22 fevral 2023 23:45
503

Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın güclü siyasi iradəsini bir daha ortaya qoydu

Bu gün yenilənən dünyamızda  baş verən proseslərə nəzər yetirdikdə görürük ki, dünya dövlətlərinə, insanlara daha çox sülh lazımdır. Beynəlxalq platformalarda müxtəlif mövzuların müzakirələrini təşkil edən beyin mərkəzlərinin idarəediciləri kifayət qədər gözəl başa düşürlər ki, doğrudan da bu gün bütün münaqişələrin həllini və dünyanın yeni arxitekturasını daha yaxşı, səmərəli təşkil etmək, eyni zamanda iqtisadi və hərbi güc sahibi dövlətlərin maraqlarını təmin etmək üçün yeganə mexanizm sülhün vasitəsi ilə sağlam dialoqun təşviqidir.

Azərbaycan, Münxen Təhlükəsizlik Konfransının illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Builki Münxen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.

Münxen Təhlükəsizlik Konfransı dedikdə Azərbaycan xalqının yaddaşına həmişəlik həkk olunmuş tarix  2020-ci ilin fevral ayında Konfrans çərçivəsində keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın dövlət başçısı və Ermənistanın baş naziri arasında keçirilmiş canlı debat gəlir. Azərbaycan və Ermənistan rəhbərləri arasında tarixdə ilk və indiyə qədər yeganə canlı efir debatı olduğu üçün ona maraq da çox böyük idi.

Dövlət başçısı İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışı Azərbaycanın növbəti diplomatik uğuru oldu. Cənab İlham Əliyev 30 illik işğal dövründə Azərbaycanın yaşadığı faciələrdən, bu torpaqlarımızda törədilən vəhşiliklərdən geniş bəhs edərək Azərbaycanın bunların fonunda Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etməsini regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, Ermənistanla münasibətlərin normallaşdırılmasına, ədavət dövrünün arxada qalmasına xidmət edən addım kimi diqqətə çatdırdı. Azərbaycan iki ildən artıqdır ki, sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Ermənistanın isə 30 illik işğal dövründə olduğu kimi hazırda da bu danışıqlardan müxtəlif bəhanələrlə yayınması, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olması diqqətdən kənarda qalmır. Ermənistanın baş naziri Nikol Paşinyan plenar iclasdakı sərsəm bəyanatları, qeyri-ciddi fikirləri ilə bir daha sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirdi.

Plenar iclasda Azərbaycan, Ermənistan və Gürcüstanın rəhbərlərinin eyni zamanda bir platformada görüşmələri doğrudan da tarixi bir hadisə idi. Cənab Prezident Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan məharətlə istifadə edərək sülh gündəliyini prioritet olaraq ortaya qoydu, Ermənistan baş nazirinin qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalarını bir daha məhv etdi.

Prezident  İlham Əliyev həmişə  istər mötəbər beynəlxalq  tədbirlərdə,  istərsədə xarici və yerli media mənsubları  ilə görüşdə  konstruktiv  və ədalətli mövqe nümayiş etdirib. 44 günlük  Vətən müharibəsi ərəfəsində  də  onun ölkəmizin mövqeyini necə səbr  və təmkinlə,  ən əsası beynəlxalq  hüququn norma və prinsipləri çərçivəsində   müdafiə etməsi   İlham  Əliyevin  uzaqgörən və  böyük siyasətçi  olmağının  növbəti  təntənəsi idi. Azərbaycan xalqı  bütün varlığı ilə  Prezident  İlham Əliyevə  inanır  və etibar edir. İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizin müstəqilliyi,  tərəqqisi və inkişafı naminə  xalqımızın monalit olmasını  arzu edirəm...

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı