərlər sırasında dayanır.

1990-cı illərin acı reallıqları tələb edirdi ki, erməni təcavüzünü dəf etmək, vətənimizi xarici təzyiqlərdən və təhdidlərdən qorumaq, ölkəmizi düşdüyü dərin böhran şəraitindən çıxarmaq, daxildə separatizm meyllərinin qarşısını almaq üçün dövlətin başında xalqın tam inandığı, öz taleyini ona etibar edə biləcək bir şəxsiyyət dayansın. Heç şübhəsiz ki, belə dahi şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyev idi. Fenomenal siyasi lider olan Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, onu daha da inkişaf etdirib gələcək nəsillərə miras qoymaq üçün ölçüyə gəlməz dərəcədə böyük işlər gördü.

Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və edəcək.

Bu gün Azərbaycan Respublikası artıq dünya birliyində öz layiqli yerini tutmuşdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında qürurla dalğalanır. Xalqımız qalib ölkəmizin üç rəngli, ay ulduzlu bayrağı altında və Ulu Öndər Heydər Əliyev irsinin işığında hələ çox Zəfərlər qazanacaq.