22 fevral 2023 16:29
496

Münxen görüşləri Azərbaycanın diplomatik meydanda siyasi qələbəsidir

Hər il fevral ayında Münxen şəhərində təşkil edilən Münxen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu kimi dəyərləndirilir. Konfransın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir. Münxen şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev dünyanın nüfuzlu ölkələrinin siyasi, hərbi və iqtisadi sahələrinin liderləri ilə görüşmüşdür. Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 fevral 2023-cü il tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda bir daha ölkəmizin haqlı mövqeyinə diqqət çəkdi.  Prezident bəyan etdi ki, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirdi. Yenə də Ermənistanın təcavüzkar siyasətini dəstəkləyənlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına bu və ya digər formada maneçilik törədir, tərəflər arasında qismən yaxınlaşma olarkən dərhal aktivləşərək vəziyyəti mürəkkəbləşdirirlər. Unudurlar ki, 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün müharibə apardı, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Prezident İlham Əliyevin bu konfransa dəvəti və iştirakı Azərbaycanın sülh tərəfdarı olduğunun təzahürüdür. Prezident İlham Əliyev Münxendə Dağları aşmaq Cənubi Qafqazda təhlükəsizliyin qurulması mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində 2-ci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyətin tamamilə dəyişdiyini bildirərək yeni reallıqların ortaya çıxdığını diqqətə yetirib. Panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcburən barşacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər yeni yanaşmaları tələb edir. Cənab Prezident "Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalı  açıqdır” deyə bildirdi.

Dövlət başçısı cənab  İlham Əliyevin plenar iclasda iştirakı və çıxışı ölkəmizin diplomatik uğurlarının davamlılığına geniş imkanlar yaratdı. Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak etdilər. Cənab İlham Əliyev çıxışında bir çox məsələlərlə bağlı fikirlərini səsləndirdi, Azərbaycanın sülh təklifindən bəhs etdi, bir sözlə, Cənubi Qafqaz regionunun təhlükəsizliyi ilə bağlı Azərbaycanın xəritəsini təqdim etdi. “Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik” söyləyən Prezident İlham Əliyev bildirdi ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun.  Ermənistanın baş naziri Paşinyan  tərəfindən yenə qeyri-obyektiv fikirlər səsləndirilməsi onun yenə də öz amplualarında qaldığını bir daha təsdiqləyir. Bizim isə mövqeyimiz birmənalıdır. Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanırıq. İkincisi, mövqeyimizi açıq bildiririk. Bildiyimiz kimi, enerji təhlükəsizliyi ilə bağlı panellər də keçirilib. Azərbaycanın son vaxtlar enerji təhlükəsizliyi təchizatı ilə bağlı irəli sürdüyü məsələlər, Bolqarıstanda, Rumıniyada imzalanan müqavilələr, Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır. Bu reallığı ermənipərəst dövlət kimi tanınan Fransa qəbul etsə də etməsə də Azərbaycan Avropada olduqca hörmətlə qarşılanır. Şübhəsiz ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək. Bütün bunlar Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsidir. Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Prezident İlham Əliyev həm işğal, həm də postmünaqişə dövrünün reallıqlarını faktlar əsasında beynəlxalq auditoriyaya növbəti dəfə çatdırdı.

Konfrans çərçivəsində aparılan müzakirələr Azərbaycanın mövqeyinin dəstəklənməsi ilə müşayiət olundu. Bu baxımdan ki, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanması lazımdır

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası  Kürdəmir  rayon təşkilatının sədri