08 mart 2023 18:23
335

Xalqa və cəmiyyətə fədakarcasına xidmət

İnsan həyatının ən mühüm amili olan qadınların hüququ, azadlığı, ictimai-siyasi həyatda iştirakı beynəlxalq aləmdə həmişə müzakirə olunan, tədqiq edilən və bu istiqamətdə davamlı addımlar atılan məsələlərdən  olub. Qeyd edək ki, bütün dünyada qeyd olunan 8 Mart - Beynəlxalq Qadınlar Bayramı da 1857-ci ildə Nyu-Yorkda 12 saatlıq iş gününə etirazı ilə başlanan qadınların hərəkatının tarixi ilə bağlıdır. Onların öz hüquqları üçün başladıqları mübarizə 1910-cu ildə alman sosialist qadın Klara Setkinin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olması ilə nəticələnib. 1977-ci ildə isə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Qadınlar bayramı Azərbaycanda da həmişə geniş qeyd edilir və xüsusi bir təntənə ilə keçirilir. ölkəmizin daxil olduğu keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü 1965-ci ildən istirahət günü elan olunub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da 8 Mart ölkəmizdə qeyri-iş günüdür. Beləliklə, ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın və Ana adı ölkəmizdə həmişə uca tutulmuşdur.

Xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində qadınların misilsiz xidmətləri var. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlayıblar.

Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olublar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Başda şəhid anaları və onların həyat yoldaşları olmaqla tariximizin hər bir dövründə cəmiyyətimizin dayağı olan qadınlarımızı Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir, onlara can sağlığı, firavanlıq arzulayıram.

Günay Dəmirova,
YAP Xətai rayon təşkilatının "Cavanşir 12" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü