Bu il fevral ayının 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü baş tutmuşdur. Görüşün ardından ölkə başçısı televiziya kanallarına müsahibə vermişdir.
Cənab Prezident İlham Əliyev bu görüşdə bir çox məsələlərin müzakirə olunduğunu, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğunu və Azərbaycanın imzalanması gözlənilən sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsini əsas götürdüyünü diqqətə çatdırdı. Ölkəmizin başçısı bildirdi ki, Qarabağla bağlı Azərbaycanın mövqeyi məlumdur. İlk baxışda Ermənistanın mövqeyində kifayət qədər olmasa da, tərəqqi vardır. Üç gün bundan əvvəl Ermənistandan gələn yeni cavab təklifləri araşdırılacaqdır.
Müzakirələr zamanı Laçın-Xankəndi yolundakı vəziyyət də müzakirə olundu. Cənab Prezident İlham Əliyev 2022-ci ilin dekabr ayının 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınlarının keçdiyini və bu ittihamı rədd edərək blokadanın olmadığını diqqətə çatdırdı. Avropa İttifaqının Azərbaycanın mövqeyini anladığını bildirən ölkə başçısı müsahibəsində göstərmişdir: Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım. Eyni zamanda bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi. Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etmək üçün.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə əlaqədar fikirlərini davam etdirərək bildirmidir: Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri